3 Fevral, 2011
Xalq artisiti Rasim Balayev gileyləndi

İqor Petrenkonu 1 milyon dollara filmə dəvət edirlər, mən Cavid roluna görə 3000 manat pul almışam

“Təklif etdim ki, biz də seriallar çəkək, bu işi peşəkarlara tapşıraq, amma sözümü sayan olmadı” – bunu simsar.az saytına müsahibəsində xalq artisti Rasim Balayev dedi. Azərbaycanda kino sənətinin inkişafı üçün gərəkli vəsaitin olmadığından gileylənən aktyor, bu səbəbdən keyfiyyətli filmlərin çəkilmədiyini söylədi: “İnsanlar daha çox Türkiyə kanlallarında yayımlanan seriallara baxır. Onların günahı yoxdur. Yerli kanalların birində göstərilən “Bacanaqlar” filminə baxanda adam ət tökür. Müdaxilə etmək imkanım da yoxdur”. 

R. Balayev xarici ölkələrdə filmə çəkilməyin böyük qonorar qazandırığını bildirdi: “Bu gün Rusiyada 150-dən artıq serial çəkilib. Hərdən festivallarda Rusiyanın aktyorları ilə görüşürəm, yüksək qonorarla işlədiklərini söyləyirlər. Məşhur rus aktyoru İqor Petrenkonu 1 milyon dollara filmə dəvət edirlər, mən isə Cavid roluna görə 3000 manat pul almışam”.

Xalq artistinin spirtli içkilərin təbliğinə yönələn reklam çarxında çəkilməsi də mətbuatda birmənalı qarşılanmır. R. Balayev simsar.az saytına mövqeyini belə izah etdi: “Normal reklama çəkilməyi ayıb saymıram. Buna dünya praktikasında da rast gəlinir. Məşhur kino aktyorları həmişə reklama çəkiblər”.

Məlumat üçün deyək ki, Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin filmlərin istismarı və təbliği sektorunun müdiri Yusif Şeyxov bu il Azərbaycan filmlərinin çəkilməsinə 6 milyon manat dövlət vəsaiti ayrıldığını açıqlayıb.

Arifə MİKAYILOVA

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!