3 Fevral, 2011
Müsavat AXCP-ni otağından çıxardı

Qarşıdurma dərinləşir

Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat Partiyasının qərargahında ayrılmış bir otaq onların əlindən alınıb. Simsar.az-ın məlumatına görə, ötün gün AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər arasında qarşıdurma yaranıb. Belə ki, dünən saat 12.00-da Müsavat Partiyasının Müavinliyinin, AXCP-nin isə Rəyasət Heyətinin iclası keçirilməli imiş. Hər iki iclas Müsavatın qərargahında nəzərdə tutulub. 12 radələrində Ə. Kərimli və İ. Qəmbər eyni anda Müsavat Partiyasının qərargahı qarşısında avtomobildən düşüblər. Bu zaman İ. Qəmbər Ə. Kərimliyə “Azadlıq” qəzetində ona qarşı kampaniya aparıldığını deyib və buna son qoymağı tələb edib. İ. Qəmbər “Azadlıq” qəzetində Sülhəddin Əkbərin müsahibəsində “a” və “b” planları barədə fikirlərini nəzərdə tutub. İ. Qəmbərin xəbərdarlığından sonra tərəflər arasında kəskin dialoq yaranır. Tərəflər bir-birini sərt şəkildə ittiham edirlər. Bundan sonra Müsavat rəhbərliyi AXCP-yə dərhal Müsavat Partiyasının qərargahını tərk etmək tapşırığı verir. AXCP rəhbərliyi Rəyasət Heyətinin iclasını təxirə salır və Müsavat qərargahındakı əşyalarını da toplayaraq oranı tərk edir.

AXCP sədrinin müavini Nurəddin Məmmədli Simsar.az-ın açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqətə uyğundur. Lakin o, qərargahdan AXCP-nin öz istəyi ilə çıxdığını qeyd edib: “Bizdən asılı olmayan səbəblərə görə Müsavat Partiyasında narahatlıqlar var idi. Biz də bu narahatlıqları aradan qaldırmaq üçün həmin qərargahda toplantı keçirməkdən imtina etmişik. Bundan sonra başqa yerlərdə tədbir keçirməyə məcbur olacağıq. Müsavat rəhbərliyini narahat edən odur ki, nəyə görə “Azadlıq” qəzetində Müsavatın xətrinə dəyən yazılar dərc olunur. Amma “Azadlıq” qəzeti müstəqil bir mətbuat orqanıdır. Ona qalsa “Yeni Müsavat” qəzetində də bizim əleyhimizə kifayət qədər yazılar dərc olunur. Amma biz bunu Müsavata qarşı çevirmirik”.

Müsavat partiyasının Mərkəzi icra Aparatının rəhbəri Arif Hacılı isə məlumatları bütünlüklə təkzib edib: “AXCP müsavat Partiyasının qərargahında fəaliyyət göstərir və hətta mən öz otağımı da onlar üçün ayırmışam”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!