2 Fevral, 2011
“Gənclər günü”ndə gənc necədir...

Azərbaycanda qüvvədə olan qanunvericiliyə görə yaşı 35 yaşadək olan şəxslər gənc hesab edilirlər. 2 Fevral tarixi də elə məhz o gənclər üçündü. Ancaq sorğu keçirdiyimiz gənclər arasında bu cür düşünənlər azdı. 
Onların fikrincə, bu dəqiqə ölkədə ümumiyyətlə gənc yaşda görsənənlər də yaşlıdır. Çünki yaşayış o qədər çətindir ki, gənclər gənc kimi yaşaya bilmirlər.
2 Fevral “Gənclər günü”ndə Azərbaycan gəncinin nə fikirləşdiyini öyrənmək üçün bir neçə gəncin bu günü necə qeyd etdiklərini soruşduq. Cavablar müxtəlif olsa da, çoxları Azərbaycanda gəncliyin yaşanmadığını dedilər. Biz simsar.az saytı olaraq yalnız Bakıda, mərkəzdə yaşayan gənclərlə söhbətləşə bildik. Ancaq unutmayaq ki, əyalətlərdə, ucqar kəndlərdə də yaşayan gənclər var. Ancaq bəs görəsən onlar bu günü necə qeyd edir? Ümumiyyətlə onlar, bu günün “Gənclər günü” olduğunu bilirlərmi? Əyalətdə yaşayan gənclərimizdən bu suallara cavab almağımız mümkün olmadığından yalnız bakıda yaşayan gənclərlə danışa bildik.

“Əsl gənc olmam üçün mənə lazım olan 2 fevral deyil”
Məftunə Əlizadə:
- Mən gəncəm, bəli. Fiziki-bioloji göstəricilərə görə hələ 28 yaşım tamam olmayıb. Amma, daxili mənəviyyat və onun zənginliyinə nəzər salanda deməyə bircə söz var: Mən gənc olduğumu necə sübut edim ki, arzularımın qarşısına böyüklər, milli ideologiyanın bəzi nüansları, hətta, ailədaxili yazılmayan qanunlar sədd çəkir? Beləcə, gənc olduğumu sübut etməyə əlimdə doğum şəhadətnaməsi və orqanizmin cavanlığı haqqında şəhadətnaməm var. Əsl gənc olmam üçün mənə lazım olan 2 fevral deyil. İlin bütün günləri mənə lazımdır. Çünki, 364-ün yanında 1 heç nədir…Olmasa da olar…4 ildən bir görüşdüyümüz 29 fevral kimi…

“Bu gün problemsiz gənclərin günüdü”

Eyvaz Qocayev:
- Gənclik yalnız yaşa görə müəyyənləşməməlidir. Yaşından asılı olmayaraq, hər hansı bir insan davamlı olaraq müxtəlif istiqamətlərdə fəaliyyətdədirsə, ətrəfındakı insanların həyatında müsbət dəyişiklik yarada bilirsə, yaradıcıdırsa, o gəncdir. Yəni gənc odur ki, yenilikçi olsun, daimi olaraq axtarışda olsun, cəmiyyət üçün faydalı bir şəxs olsun. İstər yaş, istərsə də qeyd etdiyim parametrlər üzrə özümü gənc hesab edirəm.
Hər bir gənc il ərzində ən azı bir gün özü-özünə hesabat verməlidir ki, mən ötən il ərzində hansı işləri gördüm. Gənc obyektiv və subyektiv səbəblərdən hesabat verə bilmirsə və yaxud ortalıqda inkişafa doğru bir nəticə yoxdursa, o zaman biz hansı gündən danışa bilərik? Bu gün də digər günlər kimi adi bir gündür. Sadəcə olaraq “gənclər” sözü daha çox gündəmdə olur.

“Gənclərin gənc olması üçün məhz fevralın 2-ni gözləməyə ehtiyac yoxdur”

Günay Kərimova:
- Özümü gənc hesab edirəm və gəncəm də. Bu il 23 yaşım olacaq və gənc olmağıma görə də sevinirəm. Tam bir enerji ilə işləyirəm, öz üzərimdə çalışıram. Gənclər günündə yaxşıyam. Hərçənd ki, bu gün “Gənclər günü”dür, amma mənə elə gəlir ki, özümüzü gənc hesab etməyimiz üçün yalnız bir günün bizə aid olduğunu gözləməyə ehtiyac yoxdur. Bu günü sadəcə gənclər günümüzün doğum günü kimi qeyd edə bilərik. Bu günün qeyd edilməsi mənim üçün sadəcə gənc olduğumu xatırlatmaq üçün bir stimuldur. Gənclərin gənc olması üçün məhz fevralın 2-ni gözləməyə ehtiyac yoxdur. Həyat qısadı, zaman bir göz qırpımında axıb gedir, düşünmək lazımdır ki, gənc olduğumuzu dərk etmək sonra gec ola bilər. Sadəcə, ürəyiniz gənc olsun, bir gənc enerjisi ilə başlayın bütün işlərə, o zaman həqiqətən də gənc olduğunuzu dərk edəcəksiniz. Bu arada bütün gəncləri və ürəyi gənc olanları ürəkdən təbrik edirəm.

“Dovşan ilində Azərbaycanın "dovşan gəncliyi"nin günü mübarək olsun”

Rafiq Hüseyinov:
- Artıq özümü bilən andan, özümü gənc hiss etmişəm. 20 il sonra da gənc hiss edəcəm. Gənclik yenilik, yeni ruh, daim bitməyən həvəs və enerjidir. Bu məndə qaldığı müddətcə gəncəm. Bu gün bir məna daşımır, çünki bu günün heç tarixini bilmirəm və maraqlı da deyil. Bircə o yadımdadı ki, 2005-ci ildə bu günə özəl bir yazı yazmışdım, sonra yuxarıdan dedilər "agıllı ol, gəncsən otur gənc yerində". Ədiblərdən biri deyib ki, insan nə qədər təvəzökar olsa da, ildə bir dəfə təşəkkürlə mükafata ehtiyacı ola bilər. Ona görə düşünmürəm “Gənclər günü” və digər günlər mütləq olmalıdır. Əslində nəyinsə gününün olması o deməkdir ki, hələ mənəviyyat ölməyib, hər gün olmasa da, ildə bir gün kiminsə yadına düşə bilərsən. Dovşan ilində Azərbaycanın "dovşan gəncliyi"nin günü mübarək olsun.

“Özümü 23 yaşında qoca kimi hiss edirəm”

Aygün Həsənova:
- Özümü bəzən gənc hiss edirəm, bəzən isə yox. Çox vaxt yox. Gənclik nədi? Əgər gənclər bu gün müəyyən mənada öz gəcliklərini doya - doya yaşaya bilmirsə, əgər gənc 20 yaşında 40 yaşın yükünü çəkirsə, bax belə zamanlarda özümü 23 yaşında qoca kimi hiss edirəm. Gənclər günündə həmişəki kimiyəm, fərqli heç nə yoxdu. Deyinə-deyinə yuxudan durub, avtobusun basa-bas zülümündə işə gəlmişəm, gənclər günündə işdəyəm, heç bir şuur dəyişmir, dünənki gün kimidi bugün də. Sadəcə adının üstündə bir ad var. Bu gün “GƏNCLƏR GÜNÜDÜ”. Mən deyərdim ki, bəlkə də heç fərq etmir gəncər üçün bugün var, ya yoxdu. Gənclərə dəstək lazımdı, dayağ lazımdı. Hər günə bir ad goyub bayram etməklə gənclərə dəstək olunmur, gəncləri sabaha ümidləndirmək laızmdı.


“Gənclər günü həyatımda heç nəyi dəyişmir, adi günlərdən biridir”

Əli Əlioğlu:
- Əlbəttə özümü gənc hesab edirəm. Heç kəsin gənc olduğunu göstərməsinə ehtiyac yoxdur. Gənclik elə bir şeydir ki, o, özü-özünü göstərir. Günlər adamların həyatında heç nəyi dəyişmir. Adamlar öz həyatlarını dəyişirlər. Mən həmişə gəncliyin və gənc yaşamağın tərəfdarı olmuşam. Gənclik onsuz da maraqlıdır, xüsusən də yaradıcı bir gəncin həyatı... Məncə bundan istifadə eləmək lazımdır.

“Bu gün gənclər günü olduğunu hiss etmirəm, yalnız təqvim üzərindədir”

Könül Ümid:
- Özümü müəyyən dərəcədə həm gənc hiss edirəm, həm də yox. Çünki istədiyim aktiv şəraitli həyat tərzini keçirdə bilmirəm. Səbəb vaxtından tez problemlərlər yüklənməyimdi. Yəni indiki vəziyyət elədir ki, insanlar lazım olan yerdə deyillər. Təhsil almaq əvəzinə ailələrinə yardım etmək üçün işləyirlər. Dogrusu bu gün “Gənclər günü” olduğunu hiss etmirəm, yalnız təqvim üzərindədir. “Gənclər günü” gənclərin problemləri müzakirə edilib həll olunmursa, o zaman bu günün heç bir əhəmiyyəti yoxdur.

“Bu gün həm də özümü gümrah, etibarlı və təhlükəsiz hiss edirəm”

Farid Sahbazli:
- Özümü həm fiziki, həm də mənəvi baxımdan kifayət qədər gənc hesab edirəm. Gəncliyim özünü həyatımın müxtəlif məqamlarında göstərir. Proseslərə operativ reaksiya verməyim, gün ərzində ən azı beş yerə "bölünməyim" və onlarla gənci maraqlandırıb ətrafımda yığa bilməyim bu qəbildəndir. Situatsiyaya uyğun olaraq gəncliyə xas digər xüsusiyyətlərimin də mövcudluğuna inanıram. "Gənclər günü"nü ölkə gəncliyinin birlik və həmrəyliyinin rəmzi kimi qəbul edirəm. Hesab edirəm ki, əsası ümummilli lider tərəfindən qoyulan Gənclər gününün keçirilməsi lazımlıdır və zəruridir. Bu gün həm də özümü gümrah, etibarlı və təhlükəsiz hiss edirəm.

“Çəkdiyim rəsmlərlə gənc olduğumu daha yaxşı göstərirəm”

Çinarə Süleyhmanlı:
- Özümü gənc hesab edirem. Çəkdiyim rəsmlərlə gənc olduğumu daha yaxşı göstərirəm. Bu gün mənim həyatımda heç bir şeyi dəyişmir. Əvvəl necə idimsə, indi də eləyəm. Yaxşı ki bu gənclər günü var.Yalandan da olsa gənclər toplanır, söhbət edirlər. Mən çox iştirak eləmişəm bu cür tədbirlərdə. Hər bir gənc danışır, tərifləyir, tərifləyir gedir. Sanki gənclərimizin, gəncliyimizin problemi yoxdur. Bir nəfər gənc çıxıb demir ki, bizim belə problemimiz var. Biri çıxıb demir ki, təklif edirik ki, tələbələrin gediş haqqı pulsuz olsun. Biri şikayət eləmir.

“Gənclər sovetin yetişdirdiyi nəsildən daxili azadlıq baxımıdan çox da fərqlənmir”

Vugar Baba:
- Bioloji cəhətdən və ölkə qanunlarına görə gəncəm. Düşüncələrim, ideyalarım, arzularım da gənc olduğumu deyir. Amma beynimdəkilərin və ürəyimdəkilərin çox hissəsini həyata keçirmədiyim üçün gənc deyiləm. Ətrafım və ümumi ölkə cəmiyyəti buna mane olur. Stereotiplər gəncliyimi yaşamağa qoymur. Və mən tək bu stereotiplərə qarşı çıxdıqca, türklər demiş “yıpranıram”. Gənclər günü”ndə qoca kimiyəm. Bu günün mənim üçün xüsusi mənası yoxdu. Birincisi, ölkə vətəndaşlarının hər birinin ümumi problemi (sosial, iqtisadi, siyasi və s.) gənclərin də problemidi. Bir-bir bunları sadalamayaq. Həddən artıq çoxdu. Sırf gənclərlə bağlı problemlər də elə ümumi problemlər qədər çoxdur. Əsas problemlər azadlıqla bağlıdı. Şəxsi azadlıq. Biz gənclər təssüf ki, sovetin yetişdirdiyi nəsildən daxili azadlıq baxımıdan çox da fərqlənmirik.

“Hazırki həyat şərtləri gənclərə gənc olduqlarını hiss etdirmir”

Ulviyyə Ismət :
- Özümü gənc hesab edirəm. Gənc olduğumu yaşımla göstərə bilərəm ilk öncə. Daha sonra dinamikliyim, həyat sevərliyim... Əslində heç özüm də bilmirəm tam olaraq gencliyimi yasayırammı? Çünki hazırki həyat şərtləri gənclərə gənc olduqlarını hiss etdirmir. Pul qazanmaq, ailə qurmaq, iş qurmaq böyük problemə çevrilib. Indiki gənclərin yarısı dini təriqətlərə, yarısı siyasi bloklara, yarısı da ticarətə qoşulur. Əslində insan hansı sahədə olursa-olsun özünü tapmalıdır. Hazırki zamanda təhsil almaq, xarici dil öyrənmək məcburiyyətə çevrilib. Əslində qınanılası da deyil, amma vəziyyəti dəyişmə potensialını özündə görən hər bir gənc inkişaf edə bilər.

“Azərbaycan gənci kimi qayğılar, probləmlər məni də erkən yaşlarda tapıb”

Elvin Bakiroglu:
- Özümü gənc hesab edirəm ancaq həmişə yox. Çox Azərbaycan gənci kimi qayğılar, problemlər məni də erkən yaşlarda tapıb. Bəzən ümumiyyətlə unuduram gənc olduğumu. 50 yaşında adam da özünü gənc hesab edə bilər. Mənim üçün “Gənclər günü” adi bir gündü. Olmasa heç bir şey dəyişməz.
“Biz - Gənclik varıq, yaşayırıq, yaradırıq və varlığımızı bayram edirik”

Leyli Əlizadə:
- Mən gəncəm və gəncliyimi aktiv həyat tərzimlə, sağlam düşüncələrimlə, müasir yanaşmalarımla, irəliyə addımlarımla, prinsiplərimlə sübut edirəm. “Gənclər günü”ndə çox sevincliyəm. Biz –Gənclik varıq, yaşayırıq, yaradırıq və varlığımızı bayram edirik. Yaşasın Gənclik.

Azərbaycan gənci yad mentalitetlə sosiallaşır, yalançı siyasətlə siyasiləşir, çirkin mühitdə həyat fəlsəfəsi qavrıyır və az hallarda kamilləşir”

Elçin Nəsib:
- Yaşım, həyatda etməli olduqlarım və edəcəyimi plandıqlarım etibarı ilə bəli özümü gənc hesab edirəm və gəncəm. İnsanların həyat fəlsəfəsi və tərzi dəyişikdir. Gənc olduğunu göstərə bilmək üçün yalnız gəncliyin məsuliyyətini də anlamaq lazımdır. Bir gənc nə edər ki, faydalı olsun, nə edər ki əməli nümunə olsun. Bir gənc oxuyar, öyrənər və öyrədər. “Gənclər günü”ndə həmişəki kimiyəm. Necə ki, digər “əlamətdar” günlərdə olduğu kimi. Deyəsən bizlər bir hala, hadisəyə və fikrə əlamətdarlıq qazandırmaq üçün onun məsuliyyətini və əhəmiyyətini dərk etmədən bu qərara gəlirik. Həmin tarixi də əlamətdar yox hardasa “əlaməti dar” gün halına gətiririk. Ki, həmin gün daha sonra bizim üçün sadəcə 10-12 saat müddətində aktual olur. Bu gün “əlamətdar” gənclər günüdür.

“Təəsüf ki bu günkü gənclik cəmiyyətdə nəyisə dəyişmək iqtidarında deyil
Sexavet Sahil:
-Özümü gənc hesab edirəm və bunu həm yaşım, həm də əhvalım təstiq edir. Kiçik üzüntüləri nəzərə almasam mən demək olar ki, hər zaman yaxşı görünməyə çalışıram. Hesab edirəm ki, gənclik əsasən yaşla bağlı olsa da, insanın daha cox əhval-ruhiyyəsindən asılıdır. Gənclər günündə çox yaxşıyam və özümü əla hiss edirəm. Mənim üçün həyat hansısa bir ümumu gündən aslı olaraq dəyişmir. Və daha çox azad insan olduğumdan həyatımı özüm dəyişirəm. Öz zövqümə yaşayan adamam. 2 fevral isə ən azından gənc olduğumuzu yadımıza salır. Təəsüf ki bu günkü gənclik cəmiyyətdə nəyisə dəyişmək iqtidarında deyil. Problemlərini də həll edə bilmirlər.

Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!