1 Fevral, 2011
ƏLİ ƏHMƏDOV: “TUNİS və MİSİRDƏKİNƏ BƏNZƏR HADİSƏ PROQNOZLAŞDIRMIRIQ”

“Azərbaycanda ictimai-siyasi sabitlik var. Biz Azərbaycanda hər hansı bir formada Tunis və Misirdəkinə bənzər hadisə proqnozlaşdırmırıq. Bunun üçün hər hansı əsas görmürük”. Fevralın 1-də jurnalistlərə danışan deputat, YAP icra katibi Əli Əhmədov belə deyib.

Əli Əhmədov qeyd edib ki, istər ölkə daxilində, istər ölkədən kənarda olan bəzi qüvvələr Azərbaycanda sabitliyin pozulmasını arzulaya bilər: “Ancaq qəti şəkildə bildirmək istəyirəm ki, nə daxildəki, nə də kənardakı qüvvələrin sabitliyi pozmaq imkanları var. Ola bilsin, istəkləri var, amma mən bunu xəyallar sferasına aid edirəm”. 

ABŞ və Böyük Britaniya səfirliklərinin öz ölkələrinin Azərbaycandakı vətəndaşlarına terror təhlükəsizliyi ilə bağlı xəbərdarlığına da münasibət bildirən Əli Əhmədov deyib ki, o, diplomatik korpusların xəbərdarlıqda nəyə istinad etməsindən xəbərsizdir: “Bu xəbərdarlığı yayanlardan nəyə, hansı əsaslara istinad etdiyini soruşmaq lazımdır. Kimlərinsə Azərbaycanda ictimai-siyasi sabitliyi laxtlatmaq cəhdləri mövcud ola bilər, amma açıq şəkildə bildirmək istəyirəm ki, nə ölkə vətəndaşları üçün, nə də Azərbaycanın qonaqları üçün hər hansı bir təhlükə mövcuddur. Azərbaycandakı sabitlikdən həm ölkə vətəndaşları, həm də əcnəbi insanlar faydalanır. Bundan sonra da ölkədəki sabitliyə, onun daha da möhkəmlənməsinə çalışmalıyıq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!