1 Fevral, 2011
Müğənni Rüfət Mehdiyev 42 yaşında vəfat edib

“Elə iynə vurulan vaxt dünyasını dəyişdi”

Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehdiyev bu gecə saat 03:00 radələrində 42 yaşında qəflətən dünyasını dəyişib. Ailəsindən Simsar.az-a verilən məlumata görə, müğənni “Komedy club” verilişinə baxdığı zaman qəflətən halı dəyişib, təzyiqi qalxıb: “Heç nəyi yox idi, verilişə baxıb deyib-gülürdü. Birdən vəziyyəti dəyişdi. Təcili yardım çağırdıq. İynə vurdular. Elə iynə vurulan vaxt “daha da pisləşdim” - dedi. Həmin anda dünyasını dəyişdi”.


Ailəsindən bildiriblər ki, mərhumla vida mərasimi öz evində olacaq. O, bu gün saat 15:00-da Nizami rayonu ərazisindəki qəbiristanlıqda torpağa tapşırılacaq.


Qeyd edək ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğuldur. 1992-ci ildən müğənnilik edir.

Mərhumun 10 yaşlı oğlu və 7 yaşlı qızı var.

Allah rəhmət eləsin!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!