31 Yanvar, 2011
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 127-ci ildönümüdür. M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada «İrane-nou» qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra «Müsavat» partiyası mərkəzi komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-i bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M.Ə.Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Azərbaycanın bir qrup müxalifət partiyasının üzvləri M. Ə. Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!