29 Yanvar, 2011
Qəbələnin Vəndam qəsəbəsinə ilk dəfə təbii qaz verilib

Qəbələ rayonunun Vəndam qəsəbəsinə ilk dəfə təbii qaz verilib.

Bu münasibətlə yanvarın 29-da keçirilən tədbirdə Milli Məclisin deputatı Fəttah Heydərov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Vəndam qəsəbəsinin qazlaşdırılması məqsədilə ilkin mərhələdə 12 min metr uzunluğunda magistral daşıyıcı qaz kəməri və yaşayış məntəqəsinin daxilində 16 min metr uzunluğunda küçə xətləri inşa edilib, 120 evə qaz sayğacları quraşdırılıb və əhali mavi yanacaqla təmin edilib. Cari ilin aprel ayınadək qəsəbənin qazlaşdırılması proqramının ikinci mərhələsi başa çatdırılacaq və qəsəbənin bütün sakinləri təbii qazla tam təmin olunacaqdır.

Çıxışlarda qeyd olunub ki, “Azəriqaz” İB tərəfindən son aylarda ilk dəfə olaraq Vəndam qəsəbəsinə və ətrafdakı 8 kəndə 12 kilometr, Bum qəsəbəsinə və ətraf kəndlərə 2 kilometr, Nic qəsəbəsinə və ətrafdakı kəndlərə 1.8 kilometr uzunluğunda magistral qaz kəməri çəkilib.

Sonra təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!