23 May, 2013
Krımda Türkdilli xalqların konfransı olacaq

Krımda Ukraynada yaşayan Türkdilli xalqların I beynəlxalq konfransı keçiriləcək

Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) bildiriblər ki, bu barədə qərar Kiyevdə “Ukraynada türk faktoru: yerli xalqlar nə istəyir?” mövzusunda keçirilən dəyirmi masada qəbul olunub.
UAK sədri Rövşən Tağıyev bildirib ki, Ukraynada yaşayan Türkdilli xalqlar bu ölkənin tam səlahiyyətli vətəndaşıdır, onlar ölkənin iqtisadi, siyasi və mədəni həyatında aktiv rol oynayırlar.
Onun sözlərinə görə, Krımda keçiriləcək beynəlxalq konfrans mədəni və milli inkişaf, konstitusiya islahatlarında, ölkənin ictimai və siyasi həyatında aktiv iştirak məsələlərinə həsr olunacaq.

Ukrayna Vətəndaş Konstitusiya Konqresinin sədri Yuri Zbitnev isə dəyirmi masada deyib ki, Azərbaycan və Türkiyənin də təmsil olunduğu Türkdilli Ölkələrin Parlament Assambleyası da konfransın işində müşahidəçi kimi iştirak edəcək. Ukrayna Vətəndaş Konstitusiya Konqresinin üzvü Timur Masautov bildirib ki, əsas diqqət Türkdilli ölkələrlə münasibətlərə və milli humanitar layihələrə yönələcək. Onun sözlərinə görə, Ukraynada bu gün türkdilli xalqların bir milyondan çox nümayəndəsi yaşayır.

Qeyd edək ki, konfransda ictimai xadimlərin, ekspertlərin, türkdilli xalqların nümayəndələrinin də iştirak edəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!