21 May, 2013
Atatürk irsi anılacaq

.

“Türk Dünyası İnfo” İctimai Birliyi (TDİB) “Mustafa Kamal Atatürkün Azərbaycan siyasəti haqqında tədqiqatlar və nəşrlər” mövzusunda layihənin icrasına başlayıb.
İctimai Birliyin sədri Dəyanət Osmanlı bildirib ki, layihə əsasən orta və ali təhsil müəssisələrində oxuyan yeniyetmə və gənclərə ünvanlanıb.
Onun sözlərinə görə, bu layihə çərçivəsində Türk Dünyasının böyük oğlu – Türkiyə Cümhuriyyətinin banisi Qazi Mustafa Kamal Atatürkün Azərbaycanla bağlı yürütmüş olduğu siyasətin əsas mahiyyətini sərgiləyən rəsmi fikir və düşüncələri, yazışmaları və digər münasibətləri əks etdirən materiallar araşdırılır və tarixi, siyasi xarakterli toplu hazırlanır. Eyni zamanda, bu layihə ilə tarixi faktları, konkret olaraq çağdaş Türkiyəni quran, ilk və ən çətin illərində yönəldən Mustafa Kamal Atatürkün Cümhuriyyət quruculuğu dövrlərində Azərbaycana yönəlik siyasətinin əsas məqamlarını yığcam şəkildə gənc nəslə, ümumən geniş oxucu kütləsinə çatdırmağı nəzərdə tutulur.

Layihənin gedişi və kitabın materialları KİV-lərdə geniş işıqlandırılmaqla, mövzu üzrə virtual müzakirələr aparılacaq deyən QHT sədri hazırda dörd ay müddətinə həyata keçiriləcək layihənin icrası məqsədilə uyğun materiallar üzərində iş aparıldığını bildirib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilir.

Aysel Kərimova 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!