21 May, 2013
REKLAMLARIN BƏRBAD DİLİ – ARAŞDIRMA

Reklamçılar İttifaqının sədri: “Tərcümə zamanı Azərbaycan dilinin qaydalarına əməl olunmur”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Nizami Cəfərov: “Reklamlarda daha çox millilik, milli xüsusiyyət, milli təqdimat çatmır”.

Azərbaycanda reklam ötən əsrin 90-cı illərindən yaranmağa başlayıb və insanlar illərlə informasiya qıtlığında yaşadıqları üçün reklamlar onlar üçün bir növ “qida” mənbəyi rolunu oynayıb. Həmin dövrdə reklamda səslənənlər hətta dillər əzbərinə çevrilirdi. Küçələrə vurulmuş reklam lövhələri isə diqqətlə izlənirdi. Sonralar məlumat mənbələrinin sayı artdıqca insanlar daha az reklamları yadda saxlamağa və nəzər yetirməyə başladı. Əvvəllər televiziya, qəzet və radio mənbələri var idisə, indi küçədə hər addımbaşı yerləşdirilmiş bilbordlar, internetdə bannerlər, magazalarda asılan plakatlar, evlərə və hətta ofislərimizə göndərilən kitabçalardan, belə demək mümkünsə, təngə gəlirik. Bizim üçün yeni olan reklamlar bu və ya digər dərəcədə bazarı formalaşdırmaq ənənələri ilə yaranıb. Ancaq hazırkı dövrdə istehlakçılar reklamlardan narazılıqlarını bildirirlər.

Sadə vətəndaş Yasəmən xanım reklamlara nifrət edir. Bunun səbəbini isə belə izah edir: “Mən reklamlara nifrət edirəm, mənası olmayan sözlərin işlənməsi çox yorucudur. “Hara? Oppalara...” bu sozün nə məna kəsb elədiyini heç özüm də başa düşə bilmirəm. Məndən soruşan nəvəmə necə başa salım nə demək olduğunu? Bir sözlə reklamlar şeytana qulluq edir, şeytanın arxasında dayanan isə biznesdir. Hər-halda mən nəyi ala biləcəyimi başa düşürəm. Reklamlarda “al-al” sözlərinin işlənməsi insanın əsəblərinə toxunur. Qızım bizim vaxtımızda reklamlara çox ehtiyatla yanaşırdılar. Bir növ elan xarakterli olurdu. İndiki kimi camaata göstəriş verilmirdi”.

Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev də reklamların dilinin uğurlu olmadığını deyir. “Reklamın dili uğurlu və ürəkaçan deyil. Çünki reklamlar ölkəyə xaricdən gəlir və onlar dublyaj edilərkən ciddi dil fərqi ortaya çıxır. Tərcümə zamanı Azərbaycan dilinin qaydalarına əməl olunmur. Məsələn,”bizimlə keyfə baxın” bunu necə başa düşmək olar? Sözün quruluşu düzgün deyil. Sırf xarici mənbədən alınan reklamların üzərində adi tərcüməçi çalışır və qeyri-peşəkar iş ortaya çıxır...
Xarici mənbədən reklam alınarkən həmin ölkənin reklamçıları ilə müəyyən olunmuş ödəmə şərtləri daxilində danışıqlar aparılmalıdır. Çünki onun reklamı başqa ölkədə tanıdılır, reklam şirkəti yeni auditoriya qazanır. Təəsüf ki, bizim ölkədə bu danışıqlar aparılmır. Nəticədə də uğursuz iş ortaya çıxır”.

Hacıəmi Atakişiyev küçə reklamlarının da dilində problemlər olduğunu, sahibkarların istehlakçıları nəzərə almadıqlarını deyir. “Sahibkarın mağazaya verdiyi ad istehlakçının başa düşəcəyi formada olmur. Çox vaxt insanlar yazını anlamadığı üçün o mağazalara girmirlər nəticədə isə uduzan istehsalçı olur. Reklam agentliklərinin tapşırığı əsasında hazırlanan reklamların dili daha bərbaddır”.

Reklamçılar İittifaqının sədri problemin aradan qalxması üçün yeni kadrların hazırlanmasını və koorperator məktəbinin yaradılmasının vacib olduğunu bildirir. “Reklamın dili ilə bağlı problemin həll yolu təhsil sistemində kadrların hazırlanması və koorperator məktəbini yaratmaqdır. Koorperator reklam səhəsində tam ixtisaslaşmış kadrlardır, həm jurnalist həm dilçi həm də dizaynerdir. Amma olduqca bahalıdır.Reklam dizaynı ilə dili vəhdət təşkil edərsə, problem bir qədər azalmış olar.

Azad İsteklakçılar Birliyinin sədri Eyyub Hüseynov da reklamların dilindən narazıdır. “Azərbaycanın reklam bazarında reklamların dilində böyük problem yaşanır. Reklamların 30%-iistehlakçıların başa düşmədiyi və çaşdırıcı dildədir. Reklam, istehlakçıların başa düşmədiyi formada yazılır. Malların üzərinə vurulan etiketlərin 50%-i isteklakçıya düzgün məlumat vermir. Dövlət dili haqqında qanunda da qeyd olunub ki, malların etiketlərində olan məlumatlar xarici dillə yanaşı milli dildə də olmalıdır. Məhsulların 50%-i idxal olunur həmin ərzaqlar haqqında istehlakçıya doğru məlumat verilmir. Xüsusən körpə qidalarında, ümumi həcmi kiçik olan mallarda düzgün informasiya olmur. Nazirlər Kabinetinin 343 saylı qərarında qeyd olunub ki, məcburi sertifikatlaşdırılmalı olan malların sertifikatlaşdırılmamış reklamı qadağandır. İstehlakçılar reklam olunmuş məhsulun keyfiyyətsiz olduğunu görəndə isə onlarda reklama qarşı ikrah hissi yaranır. Nəticədə Azərbaycanda reklam bazarı ölür, ölməyə də məhkumdur. Artıq nə reklam, nə də reklam qoyulmuş xərc isteklakçını diqqətini çəkir”.

Ekspert qeyd edir ki,yaxın günlərdə Prezidentin dövlət dili haqqında imzaladığı qanunda reklam dilinin qanuna uyğunlaşdırılması məsələsi öz əksini tapmışdır. “Hazırda Azad İstehlakçılar Birliyinin də təklifləri nəzərə alınmaqla reklam haqqında qərar qəbul olunub. Düşünürəm ki, bu qanun qüvvəyə mindikdən sonra həm reklamların dilində olan problem aradan qalxacaq, həm də reklam bazarı güclənəcək”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Nizami Cəfərov deyir ki, əslində reklamların dili əvvəlki illərlə müqayisədə o qədər də bərbad deyil. “Reklamlarda daha çox millilik, milli xüsusiyyət, milli təqdimat çatmır. Tərcümələr düzgün aparılmır. Amma düşünürəm ki, yaxın gələcəkdə reklamların dili ilə bağlı problem aradan qalxacaq”.

Dilçi alim Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul olunan qanun layihəsinin reklamlarla bağlı problemin aradan qalxacağını bildirir. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət proqramı təsdiq olunub. Qanuna səhv yazılmış sözlərlə bağlı maddə əlavə olunub. Həmin maddəyə uyğun qaynar xətt yaradılacaq. Artıq hər bir vətəndaş şəhər, küçə adlarından reklamlara qədər, harada yanlışlıq görsələr, qaynar xəttə müraciət edəcəklər.

Nazirlər Kabineti yaxın günlərdə qaynar xəttin kim tərəfindən icra olunmasını müəyyənləşdirəcək. Hər bir nazirlikdə, icra hakimiyyətlərində məntəqə yaradılacaq. Vətəndaşın müraciəti daxili orqanlara göndəriləcək və həqiqətən reklam qüsurludursa, bu qüsur aradan qaldırılacaq.


Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!