28 Yanvar, 2011
Ramiz Rzayev: “Milli məhkəmələr öz vətəndaşlarının hüquqlarını elə qorumalıdırlar ki, Avropa Məhkəməsinə göndərilən işlərin sayı azalsın”

“Azərbaycan Avropa Şurasının üzvüdür. Bizim təşkilata üzvlüyümüzün 10 ili tamam oldu. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasındayıq.

Təbii ki, məhkəmənin təcrübəsi bizim üçün çox önəmlidir. Çünki biz Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuşuq. Biz bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu mükəmməl öyrənirik. Azərbaycan prezidentin bununla bağlı sərəncamı da var. Presidentlərin öyrənilməsi və tətbiq edilməsi məhkəmələrimizə tövsiyə edilib”. APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Strasburqda jurnalistlərə açıqlamasında Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev bildirib. Azərbaycanda yerli məhkəmələrə Avropa Məhkəməsinin presedentlərini öyrənilməsi ilə bağlı tövsiyə verdiklərini qeyd edən R. Rzayev bu sahədə bir sıra tədbirlərin keçirildiyini də deyib: “Ən əsası odur ki, altı ildən çoxdur hər həftənin ikinci günü Ali Məhkəmədə bununla bağlı seminarlar keçirilir. Bu sahədə biz Avropa Məhkəməsinin hakimləri ilə də sıx əlaqələr saxlayırıq, onları Bakıya dəvət edirik ki, gəlib konfranslar keçirsinlər və bizim üçün maraqlı məsələlər barədə fikir mübadiləsi aparsınlar. Bu yaxınlarda Azərbaycanda parlament seçkiləri öncəsi də belə bir konfrans keçirildi. Bu il də belə əlaqələr yaratmağı nəzərdə tuturuq. Bu bizim üçün çox önəmlidir”.

Avropa Məhkəməsində 2011-ci ilin açılışı ilə bağlı bu gün keçirilən tədbir barədə danışan R. Rzayev deyib ki, toplantıda şuraya üzv ölkələrinin nümayəndələri iştirak edirlər və bu iclasın mövzusu da Avropa İnsan Hüquqları Konvensiyasının şərhinin hüdudları ilə bağlıdır: “Yəni “bu hüdudlar hara qədər ola bilər” sualı ətrafında müzakirələr aparılır”.

Ali Məhkəmə sədri deyib ki, Avropa İnsan Hüquqları Konvensiyası Azərbaycanda Konstitusiya istisna olmaqla, bütün qanunlarımızdan üstündür: “Ona görə də biz bütün bu qanunları öyrənməli və tətbiq etməliyik. Çünki bu hər bir halda bizim vətəndaşların, insanların hüquqlarının qorunmasına xidmət edir. Avropa Məhkəməsində yüz minlərlə işlər var və bunların öhdəsindən gəlmək çox çətindir. Ona görə də ölkələrin milli məhkəmələri öz vətəndaşlarının hüquqlarını elə mükəmməl qorumalıdırlar ki, bura gələn işlərin sayı azalsın. Təbii ki, bütün məhkəmələrin, istər Avropa Məhkəməsi, istər daxili məhkəmələrin məqsədi vətəndaşların pozulmuş hüquqlarını bərpa etməkdir. Biz nə qədər bunu mükəmməl etsək, vətəndaşlarımız üçün bir o qədər də yaxşıdır. Bunun üçün də bizim Avropa Məhkəməsi ilə çox yaxşı təmaslarımız var”.

Avropa Məhkəməsində aparılan islahatlarla bağlı Avropa Şurasının aprel ayında Türkiyənin İzmir şəhərində təşkil edəcəyi konfransda Azərbaycandan kimin iştirak edəcəyi haqda suala cavab verən Ali Məhkəmə sədri, bu toplantıya üzv ölkələrin ədliyyə nazirlərinin dəvət olunduğunu deyib. O qeyd edib ki, tədbirdə Azərbaycandan ədliyyə naziri Fikirət Məmmədovun iştirak edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!