28 Yanvar, 2011
“Simsar” Teatr Studiyasının ilk tamaşası gerçəkləşdi

"VAQA" -nı tamaşaçılar alqışlarla qarşıladı

Dünən “Simsar” Teatr Studiyası ilk tamaşasını təqdim etdi. Qeyd edək ki, teatr studiyanın bəddi rəhbəri əməkdar artist Pərviz Məmmədrzayev, direktoru İradə Nurəddinqızıdır. İnsanı idarə edən kiçik taxta parçaları anlamını verən, “Vaqa” adlı səhnə əsəri Gənc Tamaşaçılar Teatrında nümayiş olundu. 
Dörd hissədən ibarət tamaşa pantamim janrında qurulusa da modern, plastika, musiqi və rəqsi özündə birləşdirir. Rolları Pərviz Məmmədrzayev, Qurban Məsimov və Səbinə Məmmədzadə ifa edirlər. Mətnləri isə teatr-studiyanın gənc aktyoru Nicat Həbibzadə səsləndirirdi. Tamaşanın quruluşçu rejissorları Pərviz Məmmədrızayev və Qurban Məsimovdur.
Tamaşanın birinci hissəsində öz sənətini ifa etməyə çalışan skripkaçının savaşı canlandırılır. Sanki, başqa qüvvələr tərəfində idarə edilən skripkaçı, müstəqil olmaq üçün mübarizə aparır. Yaşamaq, yaratmaq istəyi onun əsarətdən qurtulması ilə nəticələnir. Artıq idarə olnumağa öyrəşən insan azad olandan sonra öz ayaqları üzərində dayanmaq üçün xeyli cəhd edir və sonda istəyinə çatır.
İkinci, üçüncü səhnəciklər gülməli məqamları ilə yadda qalır. Satirik çalarlarla əslində bugünün problemləri təsvir olunur.
“Bir gün olar, vurularsan, güvənərsən və aldanarsan” – bu tamaşanın son səhnəciyində öz əksini tapır.
“Simsar” Teatr Studiyasının bədii rəhbəri Pərviz Məmmədrzayev tamaşanın teatr kollektivinin hazırladıqları kiçik pyeslər əsasında ərsəyə gəldiyini bildirib: “Bu bizim öz axtarışlarımızdan, əvvəlki təcrübədən istifadə edərək yeni yollar tapmaq istəyimizidən yarandı. Müəyyən bir qəlibə salmamaq üçün tamaşaya qarışıq quruluş verdik”.
Məşqləri 2010-cu ilin sentyabrından başlayan səhnə əsərinin premyerasını dəvətlilər izləyib.
Qeyd edək ki, teatr studiya 2010-cu il, mayın 10-dan fəaliyyətə başalayıb.
Arifə Mikayılova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!