28 Yanvar, 2011
"Biz siyasi və iqtisadi islahatlar sahəsində daha çox çalışmalıyıq"

Son 15 il ərzində Azərbaycana 95 milyard ABŞ dolları məbləğində sərmayə yatırılıb.

Prezident İlham Əliyev yanvarın 27-də Davosda keçirilən 41-ci Dünya İqtisadi Forumu çərçivəsində Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə nahar mərasimində çıxış edib. (AzərTAc).
Azərbaycanın coğrafi mövqeyinin çox əlverişli olduğunu deyən İ.Əliyev bildirib ki, Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadakı tərəfdaşları ilə bir çox məsələlərlə bağlı sıx işləyir. “Biz enerji və nəqliyyat sahəsində çalışırıq”.

“Nəhəng qaz yataqları aşkar etmişik”

“Hazırda biz Şərq-Qərb, Şimal-Cənub daşıma dəhlizləri sahəsində işləyirik. Türkiyə ilə Azərbaycan arasında olan dəmir yolu xətti sırf iki ölkəni birləşdirən xətt deyil, əslində bu, Avropa ilə Asiya arasındakı bağlantıdır. Çünki həmin dəmir yolu Çindən başlayıb Avropaya qədər gedəcək. Bu, yeni etibarlı nativlərin yaranmasına imkan verəcək və bütün tərəflər üçün faydalı, səmərəli marşrut olacaq”.

Dövlət başçısı Azərbaycan neft ölkəsi kimi tanındığını xatırladaraq dünyada ilk dəfə neftin XIX əsrdə məhz Azərbaycanda hasil edildiyini vurğulayıb. “Bu gün biz bir sıra mühüm şaxələndirmə layihələri üzərində işləyirik. Bizim enerji daşıyıcılarını beynəlxalq bazarlara nəql edən 3 neft və 4 qaz boru kəmərimiz var. Biz nəhəng qaz yataqlarını aşkar etmişik. Onlar bizə böyük qaz ixracatçısı olmağa imkan verir. Hazırda biz təbii qazı qonşu ölkələrə ixrac edirik. Hasilatın artırılması və yeni bazarların tapılması ilə bağlı böyük planlarımız var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir və bu həcm İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı sədrinin qeyd etdiyi kimi, bizim üçün 100 ildən artıq müddətə kifayətdir”.

Prezident vurğulayıb ki, Azərbaycanın şaxələndirilmiş müasir daşıma infrastrukturu var: “Hazırda üzərində çalışdığımız məsələ yeni bazarların müəyyən edilməsidir. Əslində, biz həmin bazarların yerləşdiyi yeri bilirik. Lakin bu layihənin qarşılıqlı faydalı olması üçün biz hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqlarını bir araya gətirməliyik. Enerji resursları təbii ki, bizdə əlavə əminlik yaradır. Bunlar qeyri-neft sektoruna sərmayə qoymaq imkanı yaradır və biz bu işi uğurla aparırıq. İqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi bizim əsas məqsədimizdir”.

“Enerji sektoru çox sayda iş yeri yaratmır”

Prezident qeyd edib ki, Azərbaycanın iqtisadi artımı çox sürətli olub.
“Son yeddi il ərzində ÜDM 2,8 dəfə artıb. Bu, təqribən 300 faiz təşkil edir. 2009-cu ildə böhranın baş verdiyi və neftin qiymətinin 4 dəfə düşdüyü halda, iqtisadiyyatımız 9,3 faiz, ötən il isə 5 faiz artıb. Hazırda artım əvvəlki illərdəki kimi o qədər böyük deyil, lakin davamlıdır. ÜDM-in strukturu çoxşaxəlidir və daha cəlbedicidir. Söyləyə biləcəyimiz nailiyyətlərimizdən biri də yoxsulluğun azaldılmasıdır. Bu, birbaşa iqtisadi islahatlarımızla bağlı idi. Çünki enerji sektoru çox sayda iş yeri yaratmır. Buna görə də vəsaitlərin neft sektorundan qeyri-neft sektoruna yönəldilməsi iqtisadiyyatımızı müəyyən dərəcədə şaxələndirməyə imkan yaratdı və yeddi il bundan əvvəl mövcud olmuş 49 faizlik yoxsulluğun 9 faizə qədər endirilməsini mümkün etdi. Bu rəqəm gələn illər ərzində daha da aşağı olacaq”, - deyə İlham Əliyev vurğulayıb.

O, təhsil sahəsinə böyük sərmayələr yatırıldığını da bildirib: “Rəqabətə davamlılıq baxımından Azərbaycan iqtisadiyyatını Dünya İqtisadi Forumu yüksək qiymətləndirir. Hazırda biz uğurlu və davamlı gələcəyi təmin edəcək iqtisadiyyatın sektorları üzərində çalışırıq. Biz gələcəyimizi regionda yaxşı mövqeyə və qonşularla yaxşı münasibətlərə, o cümlədən Avropa ilə strateji əlaqələrə malik olduqca dinamik və inkişaf etmiş ölkə kimi görürük”.

Prezident xatırladıb ki, Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına qoşulub. “Biz avropalı tərəfdaşlarımızla həyatımızın bütün sahələrini əhatə edən bu proqramın reallaşdırılması üzərində işləyirik. Biz iqtisadi və siyasi islahatları paralel şəkildə aparırıq. Ölkəni müasirləşdirmək, davamlı iqtisadiyyat qurmaq və güclü siyasi sistem yaratmaq üçün əlbəttə ki, biz siyasi və iqtisadi islahatlar sahəsində daha çox çalışmalıyıq”, - o deyib.

“Biz daxildə və xaricdə əmin-amanlıq istəyirik”

Bu il Azərbaycan müstəqilliyimizin 20 illiyini qeyd edəcəyini bildirən dövlət başçısı keçilən yolun asan olmadığını diqqətə çatdırıb. Bu illər ərzində iqtisadi, siyasi, hərbi böhran baş verdiyini bildiriən prezident torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyini də bir daha forumda diqqətə çatdırıb:
“Lakin biz səylərimizi səfərbər edə bildik və müstəqillik fürsətini əldən qaçırmadıq. İqtisadi və siyasi nöqteyi-nəzərdən bu gün Azərbaycan müstəqil siyasət yürüdən, regionda yaxşı mövqeyə malik olan və gələcəyə böyük ümidlərlə baxan müstəqil ölkədir”.

Prezident Azərbaycanın daxildə və xaricdə əmin-amanlıq istədiyini, Avropa və beynəlxalq maliyyə təsisatları ilə güclü əlaqələrin tərəfdarı olduğunu vurğulayıb:
“Fikrimcə, xarici sərmayələrin cəlb olunması sahəsində əldə etdiyimiz təcrübə bu yolda ilk addımlarını atan ölkələr üçün faydalı ola bilər. Biz olduqca münbit sərmayə mühiti yaratmalı idik. Son 15 il ərzində Azərbaycana 95 milyard ABŞ dolları məbləğində sərmayə yatırılıb. Bu sərmayələrin demək olar ki, yarısı xarici sərmayələrdir. Biz sərmayələrin qorunması üçün güclü hüquqi baza yaratmışıq və bütün əsas enerji müqavilələrimiz parlament tərəfindən təsdiq olunur və qanun qüvvəsini almaq məqsədi ilə prezident tərəfindən imzalanır. Bu o deməkdir ki, hətta biz istəsək belə, həmin müqavilələrin şərtlərini dəyişdirmək hüququmuz yoxdur. Bu isə ən vacib amildir. Çünki sərmayədarlar, xüsusən də regionumuzdakı xarici investorlar 100 faiz əmin olmalıdırlar ki, sərmayələr qorunacaq və heç kim artıq imzalanmış müqavilələrdəki şərtləri dəyişdirməyə çalışmayacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!