28 Yanvar, 2011
Brayzanın məsələsi yenidən senata göndərildi

Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyi təsdiqlənmək üçün yenidən Senata göndərilib. APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2010-cu il dekabrın 30-da prezident Barak Obama müstəsna səlahiyyətlərindən istifadə edərək Konqresin tətil günlərində, Senatın təsdiqi olmadan 6 təyinat barədə sərəncam imzalayıb. Bunlardan biri də M. Brayzanın Azərbaycanda səfiri təyinatı olub. 

ABŞ Konstitusiyasına görə, prezidentin müxtəlif postlara irəli sürdüyü namizədlər Senat tərəfindən təsdiq olunmalıdır. Lakin Konqres sessiyalararası fasilədə tətildə olarkən prezident təkbaşına kadr təyinatları həyata keçirə bilər.

Prezidentin bu qərarı namizədlərin Senatın təsdiqini gözləmədən vəzifələrinin icrasına başlamasına imkan verir. Lakin 1 il müddətində Senat bu namizədliyi təsdiqləməlidir. Əks halda 1 ildən sonra prezidentin təyinatı qüvvədən düşmüş sayılır.

Əlavə edək ki, M. Brayza ABŞ-ın Azərbaycandakı səfiri kimi artıq yanvarın 27-də Dövlət Departamentində and içib. Onun iki həftə ərzində Azərbaycana gələrək, vəzifəsinin icrasına başlaması nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!