27 Yanvar, 2011
İCTİMAİ PALATA SESSİYAYA HAZIRLAŞIR və ÜZVLƏRİN SAYINI DƏQİQLƏŞDİRİR

Yusif Bağırzadə İctimai Palatanın təsisçilərinin siyahısının açıqlamayıb.

Yanvarın 29-da İctimai Palatanın ilk sessiyası keçiriləcək. Koordinasiya Şurasının üzvü, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə “Media forum” saytına açıqlamasında deyib ki, sessiyada müzakirə olunacaq məsələlər yanvarın 27-də tam dəqiqləşəcək: “Sessiyada ölkədəki ictimai-siyasi vəziyyətin, “Xocalı soyqırımı haqqında” qanun layihəsinin müzakirəsi, quruma üzv olmaq üçün edilən müraciətlərə baxılması, 2011-ci il üçün fəaliyyət planının qəbulu nəzərdə tutulur”. 

Yusif Bağırzadə İctimai Palatanın təsisçilərinin siyahısının açıqlamayıb. Koordinasiya Şurasının üzvü deyib ki, siyahı onda yoxdur.

QHT-lər, ziyalılar və son parlament seçkisində namizəd olmuş bəzi şəxslərin 2010-cu il dekabrın 28-də təsis etdikləri İctimai Palatanın 166 nəfər üzvünün olduğu açıqlanıb. Təşkilatın Koordinasiya Şurasına Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AMİP sədri Yusif Bağırzadə, Xalq Partiyasının qurucusu Pənah Hüseyn, hüquq müdafiəçiləri Hacı İlqar İbrahimoğlu, Mirvari Qəhrəmanlı, QHT təmsilçiləri Ənnağı Hacıbəyli, Vidadi Mirkamal və Aqil Səmədbəyli daxildir.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı “Media forum” saytına açıqlamasında bildirib ki, İctimai Palatanın təsisçilər siyahısı hələ tam hazır deyil: “Siyahıda dəqiqləşdirmələr aparılır. İctimai Palataya üzv olmaq üçün yeni müraciətləri də nəzərə almaq lazımdır”.

Koordinasiya Şurasının üzvü Pənah Hüseyn də “Media forum” saytına açıqlama verib. O xatırladıb ki, İctimai Palata təsis olunmazdan əvvəl noyabrın 7-də keçirilmiş parlament seçkisindən narazı qalan namizədlərin üç ümumrespublika forumu keçirilib: “Forumlarda deputatlığa namizədlərlə yanaşı mətbuat orqanlarının rəhbərləri, ictimai xadimlər, ziyalılar və QHT rəhbərləri iştirak ediblər. Forumların yekununda parlament seçkisinin nəticələrinin ləğv olunması, yeni seçkinin keçirilməsini tələb edən bəyanat qəbul olunub, sənəd imzalanıb. Forumlarda iştirak edib bəyanata imza atanlar İctimai Palatanın üzvü hesab olunur. Forumlarda iştirak etmiş, lakin İctimai Palatada təmsil olunmaq istəməyən şəxslər bunu bəyanat formasında açıqlamalıdırlar. Məsələn, elə şəxslər var ki, forumlarda iştirak ediblər, lakin sonradan fikirlərini dəyişiblər və İctimai Palatanın üzvü deyillər. Azadlıq Partiyasının sədri Əhməd Orucu misal gətirmək olar. Belə şəxslərin necə nəfər olduğunu deyə bilmərəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!