27 Yanvar, 2011
AZƏRBAYCAN ƏSASƏN QEYRİ-AZAD, ERMƏNİSTAN ORTA AZAD, GÜRCÜSTAN AZAD ÖLKƏLƏR SIRASINA DÜŞDÜ

“Heritage” Fondu 2011-ci il üzrə İqtisadi Azadlıq İndeksini açıqlayıb. Honqkonq 89,7 balla həmişəki kimi cədvələ liderlik edir. Sonrakı yerləri Sinqapur (87,2) və Avstraliya (82,5) tutur. Cədvəlin son üçlüyünü Kuba, Zimbabve və Şimali Koreya qapayır.

Azərbaycan 100 mümkün baldan 59,7-ni toplayaraq 92-ci yerdə dayanır. Ölkə 2008-ci ildə 107, 2009-cu ildə 99-cu, 2010-cu ildə isə 96-cı yeri tutumuşdu. Bu il ölkənin topladığı bal 0,9 bənd artıb. 

Reytinq cədvəlində ən aşağı bal 0, ən yüksək bal isə 100-dür. Fond balların həcmi əsasında iqtisadi azadlıq səviyyəsini belə təsnif edib:

100-80 bal - azad ölkələr;
79,9-70 bal - əsasən azad ölkələr
69,9-60 bal - orta azad ölkələr
59,9-50 bal - əsasən qeyri-azad ölkələr
49,9-0 bal - qeyri-azad ölkələr

“İqtisadi forum” jurnalının məlumatına görə, Azərbaycan topladığı balın həcminə görə əsasən qeyri-azad ölkələr qrupuna daxil edilib.

Iqtisadi Azadlıq İndeksi 10 komponent əsasında tərtib edilib. Bu komponentlərə - biznes, ticarət, fiskal, hökumət xərcləri, monetar, investisiya, maliyyə, mülkiyyət hüquqları, korrupsiyadan azad olma və əmək azadlıqları daxildir. Bu komponentlərin hər biri ayrı-ayrılıqda 100 ballıq şkala ilə qiymətləndirilib.

Ermənistan 69,7 balla 36-cı yeri tutub və orta azad ölkələr qrupuna daxil edilib. Gürcüstan isə MDB ölkələri arasında azad ölkələr sırasına düşən yeganə dövlətdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!