27 Yanvar, 2011
MÜSTƏNTİQ: “QƏZA AVTOMOBİLİ İDARƏ EDƏN AQİL ƏLƏSGƏRLİNİN SƏHVİNDƏN BAŞ VERİB”

Avtomobil qəzasında həlak olan “Milli Yol” qəzetinin baş redaktoru Şahin Ağabəylinin işi ilə bağlı avtotexniki ekspertizanın nəticəsi məlumdur.

Şahin Ağabəyli 2010-cu il oktyabrın 27-də “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərlinin idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində həlak olub. Hadisə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) araşdırılır. 

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Vaqif Nəcəfov yanvarın 27-də “Media forum” saytına bildirib ki, qəza avtomobili idarə edən Aqil Ələsgərlinin səhvindən baş verib: “Amma hadisə zamanı Aqil Ələsgərli də ağır xəsarət aldığına görə tibb ekspertizası onun sərbəst şəkildə məhkəmə qarşısına çıxmaq imkanı olmadığını göstərib. Cinayət Prosessual Məcəlləsinə əsasən, təqsirləndirilən şəxs sərbəst şəkildə hakim qarşısına çıxa bilmirsə, iş müəyyən müddətə uzadılır”.

1976-cı il yanvarın 27-də Neftçala rayonunda doğulan Şahin Ağabəyli jurnalist fəaliyyətinin ilk illərində “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli Yol” qəzetini, 2006-cı ildə “Poliqon” İnformasiya Agentliyini təsis edib.

Yanvarın 27-si Şahin Ağabəylinin doğum günüdür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!