26 Yanvar, 2011
YOL POLİSİNİN KƏMƏR QADAĞASI

Yol polisi mübarizəyə başladı

Bakı yol polisi təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlərə qarşı ciddi tədbirlər görəcək. Simsar.az-ın məlumatına görə, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər saxlanılacaq və qanunun tələblərinə müvafiq olaraq cəzalandırılacaqlar.

Əsədov bildirib ki, avtomobillərin konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər "Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinin tələbinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Onun sözlərinə görə, təhlükəsizlik kəmərindən istifadə etməmək yol nəqliyyat hadisələri zamanı sürücü və sərnişinlərin sağ qalmaq ehtimalını azaldır: “Bu təhlükəni nəzərə alaraq, sürücü və sərnişinlərdən təhlükəsizlik kəmərindən istifadə etmələri xahiş olunur. Əks təqdirdə, onlara qarşı qanunun tələblərinə uyğun olaraq ciddi ölçü götürüləcək”.

Təhlükəsizlik kəmərindən istifadə etməmək İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinin pozulması hesab olunur və buna görə cərimənin məbləği 20 manatdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!