26 Yanvar, 2011
PREZİDENT ZİYALILARIN MÜRACİƏTİNƏ HƏLƏ DƏ CAVAB VERMƏYİB

Əkrəm Əylisli: «Üstündən 6 aya qədər vaxt keçib, amma müraciətə heç bir cavab verilməyib»

Eldar Namazov: «Həmin müraciətə ölkənin çox tanınmış ziyalıları imza atmışdılar»

«Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı prezidentə müraciət edilməsi təklifini mən irəli sürmüşdüm. Təklif qəbul olundu və biz prezidentə müraciət etdik. Üstündən 6 aya qədər vaxt keçib, amma müraciətə heç bir cavab verilməyib».
Bunu Simsar.az saytına açıqlamasında tanınmış yazıçı Əkrəm Əylisli bildirdi.
Qeyd edək ki, iyulun 7-də ölkə ziyalıları «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev və iki gənc bloqçunun azadlığa buraxılması üçün prezidentə müraciət etmişdi. Amma bu günə qədər müraciətə cavab verilməyib. Bloqçuların azadlığa buraxılmasının isə müraciətlə heç bir əlaqəsi olmayıb.
Ə.Əylisli onu da bildirdi ki, hakimiyyətin ziyalıların müraciətinə münasibəti bəlli deyil: «Müraciətimizə heç bir cavab verilməyib. Müəmmalı vəziyyət davam edir. Mən neyləyim indi? Deyirlər ziyalılar susur, danışmır. Guya danışanda bizə qulaq asan olur?».
Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov da müraciətə hələ də cavab verilmədiyini dedi: «Ziyalıların forumunda ölkə başçısına jurnalistlərin azadlığa buraxılması ilə bağlı müraciət qəbul olunmuşdu. Amma müraciətimizə bu günə qədər cavab verməyiblər. Hakimiyyət nəinki ziyalıların, hətta beynəlxalq təşkilatların müraciətlərinə saymazyana yanaşır. Həmin müraciətə ölkənin çox tanınmış ziyalıları imza atmışdılar. Onların müraciətlərini nəzərə almamaq düzgün deyildi. Eynullanın nə vaxt azadlığa buraxılacağı hələ məlum deyil».

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!