26 Yanvar, 2011
Yaşar Nuri: «Məni görüb ağlayırlar, niyə belə olmalıdır?»

Türkiyədə müalicə alan xalq artisti ANS-ə eksklüziv müsahibə verib.

Türkiyənin ən böyük xəstəxanalarından biri olan “Memorial” xəstəxanasında müalicə alan Yaşar Nuri ilk dəfə olaraq ANS-ə müsahibə verib. Səhhətinin yaxşı olduğunu deyən aktyor Vətənə nə vaxt gələcəyi tarixi dəqiq bilmədiyini deyib: “Qorxulu bir şey yoxdur. Bizim dildə desək, ağlın çoxluğundan beyində tıxac əmələ gəldi. Şossedə maşının çoxluğundan olur. Axır vaxtlar 3-4 rol bir-birinin ardıca ifa etdim, 5 teatrda birdən işlədim”. 
Noyabrın 6-da axşam saatlarında səhhəti pisləşən xalq artisti 3 gün Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə alıb. Xalq artistinə hipertonik-krizis diaqnozu qoyulub. Yaşar Nuri 9 noyabrda axşam saat 20:00 radələrində xüsusi təyyarə ilə İstanbul “Memorial” xəstəxanasının həkimlərinin müşayiəti ilə Türkiyəyə aparılıb. Azərbaycandan gətiriləndən sonra uzun zaman reanimasiyada qalan xalq artisti o günləri xatırlamır.

“Avqust ayından burda idim. Dedilər get kef et, müsəlmana da ağıl fikirləşmək üçün deyil, hərdən məşğulat etmək üçün verilir. Mən də soyuq su içdim, soyuq dondurma yedim. Deməli, belə lazım imiş”,-deyə Yaşar Nuri əlavə edib.

Onun sözlərinə görə, İstanbulda yaşayan azərbaycanlılar, xüsusilə də tələbələr tez-tez onu xəstəxanada ziyarət edirlər. Zəng edənlərin isə sayı-hesabı yoxdur. Amma buna baxmayaraq ziyarətçilərə qadağa qoyulmuşdu. Bunun səbəbini xalq artisti bele izah edib: “Bütün bədənim şlanq idi. Axı, mən necə o adamı qəbul edim? İstəmirəm ki, kimsənin mənə yazığı gəlsin. Kiminsə mənə yazığı gəlməsindən xoşum gəlmir. Məni görüb ağlayırlar, niyə belə olmalıdır?”.
Yaşar Nuri həmçinin xalq tərəfindən bu qədər sevildiyi üçün yaşayacağını və sənət həyatını davam etdirəcəyini də deyib. O, kollektivi, səhnə üçün darıxıdığını da deyib. Xalq artistinin yeni planları da var. Onları həyata keçirmək üçün ən qısa zamanda Azərbaycana qayıtmaq istəyir. Vətənə qayıtması üçün ilk olaraq ayağa qalxmalıdır. Həkimi Rza Azərinin sözlərinə görə, bunun üçün bir az zaman və iradə lazımdır.

Həkimlər bildirir ki, 3 həftə sonra Yaşar Nuri bu xəstəxananı tərk edəcək. Amma yenə də hər şey Yaşar müəllimin öz iradəsindən asılı olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!