25 Yanvar, 2011
«MİRMAHMUD AĞA GÜNAHKARDIR»

Müxalifətçi öz sədrini ittiham edir

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) daxilində didişmələrin olduğu söylənilir. Əldə etdiyimiz məlumatlara görə, hələ 2010-cu ilin parlament seçkilərindən öncə KXCP-dən incik düşən partiya sədrinin müavini İsmayıl Yusifov təmsil olunduğu qurumu parçalamaq niyyətindədir. 
Məlumatda bildirilir ki, partiya daxilində xeyli gücə malik olan İsmayıl Yusifov KXCP-nin qurultayında sədrliyə namizədliyini verəcək. Sədr seçiləcəyi təqdirdə isə köhnə eşalonu birdəfəlik olaraq qurumun sıralarından uzaqlaşdıracaq. İsmayıl Yusifovun KXCP-dən incik düşməsinin səbəbini açıqlayan mənbəmiz bildirib ki, Milli Məclis seçkilərində İ.Yusifov əslən İmişlidən olduğuna, və 2005-ci il seçkilərində namizədliyini 79 saylı İmişli seçki dairəsindən irəli sürdüyünə görə, bu dəfə də namizədliyini oradan vermək istəyib. Lakin rəhbərliyində əyləşdiyi KXCP 79 saylı İmişli seçki dairəsindən onun yox, Müsavat Partiyasının namizədi İltizam Əkbərlinin namizədliyini dəstəkləyib. Bu isə İ.Yusifovu partiyadan incik salıb.
Sözügedən məsələlərə İsmayıl Yusifovun özünün münasibətini öyrəndik. KXCP sədrinin müavini «simsar.az»a bildirdi ki, onun partiyanı dağıtma niyyəti ilə bağlı deyilənlər cəfəngiyyatdır: «KXCP mənim siyasi partiyamdır. Ona görə də mən bu partiyanın siyasi güc mərkəzinə sevrilməsini, nüfuzlu bir qurum olmasını istəyirəm və bu yöndə də fəaliyyətimi davam etdirirəm. Qaldı ki, mənim partiya sədri olmaq iddiama, bu sirr deyil. KXCP daxilində də bunu bilirlər və mən bunu açıq şəkildə demişəm. Partiyanın qurultayında sədrliyə iddiamı qoyacam və düşünürəm ki, sədr kimi KXCP-nin başına gələcəm. Buna mənim potensialım və resurslarım da imkan verir. Təşkilatımızın hazırkı durumu məni qane etmir. Bunun da birbaşa günahı KXCP rəhbərliyində oturanlar və şəxsən sədr Mirmahmud ağadır. Bu gün partiya güc mərkəzi kimi, partiya kimi çox zəifdir. Mən sədr gəlib, KXCP-ni ölkənin hakim partiyadan sonra ikinci ən böyük siyasi qurumuna çevirəcəm». İ.Yusifov əlavə edib ki, KXCP-də ona münasibət əvvəlki kimi qalır: «Düzü mənimlə partiyanın digər funksionerləri hər zaman olduğu kimi bu gün də intriqa saxlayırlar. Mənim KXCP və onun rəhbərliyi haqqında, fəaliyyətsizliyi barədə danışdıqlarım bunların xoşuna gəlmir. Amma bu məni narahat etmir. Çünki təşkilat daxilində mənim tərəfimdə olan kifayət qədər insanlar da var ki, onlar iddialarıma dəstək verirlər».
Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!