25 Yanvar, 2011
ÇANAQ ANTENALARI BİNALARIN ESTETİKASINI POZUR, YOXSA MEDİANIN

Rəşid Hacılı: «Əgər deyilənlər doğrudursa, bunun bir adı var. Senzura.»

Çanaq antenalardan istifadəyə qadağa qoyan ölkələrin hamısı eyni metoddar istifadə ediblər. Əvvəlcə, qapağa, teştə oxşayan bu əşyanın binaların xarici görünüşünü korladığını bəhanə gətiriblər. 
Mərkəzi binalarda onları yığışdırıblar. Bu həm də «kəşfiyyat» xarakteri daşıyıb. Avtoritar ölkələr xalqın nəbzini yoxlamaq, riskləri götür-qoy etmək kimi ümumi xasiyyətlərə malikdirdər. Cənubi Koreya və Türkmənistan vətəndaşların kəramət və cəsarətlərinin nəyə qadir olduqlarını öyrəndikdən sonra növbəti addımlarını atdılar. İnformasiya təhlükəsizliyi, dövlət maraqları, milli mentalitet, mənfur qüvvələrin mediaya müdaxiləsi və daha nələr-nələr.
Sonra hökumətlər xalqlarına daha məsləhətli kanallar təklif edəcəklərini bəyan etdilər. Beləliklə xalqlar yavaş-yavaş, xumarlana-xumarlana avtoritarizmə, hökumətlərinin çətirləri altına meyllənməyə başladılar.
Azərbaycanda az qala bütün evlərdə çanaq antenaları var. Həyətində yaşıllıq işartısı olmayan, Allahın söyüd ağacını kanalizasiyanın kənarına basdırmağa can çəkən məcburi köçkünün sınıq-salxaq daxmasından göyə boylanan çanaq antenası olurdu. Şükür ki, həmin evlər artıq yoxdur.
Adamın antenasını oğurlamaq istəsən səni döyə, hətta öldürə bilər. Ən yaxşı halda polisə veriləcəksən. Amma hökumət bir milyondan çox mənzildən çanaq antenalarını sökmək, ləğv etmək fikrindədir. Eldən gələn toy-bayramdır deyib, hər birimiz acı reallıqla barışacağıq.

Bir neçə gün öncə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov xarici telekanalların ölkənin teleefirinə müdaxiləsilə bağlı suala cavab olaraq bildirib ki, bu kanallar peyk vasitəsilə yayımlandığı üçün Azərbaycanın beynəlxalq konvensiyalara görə onlara müdaxilə edə bilməz. Ə.Abbasov əlavə edib ki, peyk antenaları Azərbaycanda geniş yayılıb və ölkə əhalisinin 60 faizə yaxını informasiyanı bu kanallardan alır. Nazir peyk antenalarının indi çox ucuz olduğunu və əhalinin asanlıqla onu əldə edib quraşdırdığını bildirib. Onun dediyinə görə, Azərbaycanda rəqəmsal yayıma keçid üçün hazırlıqlar gedir. Rəqəmsal yayıma keçid baş verəndən sonra hökumətin müvafiq strukturları tərəfindən əhaliyə 10-dək xarici telekanaldan ibarət paket təklif olunacaq, qalan kanalların isə yayımına imkan verilməyəcək: “Rəqəmsal yayıma keçəndən sonra əhalidən çanaq antenaları zorla yığışdırılacaq”.

Qeyd edək ki, peyk antenalarının qadağan olunması praktikası dünyanın ən sərt rejimlərinin hökm sürdüyü ölkələrdə tətbiq olunur.
Çanaq antenaların binaların xarici görünüşünə pis təsir göstərməsi məsələsi Azərbaycanda da bir müddət öncə arqument kimi irəli sürülərək onların yığışdırılmasına cəhd edilmişdi. Naxçıvanın mərkəzi küçələrində isə Ali Məclisin sədri Vasif Talıbov artıq bu «təcrübə»ni həyata keçirib. Ötən ilin yayında Bakının bəzi binalarından antenaları yığışdırmağa çalışan mənzil istismar sahələrinin əməkdaşları bu barədə göstərişin yuxarıdan gəldiyini bildirmişdilər. Üzeyir Hacıbəyov küçəsində, “Cavanşir” körpüsünün yaxınlığındakı beşmərtəbəli binanın çanaq antenaları iki il bundan öncə yığışdırılıb.
Çanaq antenalarının yığışdırılması ilə bağlı xalqın reaksiyasını öyrənən hakimiyyət «başlamaq olar» «xeyir-duasını» aldıqdan sonra gözlənilən növbəti addımı atmaq ərəfəsindədir.
Yerli telekanalların ikrah doğuran proqramlarından bezən əhali informasiyaya olan ehtiyacını peyk antenaları ilə təmin edir. Peyk antenalarında isə seçim imkanı genişdir. Məsələn, əhali bu antenalar vasitəsilə dünyanın hansısa ölkəsində xalqın cana doyaraq diktatura rejimlərini necə yıxdığını izləyir, yaxud öz ölkəsinin hakimiyyəti barədə tənqidi süjetlər və xəbərlər eşidə bilir. Görünür, peyk antenalarının bu cür yayılması Azərbaycan iqtidarının ölkənin teleməkanına tam nəzarət etmək planlarını pozur və təhlükəli sayılır. Ona görə də informasiya texnologiyalarının inkişafını bəhanə gətirib əhalini bu informasiya mənbələrindən məhrum etməyi planlaşdırırlar. nativ kimi əhaliyə şou və əyləncə xarakterli bir neçə xarici kanala baxmaq şansı da yaradıla bilər..
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli hesab edir ki, son bir neçə ildə Azərbaycanın televiziya auditoriyası daralıb: “Siz istənilən reytinq ölçən təşkilatı yoxlasanız və onlar vicdanlı olsa, açıq deyəcəklər ki, artıq yerli televiziyaları izləyənlərin sayının azalması tendensiyası sürətlənib, xarici televiziyaları izləyənlərin sayı isə artıb. İxtisasımla bağlı yerli kanalları da izləməyə məcburam. Mən də xarici kanallara çox baxıram. Xüsusən də Türkiyə və Rusiyanın xəbər kanallarına, “Euronews”-a və Amerikanın bəzi canlı tok-şoularına. Dili başa düşməsəm də, ya görüntü, ya da tərcümə vasitəsilə izləyirəm. Mənim televiziya vaxtımın heç 5-10 faizi belə daxili bazara getmir”.

Ekspertə görə, araşdırma göstərir ki, bütün dünyada ən reytinqli proqramlar məhz informasiya kanallarıdır: «Azərbaycan hələ bu suala cavab vermək üçün yetişməyib. Siyasi mövzulara az yer verilirsə, canlı debatlar yoxdursa, onda haradan bilmək olar ki, filan televiziyanı daha parlaq gələcək gözləyir”.

Z.Məmmədli hesab edir ki, Azərbaycanda çanaq antenalarının qadağan edilməsi söz və mətbuat azadlığına qarşı ən böyük basqılardan biri deməkdir: «İnanmaq istəmirəm ki, hökumət belə bir addım atsın».
Media Hüququ İntistutunun rəhbəri Rəşid Hacılı isə hesab edir ki, əgər deyilənlər doğrudursa, bunun bir adı var. Senzura. «Maraqlıdır, hökumət bu addımını nə ilə əsaslandıracaq? Təklif etdiyi kanalları necə müəyyənləşdirəcək? Belə bir addımın atılması Azərbaycanın Cənubi Koreya, Türkmənistan kimi ölkələrlə bir sıraya düşməsi deməkdir».

RAMİN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!