12 Aprel, 2013
VÜQAR MURADOV: «RAMIZ MEHDIYEV, YOX, ARTUR RƏSULZADƏ...» – MÜSAHİBƏ – FOTOSESSİYA

“Xəbərin var”rubrikasının budəfəki qonağı «Yeni ulduz 6» mahnı müsabiqəsinin qalibi Vüqar Muradovdu. Yaddaşından şikayətlənən müğənni bəzi suallarda çətinlik çəksə də, bəzi sualları yaxşı cavablandırdı.Vüqar Muradovla müsahibəni təqdim edirik:

- Hansı xəbərləri daha çox izləyirsiz? 
- Dünyada baş verən çaxnaşmaları çox izləyirəm, əsasən də, Suriyada, İsraildə baş verənlərdən çalışıram ki, məlumatım olsun. Bu yaxınlarda məni sevindirən faktorlardan biri o oldu ki, İsrailin baş naziri Türkiyədən üzr istədi. Bu məni çox sevindirdi, çünki Türk dövləti bir daha öz gücünü və yenilməz olduğunu sübut etdi.
- Bu saatlarda Bakıda iqtisadi forum keçirilir. Bu forumdan xəbəriniz var?
- Eşitmişdim, amma mövzunu bilmədim, bildiyim qədər dünyanın neçə hissəsindən, neçə qitəsindən bura məktəblilər gəliblər. Düzü, bundan xəbərim yoxdur, yəqin ki, bu xəbər dünən yayımlanıb.
- Siz beynəlxalq olimpiada haqqında deyirsiz. Deyəsən, bu barədə xəbəri izləmisiz...
- Xəbərlərdən gördüm, çox nəzər yetirə bilmədim, səhv etmirəmsə, biliklə bağlıdır.
- Bakı Dövlət Baş Polis idarəsi bu yaxınlarda sürücülərə hansı xəbərdarlığı etdi?
-Mən o qanunu bilirəm ki, sərxoş sürücülərin əlindən sürücülük vəsiqəsi alınır. Maşını qanunla sürürəm, şəhər içi 60-dan artıq sürətlə sürmürəm. İstərdim ki, sürətlə bağlı cərimə artırılsın, 300- 400 manat etsələr, çox yaxşı olar.
- Milli Məclisdə nə qədər deputat var?
- Maraqlı sualdır, amma siyasətlə məşğul olmuram.
- Bu, siyasi sual deyil.
- Həyatda ən böyük problemim yaddaşsızlığımdır. Mahnılardan başqa heç nə mənim yadımda qalmır. Məncə, 125 olmalıdı.
- Barəsindəki xəbərlər geniş rezonans doğuran millət vəkilinin adı yəqin ki, yadınızdadı...
- Gülər Əhmədova. Bu yaxınlarda bir yazı gördüm, yazılıb ki, siz məni azadlığa buraxın, mən o bir milyonu qaytarıram.
- Gülər Əhmədovayla bir baş redaktorun mübahisəsi vardı. Həmin baş redaktorun aqibətindən xəbəriniz var?
- Yəqin, o hadisə olanda, burda yox idim.
-Son zamanlar orduda itkilərimiz çoxalıb...
- Bəli, hətta deyilir ki,orduda əsgər ölər. Orduda o zaman əsgər ölər ki, müharibə olsun.
-Əkrəm Əylislinin hansı romanı cəmiyyətdə birmənalı qarşılanmadı?
- Daş Yuxular.
- Nə üçün bunu cəmiyyət həzm edə bilmədi?
- Vallah, o romanı oxumamışam, mətbuatdan izləmişəm.
- “Nidaçı” lardan xəbəriniz var?
- Qətiyyən xəbərim yoxdu, nə var, onu deyirəm.
- Son zamanlar Bakıda keçirilən aksiyaların şüarları nə idi?
- Həmin aksiyaların şüarları “əsgər ölümünə son” idi. Seçkilərə az qalıb, yəqin ki bunlar olmalıdı.
- Ümumiyyətlə, bizdə seçkilər neçə ildən bir keçirilir?
- 5 ildən bir.
-Bu yaxınlarda bir millət vəkilimiz “İcbari Tibbi Sığorta”ilə bağlı fikirlər səsləndirdi.
- Qənirə Paşayeva irəli sürüb, bunu izləmişəm.
- Qənirə Paşayevanın adını çəkdiniz, xanım deputatlardan kimlərin fəaliyyətini izləyirsiz?
- Muradova.
- Kim Muradova?
- Bibimin adı ilə eynidir (fikirləşir). Öz bibimin də adı yadımdan çıxdı,çaşıb Rübabə Muradova deyəcəkdim. İstər-istəməz bildiklərim də artıq yadımdan çıxmağa başlayır.
-Baş nazirin fəaliyyətini izləyirsiz?
- Xeyr, izləmirəm.
- Kimdir baş nazirimiz?
- Ramiz Mehdiyev, yox, Artur Rəsulzadə
- Müasir Müsavat partiyasının sədri kimdi?
- Müsavat partiyasının başqanı İsa Qənbərdi, bunu bilirəm.
- Böyük türk fatehlərindən birinin doğum günüdü.
- Nuri Paşanın yəqinki.
- Yox...
- Şah İsmayıl Xətainin?
- Xeyr, Əmir Teymurun doğum günüdü.
-Təbrik edirəm.


Nihadə Eyyubova

 

 

 

 

 

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!