24 Yanvar, 2011
BİZİM MAGSTRLƏR MOSKVADA TƏHSİL ALMAQ İSTƏYİR

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Kimya, Fizika və Biologiya fakültələrinin I və II kursunda təhsil alan 17 nəfər magistr BDU və Moskva Fizika-Texniki İnstitutu (MFTİ) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən MFTİ-də magistratura təhsillərini davam etdirmək üçün imtahan veriblər. Bu barədə APA-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.
Məlumata görə, imtahan prosesini BDU-nun rektoru Abel Məhərrəmov izləyib, o, tələbələrlə söhbət edib.

İmtahan MFTİ-nin əməkdaşlarının nəzarəti altında yazılı və şifahi şəkildə keçirilib. Müsabiqədən keçmiş tələbələr fevral ayından etibarən təhsillərini həmin institutun müvafiq fakültələrində davam etdirəcəklər. MFTİ müsabiqənin 2 nəfər qalibini öz hesabına oxutmaq niyyətindədir. Əgər müsabiqədən keçənlərin sayı 2 nəfərdən çox olarsa, onların təhsillərini Azərbaycan dövləti öz üzərinə götürəcək.
Fizika fakültəsindən 7, Geologiya və Kimya fakültələrinin hər birindən isə 5 magistrin qatıldığı imtahan sualları MFTİ tərəfindən tərtib edilib.
İmtahan prosesini Azərbaycan tərəfindən Fizika fakültəsinin professoru Rəna Qasımova və Fizika İnstitutunun professoru Nadir Abdullayev də izləyiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!