24 Yanvar, 2011
Elmar Məmmədyarov: “Biz Dağlıq Qarabağa muxtariyyət statusu verməkdən qorxmuruq”

“Heç kim güc yolu ilə Azərbaycanın sərhədlərini dəyişdirə bilməz”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveytin “Alrai” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, rəsmi Bakı Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi ilə bağlı danışıqlara hazırdır: “Bu, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən mövqeyidir və heç kim güc yolu ilə Azərbaycanın sərhədlərini dəyişdirə bilməyəcək”.

Azərbaycanın XİN rəhbəri BMT Baş Assambleyasının Dağlıq Qarabağla bağlı dörd qətnaməsinin yerinə yetirilməməsindən təəssüfləndiyini də bildirib: “Azərbaycan ərahzilərinin 20 faizi işğal altındadır, bir milyondan artıq adam qaçqın və məcburi köçkündür. Bütün beynəlxalq təşkilatlar və iri dövlətlər Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün səylər göstərir. Biz işğal olunmuş ərazilərin qaytarılacağına inanırıq və ümid edirik ki, bu, diplomatik yolla baş verəcək”.

“Biz Dağlıq Qarabağa muxtariyyət verməkdən qorxmuruq”, - deyən Elmar Məmmədyarovun sözlərinə görə, muxtariyyət prinsipi beynəlxalq hüququn aspektlərindən biridir və müəyyən prosedurlar tələb edir. O, misal kimi Tatarıstan, Çeçenistan və Rusiya Federasiyasının digər subyektlərini göstərib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!