22 Yanvar, 2011
Simsar.az və PCC-nin birgə layihəsi

“Gözəl düşünən gözəl görər”
(Mövlanə)

Simsar.az saytı Psixologiya və Konsultasiya Mərkəzi ilə birgə təqdim etdiyi “Gözəl düşünən gözəl görər” layihəsi tanınmışların psixoloji durumunu, onların hadisələrə, həyata və insanlara yanaşmasını ortaya çıxaracaq. Maraqlıdır görəsən tanınmışlar necə düşünüb, necə görürlər? Bunu ayırd etmək üçün isə dəyirmi masa ətrafındakı səmimi söhbəti oxumağınız yetər. Simsar.az -ın baş redaktoru İradə Nurəddinqızı və PCC-nin psixoloqu Elnur Rüstəmovun ilk həmsöhbəti isə əməkdar artist Nailə Mirməmmədlidir. 

Nailə Mirməmmədli “Psixologiyamın yüyəni öz əlimdədir”

Elnur Rüstəmov: Sənət və psixologiya. Uygunluq görürsünüzmü Nailə xanım?
Nailə Mirməmmədli: Əlbəttə, mən istərdim ki, uşaqlar və gənclər üçün məktəb yaşlarından psixologiya dərsləri keçirilsin. Çünki insanları qavramağa, onlarla ünsiyyətdə necə rəftar etmələrində psixologiya çox gərəklidir. Xüsilə də incəsənətlə məşğul olmaq istəyənlərə demək istərdim ki, sahib olmaq istədikləri sənətin nəzəriyyəsini dərindən bilsinlər. Mən bir bəstəkar olaraq dinləyicini fikirləşməsəm yazdıqlarım heçə gedə bilər. Gərək hər bir kateqoriyaya ayrılmış insanları cəlb etməyi bacarasan. İstər oxuduğun mahnılarla, istərsə də yazdığın əsərlərlə. Məncə ilk növbədə psixoloq olmaq bəstəkarın, şairin öhdəsinə düşür.
Elnur Rüstəmov: Nailə xanım ümumilikdə dinləyiciləri kantingentə bölsək bizdə kantingent necədir? Daha çox ağlaşmanı, yoxsa yüksək templi mahnıları sevəndir?
Nailə Mirməmmədli: Əgər bu gün mən Nailə Miməmmədli varamsa, deməli ağlayan çoxdur. Çünki mənim yazdıqlarım daha çox qəmli musiqilərdir. Hərdən elə bilirlər ki, mən ümumiyyətlə şən musiqi yazmıram. Amma belə deməzdim mənim şən mahnılarım da var. Qoy bilməyənlər də bilsin.
İradə Nurəddinqızı: Nailə xanım amma bu da danılmaz deyil ki, lirika təbiətinizə yaxımdır.
Elnur Rüstəmov: Sizcə ağlaşmaya qulaq asmaq tələbatdan irəli gəlir?
Nailə Mirməmmədli:Əsasən məndən lirik mahnılar tələb edirlər. Məhz lirik mahnılar bəstəkarı kimi tanınmışam. Yəni belə qənaətə gəlmək olar ki, ağlayan insan çoxluq təşkil edir. Məncə hardasa problemlərlə yaşayan insanlar daha çox ağlamağı xoşlayır. Şən mahnıları bəyənib dinləyənlər də var. Sadəcə olaraq, insanların problemi olmadığı zaman soyuducuları dolu, ciblərində, evlərində pullları olandan sonra insanlar şən mahnılar dinləməyə üstünlük verirlər.
İradə Nurəddinqızı: Sizcə problemlərin həll olunması üçün maddiyatın olması yetərlidir.....?
Nailə Mirməmmədli: İndi insanların beyni bu cür işləyir. Mənim atam o vaxtlar Ləmbəranskinin, Heydər Əliyevin vaxtında çalışıb. O zamanların ən tanınmış ticarətçilərindən biri olub. Bulvarda yerləşən bəzi kafeləri mənim atam tikdirib, mən uşaq olanda bunların hamısını gözümlə görmüşəm. Bunların olmasına baxmayaraq atam çox sadə insan olub. O həmişə deyərdi ki, yaxşılıqları edirəm sabah sizin qarşınıza çıxsın. Bununla bərabər mənim kimi insanlara bu dönəmdə yaşamaq çox çətindir. Bizim kantingent itmək üzrədir. Bəzən yanıma gələn yeni müğənnilər deyir ki, Nailə xanım mahnını baha verir. Alınmır axı mənim bundan başqa sənətim yoxdur, uşaqlarımı böyütməliyəm. Mən məcburam o qiyməti deməyə.
Elnur Rüstəmov: Siz kantingenti nəzərə alib musiqi yazırsız, yoxsa psixologiyanı?
Nailə Mirməmmədli: Mənə elə gəlir ki, bu ikisi də eyni şeydir. Çünki mənim çevrəm əsasən problemli insanlardan ibarətdir. Düşünürəm insanların psixiligiyası belə formalaşıb ki, necə qazanım, necə yeyim və necə yedirdim? İnsanların tək şən musiqi ilə əhvalını yaxşı etmək olmur. Çünki dinlədiyi şən musiqidə hər şeyi əldə edə bilmir. İnsanın həyatında həmişə nəsə çatmır. Mütləq axtarışda olur. Qazancına görə nəyəsə əl atmalıdır, hətta o nysə rüşvət belə olsa.
ElnurRüstəmov: Sizcə ancaq bizdə belədir, yoxsa hər yerdə bunlara rast gəlmək olar?
Nailə Mirməmmədli: Bilmirəm. Mən ünsiyyətdə olduğum bir qrup insanlar var ki, çox problemlidirlər. Açığı Hikmətdən sonra çevrəmi təmizləmişəm. Ancaq ailəvi insanları əhatəmdə saxlamışam. Sanki mənim qismətim və ya bəxtimə lirik mahnı sifarişləri olur. Amma buna baxmayaraq mövzunu seçəndə indki zamanla ayaqlaşıram. Buna misal olaraq, 1999-cu ildə yazdığım “Dərd verdin” mahnım bu gün də müasir sayılır. Mən bu mahnını yazanda qaçqınları, köçkünləri, yaxınını itirmişləri və şəhərdə yaşasalar belə şəraiti olmayan insanları görüb, onları təsvir etmişəm. Bunları görüb dərd verdin mövzusuna yanaşdım.
Elnur Rüstəmov: Mən tam əminliklə deyərdim ki, qəmli mahnılar Azərbaycanda yaşayır. Sanki qəm olmasa da onu tapmağa çalışırıq. Yaradıcılıqda böyük suvilimasiya gedir. Psixologiyada belə bir şey varki, insan enerjini yönəldir və yönəltməlidir. Son zamanlar yazırsınızmi?
Nailə Mirməmmədli: Yox. Son 3 ay olar ki, mən hec nə yazmıram.
Elnur Rüstəmov: Bəs, bu aylar ərzində nə ilə məşğul olursuz?
Nailə Mirməmmədli: Bu aylarımı boşa verməmişəm. Kitab üzərində işləyirəm. Nəzəri və xor aranjımanı haqqında kitablar hazırlayıram, İndi üzərində çalışdığım kitab not kitabıdir. Hazırladığım kitab orta və ali ümumtəhsil məktəbərində vokal və fortopiano dərslərində istifadə etmək üçündür.
Elnur Rüstəmov: Bəs əvvəl bəstələdiyiniz mahnılar?
Nailə Mirməmmədli: Mənim də, Hikmətin də bəstələdiyi mahnıları bir yerə toplayıb albom hazırlamaq istəyirəm. Zamanım yetəndə onun üzərində çalışıram.
Elnur Rüstəmov: Suvilimasiya prosesi genlədir. Sizdən asılı olmayaraq əsəbləşəcəksiniz və narahat olacaqsınız fərqi yoxdur. İnsanlarda enerji var. Bu enerji sərf olunmadıqca o insan hər zaman oqressiv, narahat olacaq. Hətta, problem axtara bilər və ya problemi yarada bilər. Yaxşı bir əsər yaradırsız. Bəlkə də siz bu prosesin içində olursuz. Kənardan baxanda sanki bunu yaşayırsınız.
Nailə Mirməmmədli: Mən 2007-ci ildə Məkkə şəhərində Həcc ziyarətində olmuşam. Ancaq 1997-ci il olardı Kəbə haqqında musiqi yazirdım. Onu rəhmətlik Elçin Cəlilov oxuyub. O mahnını yazıb bitirəndən sonra əsəri nota köçürdürdüm. Özümdən aslı olmayaraq ağlamaq istədim. Hikmət rəhmətlik məndən soruşdu ki, nə üçün ağlayırsan? Dedim ki, sanki oranı getdim gəzdim gəldim. Əgər mən onu həqiqətdə hiss etməsəydim, musiqiyə dəvələrin zınqırovunu vere bilməzdim. Musiqinin sözlərini Zəki İslam yazib. İndi də o mahnıya qulaq asıram özüm özümə məətəl qalıram. O an psixoloji olaraq nəyi yaşamışamsa, musiqidə də həmin anlar yaranıb.
Elnur Rüstəmov: Bütün müğənillərlə demək olar ki, işləmisiniz. Hamısının xarakterini bilirsiz?
Nailə Mirməmmədli: Fidan və Xuraman Qasımova bacılarının yanında elə bilirəm tələbəyəm. Əvvəlcə notları təqdim edirəm, çünki onlara notsuz yaxınlaşan bəstəkarı bəstəkar kimi saymırlar. Onların musiqiyə yanaşmasından sonra fikirləşirəm ki, mən doğrudan varam, lazımam və ya ümumiyyətlə mövcudam. Bu hissi keçirtdikdən sonra yaşamağıma və yaradıcılığıma sanki stimul verir. Elə müğənni də var ki, nəinki not, heç nəyə fikir vermir. Musiqiyə fikir verməyən müğənniyə mahnını çox vaxt diskə yazıb verirəm ki, al apar oxuyarsan. Çünki bilirəm ki, onun zövqü nəinki formalaşmayıb, hətta heç yoxdur. Düzdür mahnının sözlərinə, musiqisinə diqqətlə fikir verən müğənnilər də var. Bu cür müğənni yanında da mən musiqini elə ifa edirəm ki, ona mahnını olduğu kimi çatdırım.
İradə Nurəddinqızı: Zövqü olmayan, nota fikir verməyən, musiqi və sözlərlə maraqlanmayan müğənnilərə niyə mahnı verirsiz?
Nailə Mirməmmədli: Bəs necə dolanım? Əvvəllər vermirdim. Yadınıza gəlirsə, efirlərdə hər insanın öz yeri var idi. Ancaq indi baxırsan lazımlı, lazımsız müğənnilər toplusu var. Baxırsan ki, bütün zəngimcellərdə başdan ayağa Üzeyirdir. Eybi yox gənclərimiz oğurluğa, narkomaniyaya qurşanmasınlar, qoy musiqi yazsınlar.

“Bu gün biz Üzeyiri eşidəndən sonra deyirik yazıq Rəqsanə oxuyurmuş”

Elnur Rüstəmov: Sizcə niyə Üzeyirə qulaq asırlar?
Nailə Mirməmmədli: Üzeyir dediz bir hadisə yadıma düşdü. Mənim babam Təzə Pir məscidinin axundu olub. Mərsiyyələr yazıb, öz avazı ilə həmin mərsiyyələri oxuyub. Onun çox gözəl səsi olub. Atamdan eşitdiyimə görə babamın təşkil etdiyi məclislərdə Üzeyir Hacıbəyov, Cahangir Cahangirov, Səid Rüstəmov, sağ qalanlardan Tələt Qasımov iştirak ediblər. Üzeyir bəy ilk operanı yazarkən xalqa yaxın olan mərsiyyələrdən istifadə edib. O yaşadığı dövrün insanlarının psixologiyasını çox gözəl bilib. Üzeyir bəy mərsiyyələrin oxunduğu bir dövrdə operanı ərsəyə gətirib. O ki qaldı bugünkü Üzeyirə sadəcə adlar eynidir.
Elnur Rüstəmov: Bu günki Üzeyir sizcə niyə bu qədər dinlənilir? Hansısa gəncə yaxınlaşsaq, desək ki, Üzeyiri bəyənirsən?. Deyəcək yox. Amma maşınına oturan kimi mütləq Üzeyirin bir mahnısını disklərin arasında tapacaqsan.
Nailə Mirməmmədli: Bir müddət kantingenti biz tərbiyə edə-edə gətirib Tofiq Quliyev səviyəsinə çıxartmışdıq. Hamı Tofiq Quliyevi sevir, mahnılarını dinləyirdi. Axı nəsil dəyişilir. 1960-70-ci illərdə Ələkbər Tağıyev öz fəaliyyət sayıblar, amma onun eşitdiyi Cahangir Cahangirov, Vasif Adıgözəlov və Tofiq Quliyev kimi insanların musiqiləri olub. Aldığı musiqi tərbiyəsindən elə gözəl əsərlər yaradıb. Amma indi eşitdikləri nədir ki, bu yazıq da baxıb, tərbiyə alıb, nə isə yazsın. Bu gün biz Üzeyiri eşidəndə sonra deyirik yazıq Rəqsanə oxuyurmuş. Görün ondan sonra kimlər və nələr gəlir. Əgər Üzeyir kimi müğənillərin qarşısı alınmırsa, axırımız nə olacaq? Bunun qarşısı başqa cür alınmalı idi. İndi artıq gecdir. Üzeyirlərə tələbatı biz yaratmışıq ki, indi meydan oxuyurlar, olmayan səsləri və zövqsüz mahnıları ilə.
Elnur Rüstəmov: Onların cəmiyyətə verdikləri ziyan?
Nailə Mirməmmədli: O gözə görünməzdi. Bir var ki, həkim səhf edir, xəstə ya ölür, ya qalır. Ancaq yaradıcı insanların verdiyi ziyan ya xeyir gözlə görünməyən bir fərziyədir.
Elnur Rüstəmov: Bu gün şou-biznesdə brendlər var ki, o brendlər bir mahnıya 5 min, 10 min pul verirlər. Siz deyirsiz ki, elə müğənilər var mən onlardan pul almıram. Artıq bu hərəkətlə Nailə xanımın özünün brendi var. Belə bir brendlə Nailə xanım kimlər üçün mahnı bəstələyir? Siz çox ünlü sənətkarlarla işləmisiniz. Bilirsiniz ki, artıq maddi təminatınız var. O həmin məşhur brendlər də birinci sizə müraciət edib. Sonra həmin brendin cəmiyyətə gətirdiyi ziyanı bilirsiz?
Nailə Mirməmmədli: Siz çox gözəl bir məqama toxunduz. Mən və Hikmət Rəqsanə üçün mahnı yazmışıq. Amma siz görün nə cür mahnı ərsəyə gəlmişdi, lirikanın çox gözəl xarici elementlərlə qarışığı. Onu da sizə deyim ki, çox gözəl də ifa edib. Bir növ biz onu başa salmışıq ki, çıx o bayağı stildən . Amma çıxa bilmədi.
Elnur Rüstəmov: Maqazin verlişlərinin birində Hüseyn Dəryanı göstərirdilər. Onun danışığında, hərəkətlərində narkomana xas olan hərəkətlər hiss olunurdu. Buna isə yeniyetmələr, gənclər hətta uşaqlar baxır. Efirlər birbaşa insanlara təsir edirlər. Konsultasiya yeniyetmə bir qız gəlir. Deyir ki, mən “Aşkı-Memnu” serialındakı Bihtərəm. Mən böyüyəndə onun həyatını yaşayacağam. Kimdir Bihtər? Zəhərlədimi bu yeniyetmə qızı, onun beynini? Efirdə Hüseyn Dəryaya baxan gənclər yeni tanışlıq əlaqələri qurur. Hüseyn Dərya da narkomandır. Ola bilsin o narkotik maddələri qəbul etməsin. Amma buna baxmayaraq onun xislətində narkomaniya var. Onun etdiyi hərəkətlər kəskin oqressiv hərəkətlərdir. İnsan oqressiv olanada özünə nəzarət edə bilmir. Bu gün sənət aləmində, şou-biznez aləmində elə bir tendensiya var ki, bunları mütləq gözləməliyik. Mənə elə gəlir ki, belə insanlara xüsusi tapşırıqlar verilməlidir. Bu insanlarla hardasa dövlət məşğul olmalıdır. Bir ara müğənillər arasında dəb halını almışdı, hərbi vətənpərvər mahnıları oxumaq, əsgər geyimində klip çəkdirmək. İndi artıq o dövr də keçib.
Nailə Mirməmmədli: Sovet kinolarına baxanda insana xoş təəsürat bağışlayırdı. İstəyirdin ki, həyatını baxdığın kino kimi yaşayasan. İnsanlarda daha çox kiməsə nümunə olmaq, kiməsə yaxşılıq etmək hissi yaranırdı. Açığı indi də həmin sovet filmlərini sevə-sevə izləyir və baxmaqdan yorulmuram. İndiki filmlər isə danışılası deyil. İndi guya Allaha yaxınlaşmışıq, amma tamamilə ondan, onun qanun qaydalarından uzaqdayıq. Dünən qapıma dilənçi gəlmişdi, onlar da elə bilirlər ki, mən milyonerəm. Deyir ki, iftar açmaq istəyirəm, pulum yoxdur, mənə pul verə bilərsiz? Dedim gəl bu gün mən sənə 5 manat verim. Sabah da gəlib iftarı bizim evdə açarsan, iftar süfrəsi verəcəyəm. Mənə nə desə yaxşıdır?
-Bu nədir mənə verirsən? Gəlmişəm sənin qapına mənə verdiyin pula bax. Röyaya mahnı yazırsan mənə 5 manat verirsən.
Onlar elə bilirlər ki, Röya gündə mənə pul gətirib verir. Amma bilmirlər ki, bu gün bəstəkarların durumu tamam başqadır. Biz indi 1960-cı 70-ci illəri qızıl dövr kimi hesab edirik. Mən o vaxtlar musiqi məktəbinin 4-cü sinifində oxuyanda, fortopiano üçün musiqilər yazıb, nota köçürüb müəllimimə gətirdim. Müəllimim onları baxmadan cırıb tulladı ki, sən ionist olacaqsan, bəstəkarımız çoxdur. O arxayın idi ki, onun dövrünün bəstəkarları var. İndi isə bizdə bəstəkar yox səviyyəsindədir. Bu gün hamımız qəflət yuxusundayıq kimi özümüzü aparırıq. Bu işlər 5-6 nəfərlə düzələn iş deyil. Bunu yuxarı təbəqələrdən başlamaq lazımdır.
Elnur Rüstəmov: Bizim şou-biznesdən olan müğənillər özlərindən çox razıdırlar. Özlərindən başqa heç kimi görmürlər. Heç kimin də sözünü saya salmırlar. Əksəriyyətində çox oqressiv davranışlar var. Bəlkə də özünü daha yaxşı tərəfdən təqdim etmək istəyir, sadəcə müəyyən addımlar, müəyyən mərhələlər var ki, onları keçə bilmirlər.
Nailə Mirməmmədli: Onların əksəriyyətinə deyirsən, götür Brilliant Dadaşovanın mahnısını dinlə, elə bilirlər ki, onları söyürsən. Amma, Rəqsanəni, Üzeyiri dinləyirlər, çünki toylarda oxuyurlar.
İradə Nurəddinqızı: Maraqlısı budur ki, bu gün cəmiyyətdə Üzeyiri, qəbul eləmillər. Hamısı ona səviyyəsiz deyir. Amma iş də burasındadır ki, elə ona səviyyəsiz deyənlər onu dinləyirlər.
Nailə Mirməmmədli: Onu dinləyənlər sizcə hansı kantingent ola bilər? Ona qulaq asan hec vaxt Tofiq Quliyevi dinləməyib, Şövkətin, Brilliantın mahnılarını duymayıb. Bu insanları eşidib, onların musiqisini duyanlar Üzeyirə qulaq asmaz axı. Mən təssəvvür edə bilmirəm ki, Brillianta, Şövkətə qulaq asanlar Üzeyiri dinləsin.
Elnur Rüstəmov: Bizim bəzi millət vəkilləri “Tin uşaqlar” nın oxuduğu “O sənin qarə gözlərin sənin olsun” mahnısını dinləyir. Niyə qulaq asmırlar? Sadəcə danışanda qəbul eləmirlər.
Nailə Mirməmmədli: Siz elə danışdınız ki, sanki onlar etalon insanlardılar.
İradə Nurəddinqızı: Vaxt var idi, Ələkbər Tağıyevi bəyənməyən ziyalılar, toylarda onun bəstələdiyi mahnılara qol çırmalayıb oynayırdılar. Ələkbər Tağıyevi Üzeyirlə müqayisə etmirəm amma, bu gün Üzeyir nə oxuyur deyənlər ona qulaq asırlar.
Nailə Mirməmmədli: Ağadadaş Ağayev çox gözəl, hörmətli bir müğənnidir. O, efirə çıxmamışdan əvvəl ara mahnıları oxuyurdu. Efirə gələndə isə ona şərt kəsildi ki, yalnız bəstəkar mahnıları oxumalısan. Mən və Hikmət Ağadadaş Ağayevlə Nəriman Məmmədov, Baba Vəziroğlu, Faiq Sücəddinov, Telman Hacıyev kimi insanların evinə gedib, Ağadadşın səs tempirinə uyğun mahnılar seçdik. Səviyyəli orkestr yaratdıq, efir üçün geyimindən tutmuş, danışıq tərzinə qədər düzəlişlər etdik. O vaxtlar efirlərdə senzura qoyulurdu. İndi axı o senzura yoxdur. Əgə bu gün millət vəkillərimiz Üzeyir kimisini dinləyirsə, hardasa psixologiyanı məktəb yaşında onlara aşılamalıyıq ki, düzgün tərbiyə olunsunlar. Düzgün tərbiyə olunmaq deyəndə heç kəs bunu təhqir kimi qəbul etməsin. Tək tərbiyə oturmaq, danışıq deyil həm də milli sərvətlərimizə hörmət də tərbiyənin bir növüdür. Əgər biz Üzeyiri balaca vaxtında musiqi məktəbinə qoysaydıq, onun dünya görüşü düzgün formalaşsaydı, bu gün elə tərzdə mahnılar yazmazdı.
Elnur Rüstəmov: Əgər sırf psixologiyadan söhbət gedirsə, gərək insanı istiqamətləndirəsən. Bu gün hamı oxumaq istəyir, çünki bu yolun asan qazanc yolu olduğunu düşünürlər. Bu da şübhəsiz bir yerə qədərdir. O cür müğənillərin təbliğ olunması insanların psixologiyasına birbaşa təsir edir. İnsanların yanaşma tərzinə, düşüncəsinə təsir edir. Efirdə bu gün hansısa müğənni danışırsa, o öz danışığı ilə jestlər və hərərkərtləri ilə mesajlar göndərir. Axı efirə yaşından aslı olmayaraq insan təbəqəsi baxır. Yaş qrupları var. 12-dən, 16 yaş qrupuna daxil olan yeniyetmələr hərəkətlərinə nəzarət edə bilmirlər. Onlara bir söz kifayət edər ki, düşsün ortalığa. O buna görə damarını da kəsə bilər, bəyəndiyi müğənninin kostyumundan da ala bilər. İnsanların bir qismi onların təsirinə düşə bilir. Əgər efirdə bir müğəninin kitab oxumağını göstərsələr. İnanın hamı kitab oxumağa başlayacaq.

“Dərdimi dərk eləsəm dəli olaram”

Nailə Mirməmmədli: Düzdür, Sanki efirin marağı qalmaqaldır. Əgər əvvəl bir kanal göstərirdisə, indi başqa kanallar da göstərməyə başlayıblar. Efiri idarə edənlər elə bilirlər ki, bu tərzi göstərsələr daha yaxşı baxılar. İnanın heç kəsi maraqlandırmaz ki, bu gün mən Qurani-Kərim oxuyuram. Efirə çıxan insan mütaliə etməlidir. Ancaq bu gün bizim efirlərdəkilərin çoxu bəlkə ömürlərində əllərinə kitab alıb oxumayıblar. Azərbaycanın xəritədə harada yerləşdiyini bilmirlər. Rəqsanə mənə demir ki, Nailə xanım mənə “şevedrə”yazın.
Elnur Rüstəmov: Nailə xanım özünüz psixoloqa müraciət etmisiz?
Nailə Mirməmmədli: Xeyr etməmişəm. Düzdür mənim elə vaxtlarım olub ki, hətta dəli olmaq dərəcəsinə çatmışam, ancaq özümü tərbiyə etmişəm. Bilirsiz mən dərdimi dərk eləsəm dəli olaram. Boş verirəm. Kənardan mane olmasınlar, köməkləri də lazım deyil. Məsələn Nadir Əzimov məsələsi mənə lazım deyildi. Kim ki Nadiri qızışdırmışdı kadr arxasında qaldı. Həmin vaxt jurnalistlərdən biri gəlib mənim diplomumu soruşdu ki, göstərin görək doğrudan varmı sizin diplomunuz. Onda mən başa düşdüm ki, Hikmət yoxdur. Mən çox sakit və təmkinlə həmin jurnalistə diplomlarımı göstərdim. Çox əziyyətlər çəkməyimə baxmayaraq heç kimə ağız açmadım. Bizdə bir az büdrəyəndə diz üstə düşməyinə kömək edirlər. Mən isə əkizlər bürcüyəm, mübarizəni sevirəm.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!