18 Mart, 2013
İSMAYIL ALTUNSARAY: «EMİN SABİTOĞLU MÜƏLLİMİM OLUB» – MÜSAHİBƏ – FOTOSESSİYA

Muğam irsinin kökündən gələn bozlaqlar “Beynəlxalq Muğam Festivalında” səslənəcək...

Bu gün “Beynəlxalq Muğam Festivalı” ilə əlaqədar Türkiyənin tanınmış sənət adamı istedadlı gənc İsmayıl Altunsaray Bakıya gələcək. Oxuduğu türkü və bozlaqlarla Türkiyənin sevimlisinə çevrilən İsmayıl Altunsaray Şərqi Anadoluda xüsusilə sevilir. Simsar.az ilə əməkdaşlıq edən almaniyalı jurnalist Abdulkadir İnaltekinin İsmayıl Altunsaraydan xüsusi olaraq Simsar.az üçün aldığı müsahibəni təqdim edirik.

Səsi və sazı ilə xüsusilə gənc nəsillərin heyranlığını qazanmış olan İsmayıl Altunsarayı bütün cəhətləri ilə sevənlərinə təqdim etmək üçün özündən ətraflı müsahibə götürmə imkanı tapdım. Gənc sənətçinin sənət həyatı, mədəniyyət haqqındakı fikiləri, tənqidləri, gələcəyə dair müşahidələri, Türk Dünyası əlaqələri, Azərbaycan muğamlarından-Qarabağ münaqişəsinə qədər bir-birindən maraqlı bəyanatını oxuculara təqdim edirik.
Müsahibənin ilk sualı təbii ki, İsmayıl Altunsarayın tərcümeyi-halı ilə bağlı idi.


-Hörmətli İsmayıl Altunsaray, əvvəla Azərbaycan oxucularına tərcümeyi-halınız barədə məlumat vərə bilərsizmi?

-Mən 1980-ci ildə Kırşəhirdə anadan olmuşam. 1997-ci ilə qədər, yəni on yeddi yaşıma kimi Kırşəhirdə yaşamışam, o bölgədə böyümüşəm. Kırşəhirdə abdallarla, çoxlu ustadlarla məşq etmə imkanı tapmışam. Bacımın hədiyyə aldığı saz ilə on iki yaşımda musiqiyə başlamışam. Daha sonra, on yeddi yaşımda konservatoriyanı qazanıb İstanbula köçmüşəm. 1997-ci ildən İstanbulda yaşayıram, sənət fəaliyyətlərimi İstanbulda davam etdirirəm. Albom buraxmazdan öncə eşikçi kimi dolanmışam. Daha sonra ilk albomumu buraxmışam və indi isə öz yolumda qabağa getməyə çalışıram.

- Kırşəhir mahalında hansı usdadlardan təsirlənmisiz və sizin bugünkü sənət həyatına atılmanızda kimlərin rolu olub?

- Bir tək usdaddan təsirlənmək olmur. Çoxlu usdadları dinləyib, hamısını başa düşüb, tədqiq edəndən sonra zamanla sizdə birgə tərz yaranır. Mən musiqiyə başlayanda ilk fəaliyyətlərimi təbii ki, Kırşəhirdə apardığım üçün tərzim yerli, yəni lokal bölgədən ibarət idi. Yalnız bu mahalın musiqisi üzərində işləmişdim. Daha sonra İstanbula köçəndə çoxlu ustaddan təsirlənmişəm. Həm albomlarını, həm də özlərini birbaşa canlı olaraq dinlədiyim ustadların hamısından təsirləndim açığı. Ona görə ki, bir usdaddan təsirlənməklə olmur bu iş. 

- Sizə görə musiqi sənəti nə deməkdir?

- Mənə görə bu sənət müəyyən yerdə dayanan, qurtaran bir şey deyil. İnkişaf edə-edə, həyatboyu davam edir və daha sonra sonu olmayan bir duyuma sahib olur adam. Buna sənət deyilir. Onsuz da sənət sonu olmayan, hüdudu olmayan, sərhədi olmayan bir dərketmə üsuludur, mənimçün.

-Saz ifaçılığı ilə bərabər səsinizlə də sevilirsiz. Təkcə ifaçı olamaq istərdinizmi?

- Əslində, oxumağa daha sonra başlamışam. Yoldaşılarm, müəllimlərim – konservatoriyada hamı mənə oxu dedi, hər zaman rədd etdim. Yəni ifaçılığımı inkişaf etdirmək istəyirəm dedim. Bəlkə doğru etdim, bəlkə səhv etdim onu deyə bilmərəm. Hələ də bu barədə dəqiq fikrə gələ bilməmişəm.

-Sənətcinin özünün-özünü müşayiət etməsi, yəni həm çalmaq, həm də oxumaq çətindir?


-Bağlama (saz) necə mənim çalgı alətimdir. Eyni zamanda çalıb-oxumaq tamam fərqli bir şeydir. Aləti və səsinizi bir-birinə inteqrə etməyə çalışırsız. Bu çox çətin bir işdir. Yəni bir-birinə kökləmək, ahəng təmin etmək, uyğunlaşma təmin etmək və onlardan birgə ruh çıxarmaq, ikisini birgə eşitdirə bilmək, insanlara təqdim etmək, bütöv olmaq, yəni ikisini bir arada təqdim etmək çox çətin bir işdir.

- Türk xalq musiqisini necə təsvir edərdiniz?

- Təbiilikdir deyə təsvir edərdim; təbii olmaq. Türk xalq musiqisi məncə təbii olmaqdır. Yəni xalq musiqisi insanın özündən utanmamasıdır. İnsanın özünü, yalnız özünü deyil özündən əvvəl yaşamış ustadları xor, həqir görməməkdir – xalq musiqisi. Məncə, xalq musiqisi belə təsvir edilməlidir.

- Mədəniyyətin korlanması Türk xalq musiqisinə necə təsir edir?

-Yəni dünya korlanma istiqamətində gedir amma təbii olan, təbii olmağı qəbul edən insanlar hər zaman öz varlığını, öz duruşunu qoruyub saxlayır. Bunun qabağını həç kim ala bilməz, yəni təbiiliyin qarşısı kəsilə bilməz.

-Bu məqamda Azərbaycan musiqisilə bağlı sual vermək istəyərdim. Azərbaycan musiqisinə maraq duyursuz?

-İnanılmaz dərəcədə. Azəri musiqisinin mənim həyatımda xüsusi yeri var.

- Azərbaycan, tarix boyu çətin sınaqlardan keçməsinə baxmayaraq incəsənətini, musiqisini qoruyub saxlamağı bacarıb. Sizcə musiqi mədəniyyəti acılarla yaşayir?

-İndi mən belə deyirəm. Rusiyanın, lap o dövrdən bəri SSRİ-nin müstəmləkəsi altında yaşamış olmanın onlara verdiyi müsbət bir cəhət də var əslində. Bəlkə çoxu mənlə razılaçmayacaq, irad bildirəcək bu mövzuda amma ruslar, yəni köhnə Sovetləri nəzərdə tuturam, azərilərin mədəniyyətinin pozulmasına yol verməyib. Öz musiqilərini qoruyub saxlamalarını təmin edib, həmçinin Qərbin harmoniya quruluşunu da azəri musiqisinə inteqrasiya edib və azəri musiqisinin üfüqünü inanılmaz dərəcədə genişləndirib. Azəri musiqisinin zənginləşməsinə SSRİ-nin həqiqətən böyük xıdməti olub, - deyə düşünürəm mən.

- Azərbaycan musiqisi mədəniyyəti umum Türk Dünyası mədəniyəti içində harda durur?

- mənim üçün Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti çox yüksək bir mədəniyyətdir. Həmin bölgənin üfüqünü Qərbin harmoniya quruluşu ilə zənginləşdirəndə o zaman ortaya tamam fərqli bir musiqi çıxır. Başqa-başqa bəstələr, dahi bəstəkarlar, sənətkarlar çıxır qarşınıza.

- Azərbaycan musiqisilə nəcə tanış oldunuz?

- Azərbaycan musiqisini konservatoriyada oxuduğum illərdə yoldaşlarımla öz aramızda ifa edirdik. Bu musiqi həmin illərdə məndə maraq oyandırıb. Azərbaycanda yüksək mədəniyyət olduğu üçün azəri musiqilərinin mənim həyatımda xüsusi yeri var.

- Azərbaycan sənətçilərindən tanış olduğunuz və ya əməkdaşlıq etdikləriniz var?

-Təxminən iyirmi iki ya iyirmi üç yaşımda idim. Qırğızıstanda kəçirilən, 10–25 yaşlı gənclərin iştirak etdiyi bəynəlxalq musiqi festivalına getdim. Qırğızıstanda "Issık gölü" var. Issık Gölün kənarında bir konsert təşkil etmişdilər. O zaman Azərbaycandan gəlmiş, dinlədiyiniz zaman sanki qırx beş-əlli yaşında insan təsiri bağışlayan gənc, istedadlı, məharətli yoldaşlar da var idi. Hətta məndən də cavan idilər. Mənim onda iyirmi üç yaşım var idi, onlar isə on altı, on səkkiz yaşlarında, inanılmaz dərəcədə muğam oxuyan yoldaşlar idi. O zaman onlarla tanış olmuşam.

- Azərbaycanlı sənətçilər Türkiyəyə təz-təz səfər edirlər. Onlarla da tanış olmusuz?

- Türkiyədə də çox gözəl Azəri ifacılar var. Məsələn Muhsin Qurbani var, böyük qardaşı Abdullah Qurbani var. Onlarla tanış olmuşam. Xüsusilə Muhsin Qurbanı ilə tanış oldum.
Abdullah Kurbaninin bir əsəri var "Bahar şənlik rəqsi" deyə, səhv eləmirəmsə onun öz əsəridir. Bu yaxınlarda onu TRT-də bir proqramda ifa etmişəm. Muhsin Bəyin bundan çox xoşu gəlib. Bir skripkaçı yoldaşım vasitəsilə təəssüratını mənə çatdırdı. BU cür tanış olduğum bir neçə adam var.

- Azərbaycana səfəriniz olacaq. Bəlkə səfəriniz barədə məlumat verəsiz?

-Türkiyədə bir virtuoz ustadı var, Misirli Əhməd. Onunla birlikdə 18 Mart 2013-cü ildə “Beynəlxalq Muğam Festivalı” üçün Azərbaycana səfərimiz olacaq.

- Festivalda muğam ifa edəcəksiz?

-Mən Azərbaycana muğam oxumağa yox, bozlaq oxumağa gedirəm. Öz bölgəmin musiqisini oxuyacağam. Yəni, orada Azərbaycanlılara öz musiqilərini tanıdacaq deyiləm. Çünki mən azəri deyiləm. Öz bölgəmdən qulağıma, könlümə nə dolubsa onu orda ifa etməyə çalışacağam. İnsanların bizi dinləyib, doğru olanı anlayacağını düşünürəm. Yəni Azərbaycanda böyüməmiş bir insanın ora gedib azəri musiqisi ifa etməsinin doğru olduğunu düşünmürəm.

- Azərbaycan kanallarına baxırsız?

-Bəli, mümkün olduğu qədər izləməyə çalışıram.

- Azərbaycan sənətçilərdən kimlərə qulaq asırsız, kimləri bəyənirsiz?

- Ramiz Quliyevi çox bəyənirəm. Sonra Şövkət Əliəbərovanı. Alim Qasımov, Möhlət Müslümov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, Melekxanım Əyyubova, Nuriyyə Hüseynova, kamanşacı Fəxrəddin Dadaşov, Munis Şərifov və s. Daha adını çəkmədiyim çox gözəl sənətçilər dinləyirəm.

- Azərbaycanın beynəxalq şöhrətli pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Musatafazadəni tanıyırsız?

-Əzizə Mustafazadənin atası Vaqif Mustafazadədir. Əzizə xanım inanılmaz bir musiqiçidir. Dünya səviyyəsində tanınmış bir caz sənətçisi olmasına baxmayaraq o, öz doğma torpaqlarının muğamlarını caz ilə çox gözəl inteqrasiya etmiş bir sənətçidir.

- Türkiyədə hər sahədə Azərbaycanlı müəllimlər işləyir, o cümlədən konservatoriyada. Təhsil alan zaman kimlərlə tanış oldunuz?

-Konservatoriyada oxuyarkən Emin Sabitoğlu müəllimim olub. O zaman dünyasını dəyişdi, nur içində yatsın (Amin!). Çox dəyərli bir müəllim idi. Hətta həyat yoldaşı Xədicə xanım Sabitoğlu da bizə İngilis dili dərsi deyirdi. Məsələn "Ala gözlüm səndən ayrı gecələr" Emin müəllimin əsəridir (mahnını zümzümə edir A.İ.).

-Azərbaycan muğamları ilə bozlaqlar arasında oxşarlıq varmı?

- Əlbəttə var. Bozlaqların kökündə Mərkəzi Asiya qoxusu duyulur. Bunu, Məhərrəm Ərtaşda daha çox duyuruq. Məsələn Türkmən sənətciləri dinləyirsiz, onların texnikası Məhərrəm Ərtaş ilə bir-birinə çox yaxın, oxşar tərəfləri çoxdur. Ona görə muğam musiqisini çox yaxşı dinləmək, yaxşı anlamaq, yaxşı qavramaq, nəzəriyyəsini daha yaxşı bilmək lazımdır.

-Görünür, Azərbaycan musiqisinə müəyyən dərəcədə bələdsiz. Muğamlara da xeyli marağınız var.

- Şəxsən Azərbaycan musiqisindən öyrənməyim gərəkən bilmədiyimiz milyonlarla şey var. Öz bölgəmizlə, mahalımızla bağlı da çox şey var.

- Siz, Türkiyədə sevilən bir sənətcisiz. Bu sahədə özünüzü hansı pillədə görürsüz?

- Özümü həmişə şagird olaraq görürəm. Heç vaxt özümü müəllim kimi, ustad kimi görmürəm. Həyatım boyu özümü şagird kimi görəcəyəm. Çünki dünyada öyrəniləsi o qədər şey var?! Adicə bir uşaq bəzən gəlib sizə elə bir söz söyləyir ki, sizin o zamana qədər düşünə bilmədiyiniz, düşünə bilməyəcəyiniz bir şey olduğunu görürsüz. Ona görə mən hər zaman şagird olduğumu düşünürəm.

- Tarix boyu xalqların dərdini ozanlar, sənət adamları dilləndirib. Siz özünüzü bu cərgədə görürsüz?

-Qana, ağrıya, insanlıqdan ayrı olmağa qarşıyam. Mənim yeganə silahım; əslində mən buna silah demək də istəmirəm, amma tək silahım sazım olduğu üçün sülhə, insanlığa bağlıyam. Bunun, ən düz yol olduğunu düşünürəm. Hətta mənə müsahibələrimdə: "Sən insanlar üçün musiqilə məşğul olursan, yoxsa pul üçün?" deyə sual veriləndə, həmişə belə deyirəm: “Mən nə insanlara görə, nə də pula görə musiqilə məşqul olmuram. Mən musiqini, sənəti insanlıq üçün edirəm” deyirəm. Çünki mühüm olan sizin insanlara bir şey buraxmanız deyil, insanlığa bir şey buraxmanızdır. Gəlin, müsahibəni bu sözlərlə də bağlayaq.

-Fikirlərinizi Azərbaycanlı oxucularla bölüşdüyünüz üçün sizə öz təşəkkürümü bildirirəm.

-Mən də sizə təşəkkür edir, Azərbaycan xalqına da ehtiramlarımı bildirirəm.

Simsar.az üçün xüsusi olaraq

Abdulkadir İnaltəkin,
Berlin

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!