20 Yanvar, 2011
Rumıniyada 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı mərasim keçirilib

Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondu-Rumıniya Nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, insan hüquqları üzrə və müxtəlif digər sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə 20 Yanvar faciəsini əks etdirən foto-guşə nümayiş olunub. Daha sonra Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov 1990-cı il 20 yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin, sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi qəddar aksiya barədə ətraflı danışıb. Tədbirdə çıxış edənlər 20 yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağından əmin olduqlarını diqqətə çatdırıblar. Sonra mərasim iştirakçıları “Qanlı yanvara aparan yol” sənədli filminə baxıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!