20 Yanvar, 2011
Azərbaycan XİN Avropa Komissiyası prezidentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi barədə sözlərinin qurumun internet səhifəsində dəyişdirilməsinə etiraz bəyanatı yayıb

Belə bir hal təəssüf və təəccüb doğurur, Avropa İttifaqı ilə münasibətləri, qarşılıqlı etimad və əməkdaşlığı ciddi sual atına qoya bilər

“Bu il yanvarın 13-də Azərbaycanda səfərdə olan Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo prezident İlham Əliyev ilə birgə mətbuat konfransında çıxışında digər məsələlərlə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Xose Manuel Barrozo deyib: “İcazə verin, onu da bildirim ki, Avropa Birliyi, əlbəttə ki, tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir. Biz ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyirik və etimad yaratma tədbirlərini maliyyələşdirməyə hazırıq.” (Let me also stress that European of course supports the principle of territorial integrity of its partners including Azerbaijan. We are fully backing the efforts of the OSCE Minks Group and… we stand right to provide further support if agreed by all parties). Xarici İşlər Nazirliyi dərin narahatlıqla bildirir ki, Xose Manuel Barrozanın xarici və yerli kütləvi informasiya vasitələri qarşısında etdiyi çıxış, Avropa Komissiyasının rəsmi internet səhifəsində tam şəkildə yerləşdirilməyib və çıxışın Azərbaycanın ərazi bütövlüyünə aid hissəsi çıxarılaraq digər fikirlərlə əvəz edilib”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin bu gün yaydığı açıqlamada bildirilib. XİN bildirir ki, belə bir hal təəssüf və təəccüb doğuraraq Avropa İttifaqı ilə münasibətləri, qarşılıqlı etimad və əməkdaşlığı ciddi sual atına qoya bilər. Nazirlik bir daha xatırladır ki, Azərbaycan BMT, ATƏT və digər beynəlxalq təşkilatlara SSRİ daxilində olduğu sərhədləri çərçivəsində üzv qəbul olunub və ölkənin ərazi bütövlüyü və suverenliyi dünyanın bütün dövlətləri tərəfindən (Ermənistan Respublikası istisna olmaqla) tanınır. Avropa Komissiyasının rəsmi internet səhifəsində M.Barrozanın çıxışına edilən düzəlişlər Avropa İttifaqının imicinə mənfi təsir edə biləcək addım kimi qiymətləndirilərək, eyni zamanda Avropa İttifaqı ilə Azərbaycan arasında 1999-cu ildə imzalanmış “Əməkdaşlıq və tərəfdaşlıq Sazişinin” ruhuna ziddir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!