6 Mart, 2013
KÜLƏYƏ QARŞI YERİYƏN ADAM

Onu vətən xainliyi ilə ittiham edənlərin “vətənpərvərlik”lərinin iç üzünü açır və “Bəli mən vətən xainiyəm” deyirdi...

Küləyə qarşı yeriyirəm,
Yamaqlı küçələrində bu şəhərin...


Kimi onu “Romantik kommunist”, kimi də “Romantik inqilabçı” adlandırırdı. Ancaq o, hər şeydən əvvəl bir insan idi. Siyasi inancları üzündən dəfələrlə həbs olunan, həyatının böyük hissəsini həbsdə və ya sürgündə keçirən, vətən həsrəti çəkən, yenə də sevgiyə olan inancını itirməyən bir insan. “Mavi gözlü dev” şeirindəki kimi dev ürəyinə sahib bir insan.

Bir dev kimi sevirdi dev.
Və əlləri elə böyük işlər üçün
hazırlanmışdı ki devin,
çala bilməzdi qapısını
baxçasında ebruliiii
hanımeli
açan evin.


1902-ci il 15 yanvar tarixində dünyaya göz açanda ona Nazim adını qoydular. Elə adına uyğun olaraq Nazim şeirdə, nəzmdə yüksəldi, bütün dünyada tanınan, əsərləri 50-dən çox dilə çevrilən XX əsrin ən böyük şairlərindən biri oldu. Amma, bu, o qədər də asan başa gəlmədi.

1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarıldı. Öz ölkəsində yasaqlandı. Həyatı boyu yazdıqlarına görə, 11 ayrı iddiadan mühakimə olundu, İstanbul, Ankara, Çankırı və Bursa həbsxanalarında 12 ildən çox yatdı.

Nə yazırdı axı Nazim Hikmət, nədən yazırdı ki, bu qədər müqavimət, bu qədər kinlə qarşılanırdı?

O, həqiqətləri yazırdı, haqsızlıqlara qarşı çıxır və ən əsası xalqının, o cümlədən bütün insanların gözünü açmaq istəyirdi.

Bu dünya öküzün buynuzunda yox,
bu dünya əllərinizin üstündə durur.

-deyirdi, Nazim Hikmət “Əlləriniz və yalanlara dair” şeirində və belə davam edirdi:

Və insanlar, ah, mənim insanlarım,
yalanla bəsləyirlər sizi,
halbuki acsınız,
ətlə, çörəklə bəslənməyə muhtacsınız.

Və bəyaz bir süfrədə bir dəfə
doyunca yemək yemədən
köçüb gedəcəksiniz bu hər budağı yemiş dolu dünyadan.

Nazim insanları kitablarda yazılanlara, televiziyalarda gördüklərinə, kinolara, reklamlara, bir sözlə böyük bir yalanın parçası olan hər şeyə qarşı diqqətli olmağa, yalanlara inanmamağa çağırırdı:

antenalar yalan söyləyirsə,
yalan söyləyirsə rotatifler,
kitablar yalan söyləyirsə,
…..
əllərinizdən keçinən
və əllərinizdən başqa hər şey
hərkəs yalan söyləyirsə,
əlləriniz palçık kimi itaətli,
əlləriniz qaranlık kimi kor,
əlləriniz çoban itləri kimi abdal olsun,
əlləriniz üsyan etməsin deyədir.

Elə buna görə də, sevilmir, yalanları yaradanlar tərəfindən yasaqlanır, vətən xainliyi ilə damğalandırılırdı.
Onu vətən xainliyi ilə ittiham edənlərin “vətənpərvərlik”lərinin iç üzünü “Nazim Hikmət vətən xainliyinə davam edir” şeirində cavab verir və “Bəli mən vətən xainiyəm” deyirdi – Mavi gözlü dev :

Vətən fermalarınızdırsa,
kasalarınızın ve çek dəftərlərinizin içindəkilərdirsə vətən,
....
fabrikalarınızda al qanımızı içməkdirsə vətən,
vətən dırnaqlarıdırsa ağalarınızın,
vətən, mızraqlı ilmihaldırsa, vətən, polis copudursa,
ödəmələrinizdirsə, maaşlarınızdırsa vətən,
.....
mən vətən xainiyəm.
Yazın üç sütunda qapqara hayqıran şriftlərlə:
Nazim Hikmət vətən xainliyinə davam edir hələ də.

Bütün dünyanı gəzib vətən həsrəti ilə yaşayan adam

1921-ci ildə getdiyi Moskvada inqilabın ilk illərinə şahid oldu və kommunizm ilə tanışlığı da elə burdan başladı. Türkiyəyə qayıtdıqdan sonra “İşıqlıq Jurnalı”nda işə başladı, ancaq jurnalda nəşr olunan şeir və yazılarına görə, 15 il həbsi istənildi. Beləliklə də o, təkrar Sovetlər Birliyinə qayıtdı. 1928-ci ildə əfvdən yararlanaraq təkrar Türkiyəyə gəlir, ancaq 1938-ci ildə iyirmi səkkiz il həbs cəzasına məhkum edildi. 12 il həbs yatdı.
1938-ci ildə ordunu qiyama səslədiyi iddiası ilə 28 il 4 ay həbs cəzasına məhkum edildi, 1950-ci ildə əfv qanunuyla sərbəst buraxıldı. Onun Bursa həbsxanasında qaldığı bu illər daha sonra 2007-ci ildə çəkilən “Mavi Gözlü Dev” adlı filmdə öz əksini tapdı. Türkiyə vətəndaşlığından çıxarıldıqdan sonra Moskvada yaşadı. Xaricdə keçirdiyi illərdə Bolqarıstan, Macarıstan, Fransa, Kuba, Misir kimi ölkələri gəzdi, buralarda konfranslar təşkil etdi, müharibə və imperializm əleyhinə olan hərəkatlarda iştirak etdi, radio proqramları təşkil etdi. Ancaq heç vaxt öz məmləkətini unutmadı, həmişə vətən həsrəti çəkdi və bu həsrəti də məmləkət, vətən haqqında yazılmış şeirlərində dilə gətirdi. Bu şeirlər bəlkə də bir insanın məmləkət sevgisini əks etdirən ən təsirli şeirlərdir:

Sən indi yalnız saçımın ağında,
enfarktında üreyimin,
alnımın cizgilərindəsən məmləkətim,
məmləkətim...

başqa bir şeirində isə belə deyir, usta şair:

Məmləkətimi sevirəm:
Çinarlarında kolan vurdum, həbsxanalarında yatdım.
Heç biri unutdurmaz sıxıntımı
Məmləkətimin mahnıları və tütünü kimi.

Nazim Hikmət Türkiyə vətəndaşlığından çıxarılmışdı, amma onun əlindən alınması mümkün olmayan bir vətəndaşlığı daha vardı – dünya vətəndaşı idi o. Elə 1950-1963-cü illər ərzində yazdığı şeirlərində də dünyanın gəzib gördüyü yerlərini, şəhərləri və həmin şəhərlərdə keçirdiyi hissləri yazıb – Nazim. İstanbul, Moskva, Paris, Sofya, Roma, Praqa, Bakı Nazimin şeirlərində ən gözəl şəkildə təsvir olunub:

Gecə vaxtı ulduzsuz ağır dənizə qədər
Gecə zifiri qaranlıqda günəşli buğda tarlasıdır Bakı şəhəri.

Sevgililəri bəlkə də dünyanın ən şanslı qadınları olub

Nazim Hikmət şeirlərində sevginin hər halı əks olunub. Məmləkət sevgisi, həyata olan sevgi, qadına olan sevgi... Nazim Hikmətin sevgililəri bəlkə də dünyanın ən şanslı qadınları olub. Çünki, onlar haqlarında ən gözəl eşq şeirlər yazılan qadınlardır. Nüzhet, Pirayə, Münəvvər, Qalina və Vera- hamısı da Nazimin şeirlərində eşq təcəssümünə çevriliblər. Belə deyilir ki, Nazim bu qədər çox qadına şeir həsr etsə də, o axtardığı sevgini heç vaxt tapa bilməyib. Ancaq bu fikir o qədər də inandırıcı deyil, həqiqi sevgini tapmayan bir insan belə şeirləri necə yaza bilər görəsən?

Sevirəm səni
Çörəyi duza basıb yemək kimi
Gecə vaxtı atəşlər içində oyanaraq
ağzımı krana dayayıb su içmək kimi

.............

Xoş gəldin qadınım mənim, xoş gəldin!
Ayağını basdın otağıma
....
Güllər açıldı pəncərəmin dəmirlərində.
Ağladın,
ovuclarıma töküldü incilər;
könlüm kimi zəngin,
hürriyət kimi aydınlıq oldu odam.
Xoş gəldin qadınım mənim, xoş gəldin…

Ölümün qorxduğu adam

1963-cü il iyulun 3-ündə səhər saat 06:30-da qəzetini almaq üçün ikinci mərtəbədəki mənzilindən binanın qapısına gedən Nazim Hikmət qəzetə götürərkən infarkt keçirir.
Sovet Yazıçılar Birliyinin salonunda keçirilən hüzr mərasimdə yerli və xarici yazıçılar iştirak edirlər. Nazim Hikmət Moskvada məşhur Novo-Deviçye qəbristanlığında dəfn olunur. Məzar daşının üzərinə “Rüzgara qarşı yürüyən adam” şeirindəki adamın fiquru çəkilir.

Ölüm isə ondan qorxurmuş, çünki ölüm bu böyük şairin bədənini alsa da ruhunu, misralarını insanların yaddaşlarından silə bilməyəcəyini bilirdi. Elə buna görə də, ölüm uzaq qaçdı ondan, Onun şeirləri Bilqamışın axtarıb tapa bilmədiyi ölümsüzlük iksiri oldu, Nazima ölməzlik bəxş etdi. Onu sevənlər, sevməyənlər, hətta siyasi görüşlərinə görə onu tənqid edənlər belə, bu böyük insanın sənəti qarşısında baş əyməli oldular. Əgər onun şeirini bəyənmədiyini deyən biri varsa, bilin ki, o yalan danışır. Bəli onun şeirlərində elə bir sehr, elə bir sirli qüvvə var ki, insan oxuduqca təsirinə düşür və Nazimi sevməmək mümkünsüz olur.

Nazim yaşayır və yaşamağa da davam edəcək.
Artıq 111 ildir ki, Nazim Hikmət küləyə qarşı yeriyir və küləyin sürəti artdıqca onun addımları da yeyinləşir. Çünki, onun xəyalında “Gülüşü dəniz mavisi cocuqlar” olan bir məmləkət var.

Sanki mən min yaşında bir dəli
Yamaqlı küçələrində bu şəhərin.
Yeriyirəm küləyə qarşı
Xəyalımda “Gülüşü dəniz mavisi cocuqlar”



İlknur Salamova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!