19 Yanvar, 2011
Elçın Şıxlı: “Otağımızda, bir yazı stolumuz, makinamız və bir də qoltuq kürsümüz var idi”...

“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçın Şıxlı “Jurnalistin ömrü” rubrikasınının qonağıdır. 1957-ci il oktyabrın 4-də anadan olan müsahibimizin maraqlı həyat yolundan bəhs edən müsahibəni  siz də oxuyun.

 

 

- Elçın müəllım, rubrikamızın əsas məqsədi, tanınmış jurnalıstlərin ömür yoluna nəzər salmaqdır. Əgər nəzərə alsaq ki, hər şey uşaqlıqdan başlayır, nələri xatırlayardız?

- Sözün açığı elə qeyri-adi uşaqlığım olmayıb. Bildiyiniz kimi şair övladıyam bu da mənə İlyas Əfəndiyev, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İsa Hüseynov, Əliağa Kürçaylı, Salam Qədirzadə kimi tanınmış və sevilən şairlərin əhatəsində böyüməyə imkan verib. Uşaq baxçasına getməmişəm, rus dilli dayəm olub, dili ondan öyrənmişəm. Dil açanda iki dildə danışmağa başladım. Dayəmin ali təhsili olmasa da, çox savadlı bir qadın idi. Bütün rus nağıllarını o, mənə danışırdı. Mən uşaq olanda ümumiyyətlə uşaqları rus məktəblərində oxutdurmaq dəb halını almışdı. Ancaq bizim həyatdə o dəbin əksi idi. Bütün yazıçı və şair uşaqları Azərbaycan dillı məktəblərdə təhsil alırdılar. Şair və yazıçıların düşüncələri də belə idi ki, əgər mənim yazdığım əsəri övladım öz doğma dilində oxumursa, deməli mənim yazmağım əbəsdir. Mən 190 saylı orta məktəbi bitirmişəm. 2-ci sinifdən fars dili və ingilis dili üzrə mənə ayrıca müəllim tutuldu. Məktəbi bitirəndən sonra Xarici Dillər Universitetinin ingilis dili fakultəsinə daxil oldum. Universiteti bitirdikdən sonra Nazirlər sovetinin yanında Xarici Turizm idarəsində işlədim. Hazırda həmin idarə fəaliyyət göstərmir. Təyinatımı da həmin idarəyə aldım, bir-iki ay işlədikdən sonra əsgərliyə getdim. Almaniyada hərbi xidmət mənə çox xeyirli oldu, alman dilini öyrənməyə başladım. İl yarım hərbi xidməti başa vurduqdan sonra vətənə qayıtdım. 1985-ci ilin sonuna qədər isə “Xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətində” iş fəaliyyətimi davam etdirdim. Sonra Maarif Nazirliyində kollegiya katibi və Nazir köməkçisi vəzifəsində çalışdım. Bakıda “Uşaq fondu” yaradıldı, fondun yaradılmasında bir referent kimi iştirak etdim. 1988-ci ildə Ermənistanda zəlzələ oldu və müharibənin qığılcımları görünən zaman Bakıya ilk köç gəldi. Biz də o zamanlar ancaq uşaqlar üçün rayonlara humanitar yardımlar aparırdıq. İlk öncə Bərdəyə sonra Qazaxa yardım aparmalı oldum. Yardım geyimdən və oyuncaqdan ibarət idi.

- Jurnalistlik fəaliyyətiniz nə vaxtdan başladı?

- 1989-cu ildən “Комунист Азербайджана” və “Azərbaycan Komunisti” adlı qəzetdə ədəbi işçı kimi işləməyə başladım. Bu qəzetdə işləmədən öncə həmin ildə SSRİ “Yazıçılar İttifaqı” na bədii tərcümə ilə məşğul olduğum üçün üzv oldum. İngilis dilindən Azərbaycan dilinə tərcümə etdiyim Oskar Vayldın “Sehirli nağıllar” və Eiiz Nesrin “Futbol Kralı” adlı 2 kitabım işıq üzü gördü. Sonra bir çox müəlliflərin əsərlərinin tərcüməsi ilə məşğul oldum. Qəzetdə işlədiyim zamanlarda Rauf Talışınski ilə tanış oldum. Qəzet iki dildə çıxırdı, Rauf Talışınski rus bölməsində, mənsə, Azərbaycan bölməsində işləyirdim. 1989-cu ilin sonuna yaxın başqa bir qəzet təsis etməyə başladıq. Həmin qəzetdə Rauf Talışınski, mən və başqa qəzetlərdə işləməklərinə baxmayaraq əlavə qazanc yeri olduğuna görə bizimlə işləməyə razı olan bir- iki nəfər də var idi. “Kommersiya xəbərləri”adlı həmin qəzet, iki dildə Rus və Azərbaycan dilində çap olunmağa başladı. Qəzetin ömrü il yarım oldu. Yenicə ailə qurmuşdum və ailəni saxlamaq üçün gecə-gündüz çalışmalı idim. Sonra bir ideaya gəldi ki, növbəti bir qəzet buraxaq. Fransız və İtalyan dilini bilən bir qrup adam da tapdıq. Çünki biz bəzi əcnəbi İngilis, Alman, Türk, Fransız və İtalyan dilindən olan qəzetlərdən maraqlı yazıları götürüb tərcümə edib çapa verirdik. “Ayna” və “Zerkalo” qəzetinin ilk nömrələri həftədə bir dəfə 8 səhifədən ibarət idi. O zamanlar texnika bir o qədər də inkişaf etməmişdi. Otağımızda, bir yazı stolumuz, makinamız və bir də qoltuğ kürsümüz var idi. Onun da üstünə bir parça qoyub yazı yazırdıq. Kim tez gəlirdisə, onun üstündə yazı yazırdı, bir qədər sonra gələnlər isə pəncərənin və aynanın qabağında yazırdılar. Demək olar ki, evə uşaqlar yatanda gedirdim, səhər isə işə gələndə uşaqları yatmış halda görürdüm. Gənc olduğumuz üçün enerjimiz çox və tükənməz idi. İşlədiyimiz bu qəzetdə iki ay pul olmadı. Mən bu işə başlayanda atamala bir-iki ay küsülü də qaldım. Daha dəqiq bu işə valideynlərim tərəfindən də kömək yox idi. Amma buna baxmayaraq işimiz ilə irəli getməyə çalışırdıq. Tirajlarımız 150 minə qədər idi.  

- Xanımınızla necə tanış olmusunuz?

- Yoldaşım ilə qohum idik, nənələrimiz xala uşağı olublar. Uşaqlıqdan bir yerdə böyümüşdük. Amma şüurlu şəkildə tanışlığımız Leninqradda olub. O zamanlar həyat yoldaşım orda Universitetdə oxuyurdu. 1984-cu ildə Xanım ilə ailə qurduq.  Işimin çox olduğundan o, evdə mənim görəcəyim işləri də öz üzərinə götürürdü. Mənə həmişə mənəvi dəstək olub. Xoşbəxt ailə sahibiyəm. Ayxan və Toğrul adlı 2 oğul övladımız var. Biri iqtisadçıdır, hazırda hərbi qulluqdadır. O biri oğlum isə hüquqşünasdır. 

“Bir duanın ki, nə demək olduğunu molla başa düşmürsə, “papuqay” kimi yazılanı təkrar etməsinin nə anlamı var”

 - Jurnalistikadan savayı hansı peşəyə meyliniz olub?

- Bir az öncə sadaladığım işlər mənim üçün çox əlverişli idi. Sadəsə olaraq, mən işimdə sərbəstliyi xoşlayıram. Buna görə hardasa yaradıcı bir iş axtarırdım. Yaradıcı iş də məhz elə mənim işimdir. Jurnalistika peşəsində gərək ürəklə işləyəsən, mən də bu potensialla işləyirəm.

- İstirahət etməyə vaxt tapırsınız?

- Bu işdə işləyəni yəni, 1990-cı ildən bu yana rəsmi olaraq məzuniyyətdə olmamışam. Amma arada çalışıram ki, bir az istirahətə vaxt tapım.

- Kimləri dinləyirsiz?

- Röyanın mahnılarını bəyənirəm. Ancaq oxuduğu mahnıların  biri digərinə çox bənzəyir. İndiki zamanda sənətçilər çoxluq təşkil etdiyinə görə, sənətkarlar görsənmir.

- Əməkdar və ya xalq artistləri adlarını alanlar necə?

 - Bizim sahədə də kimə gəldi “Əməkdar jurnalist” adını verirlər. Eyni meyyarlar şou-biznesdə də var.  

- Elçin Şıxlı ibadət edir?

- İnsanın içində inam olmalıdır. Mən Tanrıya inanıram, aramızdakı atributlara yox. Allahın dediyi odur ki, insan ol, insan kimi yaşa, yaxşılıq et, pislik etmə. Əgər bu prinsiplərə riayət edirəmsə, demək inamım var. Mənim kütləvilikdən xoşum gəlmir. Tanıdığım insan var, ilin 11 ayını pislik edir, bir ay oruc tutur, deməli onun pis əməlləri silinəcək?. Allahla mənim aramda vasitəçiyə ehtiyac duymuram. Molladan zəhləm gedir. Bir duanın ki, nə demək olduğunu molla başa düşmürsə, “papuqay” kimi yazılanı təkrar etməsinin nə anlamı var. Mən Allahı qəlbimdə sevirəm. Sizə isə arzum budur ki, çalışın peşəkarcasına işləyəsiniz. Hər kəs sevdiyi peşəni seçsə və ürəklə işləsə, işi də çox gözəl alınar, zəhməti də hədər olmaz.

 

                                                                       Nüşabə Sadıqova  

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!