28 Dekabr, 2010
Moskva-Bakı marşrutu ilə təyyarə reysləri bərpa olundu

Moskvanın “Domodedovo” və “Şeremetyevo” hava limanlarından bu gün Bakı istiqamətində artıq iki təyyarə havaya qalxıb. Bu barədə “APA-ECONOMICS”ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

“Saat 11:55-də “Şeremetyevo” aeroportundan “Aeroflot” şirkətinin, saat 12:55-də isə “Domodedovo” hava limanından “MOV” aviaşirkətinin təyyarələri Bakı istiqamətində havaya qalxıb. Bu gün “Domodedovo” aerovağzalından Moskva-Bakı marşrutu üzrə daha bir aviareys yerinə yetiriləcək ki, onu da Rusiyanın “SVR” şirkəti həyata keçirəcək. Sözügedən aviareysin nə vaxt yerinə yetiriləcəyi hələ müəyyənləşməyib”, - deyə hava limanından bildirilib.

Bakı aeroportundan həmçinin bildirilib ki, hazırda “Domodedovo” hava limanında “Azərbaycan Hava Yolları” QSC-nin Moskva-Bakı aviareysinə hazırlıq işləri görülür və bu reys 14:45-də uçmalıdır: “Bundan başqa, “Aeroflot” şirkəti Moskva-Bakı marşrutu üzrə aviareysə “Şeremetyevo” aeroportunda hazırlıq işləri aparır”.

Qeyd edək ki, son günlər ərzində Moskvanın “Domodedovo” və “Şeremetyevo” aeroportlarında elektrik enerjisinin verilməsi və pis hava şəraiti ilə bağlı yaranan problemlərlə əlaqədar uçuşlar qeyri-müntəzəm yerinə yetirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!