27 Dekabr, 2010
Azərbaycanda bayram günləri hava necə olacaq?

Azərbaycanın əksər ərazilərində bayram günlərində - dekabrın 31-i və yanvarın 1-də ilkin proqnoza görə, qar yağmayacaq.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib: “31 dekabrda günün ikinci yarısında respublikanın Qərb rayonlarından başlayaraq hava dəyişəcək, temperatur 5-6 dərəcəyədək düşəcək və beləliklə iqlim normasına yaxın olacaq”.

Umayra Tağıyeva deyib ki, dekabrın 31-də günün ikinci yarısından başlayaraq Bakı və Abşeron yarımadasında uzun müddətli cənub küləyi şimal küləyi ilə əvəz olunacaq. Yanvarın 1-də Bakı və Abşeron yarımadasında yağışın yağacağı istisna deyil. Dekabrın 31-i və yanvarın 1-də Bakı və Abşeron yarımadasında temperatur gündüz saatlarında 9-10 dərəcə olacaq. Yanvarın 1-də bir sıra rayonlarda yağış yağması gözlənilir, dağətəyi və dağlıq rayonlarda yağıntıların sulu qar və qara keçəcəyi istisna deyil.

Umayra Tağıyeva bildirib ki, Azərbaycanda dekabr ayına xas olmayan anomal isti hava şəraiti dekabrın 30-na kimi davam edəcək. Bakı və Abşeron yarımadasında temperatur gündüz saatlarında 15, Aran rayonlarında 15-17, dağlıq ərazilərdə isə 7-12 dərəcə olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!