27 Dekabr, 2010
NATO-Azərbaycan əlaqələri fəallaşacaqmı?

Şimali Atlantika Alyansı yeni ildə Cənubi Qafqazda hansı siyasəti yürüdəcək?

NATO ilə Azərbaycan arasındakı münasibətlərin gələn il keyfiyyətcə yeni müstəviyə keçidi gözlənilir. Milli.Az xəbər portalı bildirir ki, Milli Məclisin Azərbaycanın Şimali Atlantika Alyansındakı rəsmi nümayəndə heyəti - millət vəkilləri Ziyafət Əsgərov, Siyavuş Novruzov, Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyevdən ibarət heyət formatında təsdiqlənəndən sonra ekspertlər rəsmi Bakının da Brüssellə tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu vurğulayırlar.

Çünki Azərbaycan NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" (SNT) proqramı çərçivəsində təşkilatla əməkdaşlıq və tərəfdaşlığı intensiv şəkildə davam etdirməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsi və erməni işğalında olan torpaqlarının azad edilməsi problemlərinin dinc yolla həllinə çalışır. NATO rəhbərliyi də bunu bilir, amma Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması istiqamətində ciddi irəliləyişlər yoxdur və həmin irəliləyişlərin əldə edilməsinə Şimali Atlantika Alyansının fəallığı da qənaətbəxş sayıla bilməz.

Eyni zamanda, "The European" bildirir ki, NATO postsovet məkanı ölkələri, xüsusilə də Cənubi Qafqaz dövlətləri ilə bu il ərzində münasibətləri ilə əməkdaşlığını təhlil etməyə hazırlaşır.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində bildirdi ki, NATO ilə Azərbaycan arasındakı əməkdaşlıq indi aktiv mərhələdədir.
"Şimali Atlantika Alyansının ölkəmizlə münasibətlərinin builki məcrası pis deyil. Bu münasibətlər "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərvəsində davam edir. NATO Azərbaycanla yanaşı, Cənubi Qafqazda Gürcüstan və Ermənistanla da əməkdaşlıqdadır. Bununla yanaşı, NATO-nun yaxın vaxtlarda sözügedən ölkələrlə münasibətlərində köklü, ciddi dəyişikliklər edəcəyini gözləmirəm. Brüssel tərəfdaşlıq və əməkdaşlığı fəallaşdırmaq istəsə də, regiondakı mövcud qüvvələr nisbətini alt-üst etmək fikrində deyil", - Ərəstun Oruclu bildirdi.

Onun dediyinə görə, NATO-nun Azərbaycana yeni əməkdaşlıq paketi təklif edə biləcəyini də istisna etmir.
NATO üzvü olan ölkələr arasında ciddi fikir müxtəlifliyi olması, xüsusilə də Türkiyənin bəzi məsələlərdə Avropa Birliyi və ABŞ ilə ümumi mövqelərə malik olmamasının, digər tərəfdən də Rusiya və İranın NATO-nun Cənubi Qafqazda təsir imkanlarını artırmasına qarşı çıxmalarını nəzərə alsaq, NATO-Azərbaycan tərəfdaşlığının bundan sonra necə və hansı məcrada davam etdiriləcəyi ilə bağlı sualı cavablayarkən Ə.Oruclu söylədi:

"Əvvəla, Türkiyə ilə NATO-nun digər üzvləri arasında müəyyən məsələlərdə bəzi fikir ayrılıqları müşahidə olunsa da, bunun ciddi problemə çevriləcəyini güman etmirəm. NATO üçün Türkiyədə həddən ziyadə önəm daşıyan bir ölkədir. Bundan başqa, Türkiyənin Cənubi Qafqaz bölgəsində hadisələrə təsir imkanlarını artırmaq, geosiyasi mövqelərini gücləndirmək niyyətlərini nəzərə alsaq, rəsmi Ankara yürütdüyü siyasətdə mütləq Azərbaycanın maraqlarını nəzərə alasıdır. Eyni zamanda, Rusiya da Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır və buna görə də regional siyasətində NATO üzvü olan Türkiyə amilini ön planda tutmaq məcburiyyətindədir.

İrana gəldikdə isə, NATO-nun, daha doğrusu, ABŞ-ın "problem"i olan bu ölkənin regional geosiyasi amil olduğunu təbii ki, Şimali Atlantika Alyansı da unutmur. Bu səbəbdən Cənubi Qafqazın geosiyasi baxımdan ən önəmli ölkəsi Azərbaycanla NATO arasındakı tərəfdaşlığın daha da intensivləşməsi, bölgə dövlətlərinin NATO-ya inteqrasiyası çərçivəsində belə əməkdaşlığın güclənəcəyi məntiqi məsələdir".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!