27 Noyabr, 2012
MUSİQİ VƏ MAHNLARIMIZ NECƏ ERMƏNİLƏŞDİRİLİR? – ARAŞDIRMA

Ermənilər xalq mahnılarımıza yeni müəlliflər axtarışındadırlar

Ermənistan tərəfindən Azərbaycan mədəniyyətinin mənimsənilməsi prosesi davam edir. Onlar bu dəfə öz ölkələrində keçirilən musiqi yarışmasında xalq və müəllifli mahnılarımızı erməni mahnısı kimi təqdim edirlər. Ermənistanın ictimai kanalı vasitəsilə yayımlanan “Xalq müğənnisi” musiqi yarışmasında milli mahnılarımız erməni dilində ifa edilib. Bu yarışmada bir çox mahnımızı həyasızcasına özününküləşdirməyə cəhd edən bədniyyət qonşularımız “Süsən-sünbül” xalq mahnımıza müəllif də tapıblar: Erməni aşığı Aşıq Şeram.

Ermənilərin mədəni irsimizə əl uzatmalarının qədim tarixi var. Bu oğurluğun əsasında onların köksüz xalq olmaları və özlərini qədim xalq kimi təqdim etmələri üçün başqa xalqlardan oğurladıqlarını özününkü kimi təqdim etmələri durur. Ermənilər öz çürük iddialarını əsaslandırmaq üçün başqa bir yol da tapıblar: işğal etdikləri torpağın əsl sahibinin maddi və mənəvi irsini öz adlarına çıxmaq.

Ermənilərin əl uzatdıqları mahnılarımız

Azərbaycan qədim və zəngin folklor ənənələri olan ölkədir. Folklorumuzun mühüm hissəsini xalq mahnılarımız tutur. Bura qədim mahnı və nəğmələrimiz, lirik bayatılarımız, aşıq mahnılarımız daxildir.

Tarixi qaynaqlara müraciət edəndə görürük ki, Qarabağ bölgəsində yaşayan azərbaycanlı aşıqlar yeni-yeni mahnılar yaradır, sonralar isə bu mahnıları gürcü və erməni aşıqları da öz məclislərində oxuyurdular. Tar, kamança, saz, bəzən də zurna, qara zurna, balaban, tütək kimi müxtəlif musiqi alətlərinin müşayiəti altında oxunan elə mahnılarımız olub ki, nəinki Azərbaycan, hətta Qafqaz regionundan bütün Şərqə yayılıb. Bu mahnılar dırnaqarası qardaşlarımız olan ermənilərin də “qanına işləyib”. Əlacsız qaldıqlarından çıxış yolunu da yalnız oğurluqda görüblər.

Erməni musiqiçiləri tərəfindən ilk həmlələr Azərbaycan xalqının folkloruna və klassik bəstəkarların əsərlərinə edilib. «Vağzalı», «Yallı», «Uzundərə», «Mirzeyi», «Qazağı», «Tərəkəmə» kimi oyun havalarını, «Sarı gəlin» «Xan bacı», «Dəli Ceyran» kimi Azərbaycan xalq mahnılarını erməni musiqisi kimi öz adlarına çıxmaqdan çəkinməyiblər.

Milli musiqimiz necə erməniləşdirilir?

Özününküləşdirmək üçün ilk növbədə, yaxşıca öyrənmək, daha sonra isə öyrəndiyinə sahiblənmək lazımdır. Bu məqsədlə Azərbaycan dilini bilən istedadlı erməni ifaçıları və müğənniləri Azərbaycan əsərlərini orijinalda qavrayıb, geniş şəkildə istifadə ediblər. Ardınca geniş erməni kütləsini uydurmalara inandırmaq üçün oğurlanan Azərbaycan nümunələri erməni qrafikasında yazıya alınır. Musiqimizə erməni dilində şeirlər və ya sözlər əlavə olunaraq, təhrif edilmiş şəkildə dünyaya təqdim olunur.

Bəstəkarlarımızın mahnılarına da əl atılır

Bəstəkar Nailə Mirməmmədli isə Simsar.az-a açıqlamasında deyib: “Ermənilərin bu oğurluğunun qarşısına ala bilən, bir qurumun olması çox yaxşıdır. Lakin nə qədər də olsa, ermənilərin bu siyasətinin qarşısını tamamilə almaq mümkün deyil. Ermənilər yalnız xalq mahnılarına deyil, bəstəkar mahnılarımıza da əl uzadırlar. Mənim bir neçə mahnımı erməni dilində ifa edərək, “Youtube”-də yerləşdiriblər. Lakin son zamanlar sözləri Vüqar Əhmədə, musiqisi mənə məxsus olan “Arzu” mahnısını erməni dilində klarnetdə ifa etsələr də, videonun altında adımı göstəriblər. Xalq mahnılarımızı və bəstəkar musiqilərimizi təbliğ etməklə dünyaya tanıda bilərik”.

Bəs Müəllif Hüquqları Agentliyi nə işə baxır?

Xalq mahnılarımızın və bəstəkar musiqilərimizin oğurlanması faktı ilə bağlı nəzarətçi qurum kimi Müəllif Hüquqları Agentliyinə müraciət etdik. Agentliyin hüquqşünası Xudayət Həsənli oğurlanan mahnılarımızla bağlı bunları dedi: “Bu məsələ ilə əlaqədar Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət etmişik. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış, nüfuzlu, hökumətlərarası bir qurumudur. Bu beynəlxalq təşkilatın 190-a yaxın üzvü var. Biz etirazlarımızı rəsmi qaydada ona görə bu təşkilata çatdırırıq ki, Ermənistan da ÜƏMT-nin üzvüdür və qurumun əqli mülkiyyətin qorunması ilə bağlı prinsipinə əməl etməlidir.

Lakin ermənilərin bu istiqamətdəki işlərinin qarşını almaq mümkün deyil. Azərbaycan Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı, Mədəniyyət və İncəsənət Universiteti, Musiqi Akademiyası musiqimizi təbliğ etmək üçün mahnılarımızın tarixi barədə bir neçə dildə kitablar çap etməlidirlər. Bundan başqa xaricə gedən müğənnilərimiz də mahnılarımızın təbliği ilə məşğul olmalıdırlar. Milli musiqilərimizə klip çəkilməlidir. Müəllif Hüquqları Agentliyinin bir qurum olaraq plagiatların qarşısını almağa gücü çatmır.

Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun müəllifliyi ilə "Armyanskie inorodnıe skazki" kitabında ermənilərin Azərbaycan musiqilərini, tarixini, mədəniyyətini mənimsəmələri ilə bağlı, hətta ermənilərin özlərinin etirafı barədə məlumat verilib. Bunlardan biri Erməni ədəbiyyatının banisi və klassiki Xaçatur Abovyanın sitatıdır :“Bizim dilə Azərbaycan dili o qədər daxil olub ki, nəğmələr, şerlər, atalar sözü türk dilində səslənir”.

Turanə Zeynallı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!