22 Noyabr, 2012
ÖMÜR-GÜN YOLDAŞINA ÇEVRİLƏN ŞƏKƏR XƏSTƏLİYİ - ARAŞDIRMA

.

“Şəkərli diabet həyat tərzidir, amma müəyyən mərhələyə qədər...” - endikrinoloq Elnarə Muradova diabet xəstəliyini belə izah edir. Son illər Azərbaycanda şəkərli diabet çoxlarının yaşam tərzinə çevrilib. Səhiyyə Nazirliyinin hesabatlarında diabet xəstələrinin sayının kəskin şəkildə artdığı göstərilir. Bakı şəhər Səhiyyə İdarəsinin rəisi Elmira Əliyevanın açıqlamasına görə, 2005-ci ildə şəkərli diabet xəstələrinin sayı 56 min idisə, bu gün bu rəqəm 163280 olub.

Xəstələrin sayı niyə artır?

“Azərbaycanda şəkərli diabet xəstələrinin çoxluq təşkil etməsi nə ilə əlaqəlidir?” – sulaına endikrinoloq Elnarə Muradova belə cavab verir ki, bu xəstəlik təkcə Azərbaycanda yox, bütün dünyada ildən-ilə artmaqdadır: “Xəstəliyin dəqiq səbəbləri isə hələ də elmə məlum olmayıb. Daha çox oturaq həyat tərzi, piylənmə, ekoloji problemlərlə əlaqəlidir. Ətraf mühit, yediyimiz qidalar da burada az rol oynamır”.
Həkim, genetik amillərin şəkərli diabeti yaradan səbəblərdən biri olduğunu vurğulayır: “Şəkərli diabet qanda və sidikdə şəkərin artması, arterial təzyiqin yüksəlməsi, qandakı lipitlərin çoxalması ilə xarakterizə olunur. Xəstəlik irsən də keçə bilər. Ən böyük risk qrupu artıq çəkili adamlar, otraq həyat tərzi keçirənlərdir. Uşaqların dörd kilodan artıq çəkidə doğulması həm anada, həm də uşaqda diabet yarada bilər.
Həkimin sözlərinə görə, diabetə daha çox 30-40 yaşdan sonra rast gəlinir.

Pulsuz verilən dərmanlar

"2011-2013-cü illər üçün şəkərli diabet üzrə dövlət proqramı" hazırlanıb. Proqrama əsasən diabet xəstələrinə dərman və digər vasitələr dövlət hesabına, yəni pulsuz verilir. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Qanunda diabet xəstələrinə dövlət qayğısının təşkilatı və hüquqi əsasları müəyyən edilir. Qanunla bu cür şəxslərin məlumat blankının yaradılması məqsədilə onların qeydiyyatı və uçotu təmin olunmalıdır. Bundan başqa, onların dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin hesabına maliyyələşdirilir.

“Verdiklərinin xeyirdən çox ziyanı var”

Amma xəstələrin əksəriyyəti pulsuz verilən dərmanlardan narazılıq edir. 10 ildir şəkər xəstəliyindən müalicə alan 40 yaşlı Cəmilə Quliyeva dövlət hesabına verilən dərmanlardan istifadə etmədiyini deyir: “Onların verdiklərinin xeyirdən çox ziyanı var. Əvvəla, dərmanları almaq çox çətindir. Hər gün 1 dərman atmasam halım pisləşir. Dərmanı isə ya gecikdirilər, ya da vaxtı keçmiş olur. Həm də təsiri azdır, keyfiyyətsizdir. Ona görə, aptekdən alıram. Ağır xəstələr hər il pulsuz bir kurs müalicə də olunur. Məsələn bizim qonşumuz da hər il xəstəxanada yatır. Düzdür, tibb bacılarına pul verirlər, amma adı dövlət hesabı gedir”.
6 ildir şəkər xəstəsi olan Nərminə Paşayeva isə dərmanların keyfiyyətindən və verilmə vaxtından razıdır: “Xəstələndiyim ildən dövlət qeydiyyatına alındım. Hər ay pulsuz iki dərman verilər. Ayın 1-dən axırına kimi nə zaman getsək dərmanları götürə bilirik. Gecikmələr olmayıb, vaxtlı-vaxtında dərmanları gedib götürmüşük”.
10 ildir ağır şəkər xəstəsi olan Salyan sakini Ağa dayı isə dövlət qeydiyyatından keçsə də ona dərmanlar oğlunun səhiyyə nazirliyinə şikayətindən sonra verilməyə başlayıb: “Dəfələrlə gedirdim, gözləyirdim amma dərman vermirdilər. Şikayətdən sonra özləri qapıya gətirməyə başladılar”.

Lazım olan vəsait - 40 milyon manat

Şikayətlərə münasibət bildirən Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova bildiridi ki, bu sahədəki çatışmazlıq maliyyənin az olmasından irəli gəlir. Getdikcə artmaqda olan diabet xəstələrinin sayı, onlara ayrılan pulu üstələyir. Qurumun hesablamalarına görə, bu sahəyə ümumilikdə 40 milyon manat vəsait lazımdır: “Monitorinqlər zamanı proqramın maddələrinin yerinə yetirilmədiyini aşkarladıq. Bununla bağlı həm Maliyyə, həm də Səhiyyə Nazirliyinə məktub yazdıq. Prezidentə hesabatlar göndərdik. Bizə verilən son məlumata görə, diabet proqramına keçən illə müqayisədə 2,8 dəfə çox pul ayrılıb. Keçən il 12 milyon manat idi. Gələn il də monitorinq aparacağıq. Ümid edirik ki, bu artım diabet problemində dönüş yaradacaq”.
M.Ömərova rayonlarda vəziyyətin daha acınacaqlı olduğundan danışdı. Yerlərdə təşkilat işlərinin aparılmasının vacibliyini önə çəkdi: “Bölgə xəstəxanalarında dərmanlar 1-2 gün müddətində paylanmalıdır. Bu da xəstəxanaların qarşısında uzun növbələrin yaranmasına səbəb olur. Xəstələrin hamısını 1-2 gün müddətində yola salmaq həkimə də çətin olur. Təsəvvür edin həkim 1 gündə 600 xəstənin öhdəsindən necə gələ bilər? Uzun növbələr xəstələr arasında konfliktlərin baş verməsinə səbəb olur. İş o dərəcəyə çatır ki, həkimlər polisə zəng edirlər”.

“Özlərinə fikir vermirlər”

Şəkərli dibet xəstələrinin vəziyyətinin ağırlaşmasına gəldikdə isə endikrinoloq E.Muradova deyir ki, xəstələr özlərinə diqqət etmirlər: “Pəhriz saxlamırlar. Pəhrizə riayət etsələr, idmanla məşğul olsalar, dərmanları vaxtında içsələr özlərində heç bir problem hiss etməzlər. Bizdəsə çox az adam həkimin təlimatlarına uyğun davranır” - deyən E.Muradova bu xəstəliyin göz dibində dəyişiklik yaratdığını, böyrəkləri sıradan çıxardığını, ürək damarlarına təsir etdiyini bildirir”.
Həkim 40 yaşdan yuxarı hər kəsə ildə bir dəfə yoxlanışdan keçməyi məsləhət görür. Risk qrupunda olanlar, qohumlarında şəkər xəstəsi olanalar 6 aydan bir yoxlanmalıdırlar.

Arifə Mikayılova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!