24 Oktyabr, 2012
QƏZALI BİNA, ÜFUNƏT İYİ, QORXU İÇİNDƏ YAŞAYAN SAKİNLƏR - EKSKLÜZİV - REPORTAJ - FOTOSESSİYA

.

“Bina elə vəziyyətdədi ki, bir gün uçacaq, qalacağıq altında, heç buldozerlə də çıxara bilməyəcəklər”. Bu sözləri Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binanın sakini Gülüstan Səmədova deyir. Gülüstan xanım da, qonşuları da 20 ilə yaxındır ki, burada yaşayır.
“Qəzalı vəziyyətdə olan bina hansıdır” – deyə soruşan kimi, hər kəs ünvanı tanıdı və bizə 16 mərtəbəli binanı göstərib, onun arxa tərəfindəki tikilini işarə verdilər. Binaya yaxınlaşanda ətrafa yayılan ağır qoxunun zibilliklə bağlı olduğunu düşünürdük. Lakin sakinlərlə söhbətləşənə qədər bu düçüncədə olduq...
Binanın qarşısına keçib, həyətdə yemək bişirən xanımlara yaxınlaşıb, söhbətləşdik. Onların əksəriyyəti buradakı vəziyyətdən danışmağa razı olmasa da, içərilərindən risk edib bizə danışanları da oldu. Öyrəndik ki, bura Kondisioner Zavodunun işçiləri üçün tikilib. Tikinti zamanı binanın bir tərəfi çöküb və bina qəzalı vəziyyətə düşüb. Bundan sonra tikinti işi dayandırılıb. Qarabağ hadisələri başlayandan sonra isə qaçqın və məcburi köçkünlər burada məskunlaşıb.
Gülüstan Səmədova deyir ki, bina elə vəziyyətdədir ki, bilmirsən qəzalı vəziyyətdə olmağından qorxuya düşəsən, yoxsa zirzəmidən yayılan üfunət iyinə dözəsən: “Zirzəmiyə kanalizasiya suyu yığılıb qalıb, hər yerdən çox pis qoxu gəlir, evimiz həşəratlarla doludur. Qaçqınların burada kanalizasiya suyunun içində yaşaması kimin vecinədir?”
Həmsöhbətimiz şəhid ailəsidir və burada qızı ilə yaşayır. Yarı zarafat, yarı ciddi deyir: “Allah qoysa bina uçacaq, bişirdiyim yeməklə bir yerdə qalacağam dağıntının altında”.
Gülüstan xanım yaşadığı şəraitdən də danışır: “Mən şəhid ailəsiyəm. Mənim kimi 70-80 yaşlı qoca qəbirstanlığa gedər, özgə qapısında sürünməz”.
İnsan problemdən çıxış yolu tapa bilməyəndə onunla yaşamağa öyrəşdiyi kimi buradakı insanlar da bu şəraitə öyrəşib. Hər səhər olduğu kimi gündəlik işlərini görür, günorta yeməyi hazırlayır, həyəti süpürür, uşaqları dərsə yola salır, bir yandan da yaşadıqları şəraitdən danışırlar. Səkinə xanım deyir ki, evlər, otaqlar yaxşı şəraitdə olsa da binanın zirzəmisindəki su evlərdə rütubət yaradır: “20 ildir ki, biz burada zülm çəkirik. Tez-tez söz çıxır ki, bizi köçürəcəklər, amma ortalıqda heç nə yoxdu”.
Bir qadının həyəti süpürdüyünü görüb yanına yaxınlaşırıq. Elə işinə davam edərək, süpürə-süpürə bizə burdakı şəraitdən danışır. Öyrənirik ki, Səkinə Vəliyeva da bu binanın qocaman sakinlərindəndir. Qaçqınlıq, doğma yurd-yuvadan didərgin düşmək onları da bu qəzalı binaya gətirib çıxarıb. Söhbət zamanı Səkinə xanım deyir ki, bina kənardan pis vəziyuyətdə görünsə də evlərinin içi o qədər də bərbnad vəziyyətdə deyil: “Evin içinə girsən elə bilərsən ki, şəhər evidir. Hamımız bura gələndə 4 divardan ev qurub düzəltmişik. Amma bloklarda divarlar çatlayıb. Kanalizasiya və rütubət problemi var. Hamımız xəstəyik”.
Səkinə xanım həyəti süpürməyi dayandırıb bizi evinə dəvət edir. Onunla söhbətimizi davam etdirə-etdirə binanın bloklarından birinə daxil oluruq. Buradakı qoxu binanın ətrafındakından daha ağırdır. Səkinə xanımın evi binanın birinci mərtəbəsindədir. O, bizə birinci mərtəbədə yaşamağın çətinliyindən də danışır. Deyir ki, birinci mərtəbə olduğundan onun evində rütubət daha çox olur: “Nə qədər silirsən, təmizləyirən, təmir edirsən yenə bir xeyri olmur, rütubət, binanın qəzalı vəziyyəti hər şeyi korlayır”.
Rütubət, pis qoxu və digər çətinliklərdən əlavə bu bina real təhlükə mənbəyidir. Sürüşməyə mane olmaq üçün binanın qarşısına beton sədd çəkilsə də binanın ani təkandan uçmayacağına heç kim zəmanət vermir.
Nədənsə dövlət məmurlarının gözünə görnməyən bu bina və binadakı sakinlər öz həyatlarını da təhlükə altına qoyurlar. Sabah baş verəcək hər hansı bir hadisədən heç kəs sığortalanmayıb. Amma baş verəcək hadisə zamanı insan tələfatının olmaması üçün, səlahiyyətlilər öz işlərinə məsuliyyətlə yanaşmalıdırlar.

Fatimə Kərimli

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!