18 Oktyabr, 2012
Bakıda kitab yarmarkası keçirilir-FOTO

Şahbaz Xuduoğlu: “Oxucularımız indi də bizi tək qoymadılar”

Bu gün Flarmoniya bağında kitab yarmarkası keçirilib. Simsar.az-ın əməkdaşı yarmarkada olub.
Yarmarkada “Qanun” nəşrlər evi, NT kitab mağazası, Ali&Nino kitab evi, Azərnəşr və başqa nəşriyyatların kitabları yer alıb. “Qanun” nəşriyyatının çap etdiyi kitablar 10% endirimlə satılıb və 2 manatlıq kitab səbətləri oxuculara təqdim olunub. Bundan başqa yarmarkada “Yazar Masa”sı təşkil olunub ki, Aqil Abbas, Kamal Abdulla, Əjdər Ol və Çingiz Abdullayev masanın qonaqları olub.

Millət vəkili Aqil Abbas yarmarkanın təşkilini yüksək qiymətləndirib, bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsini məqsədəuyğun hesab etdiyini bildirib: “Oxucuları kitabla görüşdürmək lazımdır. Məsləhət görərdim ki, yarmarka üçün daha uğurlu yer seçilsin. Bura dənizin yanıdır, dənizə adətən axşam gəlirlər. Şəhərin mərkəzində, insanların daha çox olduğu yerdə keçirilsə daha məqsədəuyğun olar”.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə oxuculardan razı olduğunu deyib: “Oxucularımız həmişə olduğu kimi indi də bizi tək qoymayıblar. Bizim stendin qarşısına baxsanız kifayət qədər gəncin toplaşdığını görə bilərsiz. Çalışırıq ki, belə tədbiləri universitetlərin, müxtəlif idarələrin və insanların sıx olduğu yerlərdə təşkil edək. Qeyd edim ki, bizim bu təklifimizi bəzi universitetlər rədd ediblər”.

O, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun adını çəkərək, rektorun universitetin həyətində yarmarka təşkili ilə bağlı təklifə “burda bazar açmayın” cavabını verdiyini qeyd etdi.

Qeyd edək ki, tədbir saat 19:00-a qədər davam edəcək.

Fatimə Kərimli
Fotolar İlknur Salamovanındır

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!