17 Oktyabr, 2012
AQİL ABBAS: “MƏN BU LAYİHƏYƏ SƏS VERMƏYƏCƏM”

.

“İcazəsiz aksiyaya çıxanlara qarşı cərimələrin artırılmasını düzgün hesab etmirəm. Onsuz da, cərimələrin qaldırılması problemi aradan qaldırmayacaq”. 

Bunu Simsar.az-a açıqlamasında Milli Məclisin üzvü Aqil Abbas parlamenrin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfail Cəbrayılovun icazəsiz aksilayalarla bağlı cərimələrin artırılmasına dair layihəsinə münasibət olaraq bildirib.

İnzibati Xətalar Məcəlləsinə görə, hökumətin keçirilməsinə razılıq vermədiyi kütləvi aksiyada iştirak edən şəxslər 7 manatdan 13 manatadək cərimə olunurlar. Milli Məclis Aparatına təqdim olunan layihədə bu cərimənin 500 manatdan 1000 manatadək artırılması təklif edilib. Layihədə hökumətin razılıq vermədiyi kütləvi aksiyanın təşkilatçıları üçün 1500 manatdən 3000 manatadək cərimə nəzərdə tutulub. Təşkilatçı vəzifəli şəxsdirsə (məsələn, siyasi partiyanın rəhbəri və ya funksioneridirsə), onun 3000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi təklif olunub.
Təşkilatçı hüquqi şəxsdirsə (siyasi partiya, QHT, şirkət və s.), layihədə ona 15000 manatdan 30000 manatadək cərimə tətbiq edilməsi təklifi irəli sürülüb.

A.Abbas bildirdi ki, aksiya keçirənlərin əksəriyyəti işsizdir: “İşsiz adam bu qədər cəriməni necə verəcək? Yol hərəkət qaydalarının pozulması ilə bağlı cərimələr artırıldı, amma effekti olmadı. Bunun da effekti olmayacaq. Ümumiyyətlə, qanun layihəsinin parlamentdən keçəcəyi inandırıcı görünmür. Rəfail Cəbrayılov həmin layihəni çoxdan hazırlayıb. Görünür, problemli olduğu üçün layihə hələ parlamentə gəlməyib. Şəxsən mən bu qanun layihəsinə səs verməyəcəm”.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!