16 Oktyabr, 2012
Sabah bal yarmarkası başlayır

Bazara 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılacaq  

Sabahdan başlayaraq Bakıda ənənəvi bal yarmarkası keçiriləcək. Kənd Təsərrüfatı Naziriliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, oktyabrın 17-dən noyabrın 5-dək Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, “Gənclik” və keçmiş “Şuşa” kinoteatrının yaxınlığında, Atatürk prospekti 6a və Maqsud Əlizadə 133 küçələrinin kəsişdikləri yerdə yerləşən “Laləndə” şadlıq sarayında Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək. Sərgi-satış yarmarkasının açılışı oktyabrın 17-də saat 12-də olacaq.
Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının iştirakçılarının namizədlikləri verilən bölgülərə əsasən şəhər və rayon İcra Hakimiyyətləri tərəfindən müəyyənləşdiriləcək və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəvət olunacaqlar.
Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 49 rayondan 200 nəfər arıçı iştirak edəcək. Satışa 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılacaq.
Arıçılıq məhsullarının sərgi-satış yarmarkası başlamamışdan əvvəl oktyabrın 1-dən 17-dək satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlaılacaq. Keyfiyyətsiz məhsullar satışa buraxılmayacaq. Alimlərin, mütəxəssislərin, arıçıların və arıçılılar cəmiyyətlərinin təklifləri nəzərə alınaraq, 1 kq yüksək keyfiyyətli bal 15 manata satılacaq.
Yarmarkada gənc arıçılara minimum bilgilər veriləcək: elmi-praktiki konfrans keçiriləcək, xəstəliklərə qarşı mübarizə tədbirlərindən söhbət açılacaq, damazlıq-seleksiya işləri barədə təcrübə mübadiləsi aparılacaq.
Kənd Təsərrüfatı Nazirliyi bakılıları və sumqayıtlıları arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına dəvət edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!