11 Oktyabr, 2012
“Mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqi”

/

Qubada İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqi” mövzusunda tədbir keçirilib. Nazirlikdən Simsar.az-a daxil olan məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyəti başçılarının müavinləri, bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Qubada da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirib. İqtisadi İnkişaf Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri vəzifəsinin icraçısı Nizami Qasımov yeni Mənzil Məcəlləsində vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsinə şərait yaradılması, əlverişli və təhlükəsiz yaşamaq şəraitinin təmin edilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində köklü islahatların aparılmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda görülən və gələcəkdə görüləcək işlər, Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Elşən Əsədov Mənzil Məcəlləsində nəzərdə tutulan yeni idarəetmə formalarının tətbiqinin əhəmiyyəti və üstünlükləri, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev mənzil fondunun yeni idarəetmə formalarının yaranması və inkişafında beynəlxalq təcrübə barədə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” paylanılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!