9 Oktyabr, 2012
Üzümçülük və şərabçılığın inkişafına dair konfrans keçirilib

Gəncədə keçirilən beynəlxalq konfransda Fransanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Paskal Menuier də iştirak edib

İqtisadi İnkişaf Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə “Üzümçülük və şərabçılığın inkişafı perspektivləri: qabaqcıl təcrübə və texnologiyalardan istifadə imkanları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Nazir müavini Niyazi Səfərov bildirilib ki, 2004-2011-ci illərdə ÜDM 3 dəfə, sənaye istehsalı 2,7 dəfə, dövlət büdcəsinin gəlirləri 13 dəfə artıb, yoxsulluq səviyyəsi 5,9 dəfə azalıb. Hazırda ölkənin valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 10 dəfə üstələyir. Niyazi Səfərov ÜDM istehsalının 80%-dən çoxunun özəl sektorun payına düşdüyünü vurğulayıb.

Qeyd olunub ki, ölkəmizdə dünya standartlarına uyğun şərabçılıq məhsulları istehsal edən müəssisələr mövcuddur. Şərabçılığın inkişaf etdirilməsi, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Fransanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Paskal Menuier mövcud imkanlardan səmərəli istifadənin, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Fransa və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Federiko Kastelluci, Fransanın Konyak şəhərinin meri Mişel Gourinkas Azərbaycan-Fransa, eləcə də ölkəmizlə Fransanın ayrı-ayrı regionları arasında iqtisadi əlaqələrinin genişlənməsində özəl sektorun rolunu qeyd edib.
Konfrans çərçivəsində yerli və xarici iş adamlarının iştirakı ilə İşgüzar Görüş keçirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!