4 Oktyabr, 2012
PİANO SƏSİ, MÜXTƏLİF KURSLAR, TOZLU KİTABLAR– KİTABXANADAN REPORTAJ – FOTOSESSİYA

.

Amerikalı yazıçı Rey Bredberi düşünürdü ki, kitabları yandırmaqdan daha böyük cinayətlər var. Məsələn, onları oxumamaq. Aramızda çoxu bu prinsipdən uzaqdır. Ona görə də bəzi hallarda kütləvi kitabxanalarda kütlədən əsər-əlamət görmürük. Elə Mirzə Ələkbər Sabir adına kitabxanada da belə sakitlik hökm sürürdü.

“Kursa gedirsiz?”

Maraqlıdır ki, kitabxananın yaxınlığında yaşayan sakinlərdən onun yerini soruşsaq da demək olar ki, heç kim tanımadı. Tanıyan bir-iki nəfər isə cavab olaraq bu sualı verdi: “Kursa gedirsiz?” Bu sualın niyə verildiyini yalnız kitabxanaya daxil olanda eşitdiyimiz piano səsindən sonra başa düşdük.

Nəhayət yaşlı bir xanımın sayəsində ünvanı tapdıq. Çoxunun kitabxananı tanımadığını görəndə düşündük ki, kitabxana həcmcə kiçik və gözə dəyməyən yerdədir. Ora çatanda isə kifayət qədər nəzərə çarpan iki mərtəbəli bina gördük...

“Cek London hansı ölkənin şairidir?”

Bura daxil olanda musiqi alətlərində ifa, rəqs, ifaçılıq və digər kursların elanlarını gördüyümüzdən, piano səsindən “Kursa gedirsiz?” sualının nə üçün verildiyini anladıq.
Sənədlərimizi çıxarıb kitabxanaçıya yaxınlaşdıq ki, oxumaq istədiyimiz kitabı alaq. Cek Londonun seçilmiş əsərlərini istədik. Bu zaman kitabxanaçının sualı bizi oxucunun azlığından daha çox təəccübləndirdi: “Cek London hansı ölkənin şairidir?” Kitabların Amerika ədəbiyyatı bölməsindən Cek Londonu tapmaqda kitabxanaçıya kömək edib, onu götürdük.

Əsas məqsədimiz kitabxanaya gələnlərin sayı, kitaba marağın ümumi vəziyyəti ilə maraqlanmaq olduğundan kitabxananın oxu zalının müdiri Qızbəs Məmmədova ilə söhbətləşirik. Qızbəs xanım oxucu azlığından şiakyətlənmir, amma çoxlarının dərslik oxumaq üçün bura gəldiyini vurğulayır. Bədii ədəbiyyata maraq o qədər də çox deyil: “Deyə bilmərəm ki, kitabxanaya gələn yoxdu. Əsas oxucularımız tələbələrdi. Onlar isə daha çox dərsliklərə üstünlük verirlər. Buna baxmayaraq bədii ədəbiyyatı da oxuyanlar var”.

Yalnız dedektiv əsərlər və məhhəbət şeirləri...

Həmsöhbətimiz deyir ki, oxucular həm dünya ədəbiyyatını, həm də Azərbaycan ədəbiyyatını oxuyurlar. Onlar arasında fərq azdır. Amma ümumilikdə maraq dairəsində olan əsas kitablar məhəbbət mövzulu şeir kitabları və dedektiv janrda olan əsərlərdir. Oxucuların dedektiv janrdında yazan hansı yazıçını daha çox oxuduqları ilə maraqlanırıq: - Dedektiv janrında hansı müəllifi oxuyurlar, Aqata Kristini?
- Yox, yox. Çingiz Abdullayevi, deyə Qızbəs xanım cavab verir. Ondan öyrənirik ki, məhəbbət şairlərindən ən çox oxunan isə Nüsrət Kəsəmənlidir. Maraq göstərilən müəlliflər sırasında nə Frans Kafkanın, nə Herman Hessenin, nə Viktor Hüqonun, nə də dünya səviyyəli başqa bir yazıçının adını eşitdik.
Oxucu kitabı itirəndə kitabxana hansı tədbiri görür? - sualı kitabsevərləri həmişə düşündürən sualdır. Qızbəs xanımdan öyrənirəm ki, belə halda kitabın dəyərinin 10 qatını ödəmək tələb olunur. Oxucu itirdiyi kitabın əvəzinə yenisini alıb kitabxanaya verə də bilər. Həmsöhbətim qeyd edir ki, kitab itməsi çox nadir hallarda baş verir.

Xanasını dəyişib, həbsə gedən kitablar

Kitabxanalarda mütəmadi olaraq yeni kitablar gələndə köhnə kitablar fonddan çıxarılır. Həmin kitabların hara aparıldığı ilə maraqlanırıq. Qızbəs xanım fonddan kitabların çıxarılması prosesindən danışır: “Bu proses hər il baş vermir. Bir neçə ildən bir olur. Məsələn, yeni nəşr gələndə 50-60-ci illərə aid Leninin kitabları, erməni müəlliflərinin kitabları fonddan çıxarıldı. Sonuncu dəfə isə 70-ci illərin kitablarını çıxarmışıq ki, onların da yerinə təzə nəşrlər gəlib. Çıxarılan kitabların əksəriyyəti istifadəyə yararsız idi”.

Öyrənirik ki, Fonddan çıxarılan kitabları isə bağlamalara yığıb həbsxanalara apardılar. Onlar məhbuslar üçün dörd divar arasında tamamilə fərqli aləmin qapısına çevrilir.

Kitabxanaya gedərkən və orada olarkən bizdə belə bir fikir formalaşır. Gəncləri tənqid edən yaşlıların elə özlərinin bir qismi kitablardan xəbərsizdir. Hətta kitabxanada işləyənlər belə...

Fatimə Kərimli

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!