26 Sentyabr, 2012
“Hacı Nuranın 1000 dostu” kampaniyası baş tutdu

İki saat davam edən marafonda müalicə üçün tələb olunan vəsaitin 1/10-i toplanıb

Xeyriyyəçilik verilişlərinin tanınmış aparıcısı Hacı Nuranın xərçəng xəstəliyindən müalicəsi üçün xeyriyyə marafonu keçirib. Aktyor Bəhram Bağırzadənin təşəbbüsü ilə baş tutan aksiya “Hacı Nuranın 1000 dostu” adı altında keçirilib.
Hal-hazırda Vyanada xəstəxanada müalicə olunan, hər zaman insanlara yardım edən, indiyədək çoxlu xəstənin sağalmasına vasitəçi olan telejurnalist Nuran Hüseynovun müalicəsi üçün 100 min avro lazımdır. Bu məbləğin bir qisminin toplanması üçün “Hacı Nuranın 1000 dostu” aksiyasında millət vəkilləri, Hacı Nuranın həmkarları, telejurnalistlər, KİV nümayəndələri, tanınmış incəsənət adamları və Hacı Nuranın vasitəçiliyi ilə yanaşı yardım olunmuş insanlar, şirkətlər qrupunun əməkdaşları və yaxın dostları iştirak ediblər.
Hacı Nurana dəstək olmaq üçün təşkil olunan iki saat davam edən marafonda müalicə üçün tələb olunan vəsaitin 1/10-i toplanıb. Belə ki, aksiya çərçivəsində 8264.50 AZN və 1800 ABŞ dolları məbləğində pul yığılıb. Toplanan vəsait Hacı Nuran üçün açılan bankdakı hesaba köçürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!