21 Sentyabr, 2012
Komitə “Arzu” şadlıq evində yoxlamalar aparır

.

Şadlıq evinin anbarında məhsulların saxlanma rejiminə riayət olunmur və anbar psixrometrlə təmin olunmayıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Arzu” şadlıq evində istehlakçılara təqdim olunan məhsulların normativ sənədlərə uyğunluğunu, keyfiyyət və təhlükəsizliyini müəyyən etmək məqsədilə dövlət nəzarəti həyata keçirib. Komitədən Simsar.az-a daxil olan məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən keçirilən dövlət nəzarəti Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64/3 ünvanında fəaliyyət göstərən “Arzu-A” MMC-yə məxsus şadlıq evində baş tutub.
Adı çəkilən məkanda araşdırma zamanı müəyyən olunub ki, müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar qanunun tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Kulinar məmulatlar peşəkar olmayan aşpazlar tərəfindən resepturalar və kalkulyasiya olmadan hazırlanır. Bundan başqa şadlıq evinin anbarında məhsulların saxlanma rejiminə riayət olunmur və anbar psixrometrlə təmin olunmayıb.
“Arzu” şadlıq evindən seçilmiş məhsul nümunələrindən “mimoza” salatının Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasında keçirilən müayinəsi göstərib ki, məhsul “mezofil aerob” və “fakultativ-anaerob” mikroorqanizmlərin aşkar edilməsinə görə normativ standartının tələbinə uyğun deyil. Faktla bağlı inzibati qaydada protokol tərtib edilib. Müəssisədə araşdırma davam edir.

Fatimə Kərimli


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!