21 Sentyabr, 2012
Gənclərin Avropaya inteqrasiyası modeli təqdim olundu

Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti İnstitutlarının Bakı forumu keçirilə bilər


Bu gün Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə Modern hoteldə "Şərq Tərəfdaşlığında gənclərin iştirak modeli" adlı beynəlxalq konfrans keçirilib.

Simsar.az-ın məlumatına görə, layihənin rəhbəri, “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, layihənin əsas məqsədi ekspertlər və aktiv gənclərlə birgə gənclərin Avropaya inteqrasiyası modelinin işlənib hazırlanması və müvafiq dövlət qurumlarına təqdim etməkdir.

Avropa parlamentinin Avstriyadan olan üzvü Ulrike Lunacek mövzu ətrafında çıxış edərək qeyd edib ki, Avropaya inteqrasiya prosesinə dəstək vermək üçün bir daha Bakıya səfər edəcəklər.

Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Platformasının həmsədri, Polşanın Unia Fondunun rəhbəri Krzysztof Bobinski isə “Yol xəritəsi” və Şərq Tərəfdaşlığı, onun imkanları və prossesin inkişafı ilə bağlı maneələr barədə geniş məlumat verib.

Azərbaycan parlamentinin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, QHT-lərə Dövlət Dəsətyi Şurasının rəhbəri, millət vəkili Azay Quliyev isə Azərbaycanın qanunverici orqanının bu çərçivədə fəaliyyəti barədə məlumat verərək, qonaqlara Azərbaycanın Vətəndaş Cəmiyyətinin AB Şərq Tərəfdaşlığı Platforması istiqamətində fəaliyyətini daha da genişləndirməsinin zəruriliyini vurğulayıb. Millət vəkili çıxışı zamanı təklif irəli sürüb. A.Quliyev qeyd edib ki, Azərbaycanda Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti İnstitutlarının Bakı forumu keçirilə bilər.

Sonra tədbir panellər üzrə davam edib. Avropa Birliyinin Bakı ofisinin siyasi müşaviri Andrey Valintinov, Xarici İşlər Nazirliyinin əməkdaşları Fərəh Acalova, Həmid Nəsibov, Miqrasiya siyasəti və Şərq Programı üzrə ekspert. Polşa İctimai Əlaqələr İnstitutunun təmsilçisi Piotr Kazmierkievicz, Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri Əvəz Həsənov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov, Ukraynadan olan ekspert Vadim Georgiienko Gürcüstan Dövlət Universitetinin “Avrointeqrasiya kafedrasının rəhbəri Nino Lapiashvili və digərləri məruzə ilə çıxış ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!