31 Avqust, 2012
Elmar Hüseynov: “Futbol məsələsi”

.

Hərdən Sovetlər dövrünün arxada qalmasına sevinirəm. Hərdən də təəssüflənirəm. Bu gün o dövrün arxada qalmasına sevinməyimin və kədərlənməyimin o qədər səbəbləri var ki. Amma arxada qoyduğumuz o böyük tarix bizim uşaqlığımızı da özü ilə apardı. İçində nə qədər sevincli və kədərli xatirələrimiz olan uşaqlığımızı...
O dövrdə əyalətdə böyüyən hər bir oğlan uşağı kimi ən böyük dərdimiz futbol oynamaq idi. Ona görə yox ki, futbol oynamağı bacarmırdıq. Ona görə ki, futbol oynamağa demək olar ki, heç nəyimiz yox idi. Amma bütün bunlara baxmayaraq, futbola baxmaq, futbol oynamaq ən böyük azarımız idi.
Sovetlər dövründə sevimli bir komandamız da var idi... “Neftçi”. Bu komandanın elə bir oyunu olmazdı ki, onu qaçıraq. Radio ilə, kəndimizdəki bir neçə evdə olan ağ qara televizor ilə onun həyacanını elliklə yaşayardıq. Böyüklər də uşaq kimi qələbələrə sevinərdi. Əsas söhbətləri futbolu meydandan izləməkləri, futbolçuların göstərdiyi oyunlar olardı. “Neftçi”nin oyunçularının adlarını əzbər bilərdilər. Biz uşaqların da sevimli futbolçuları vardı. Maşallah Əhmədov, İsgəndər Cavadov, sonralar isə Samir Ələkbərov, Vəli Qasımov, Rasim Abışov, Arif Əsədov, Yunis Hüseynov...
Amma bizim ən böyük bədbəxtliyimiz də futbolla bağlı idi. Birinci ona görə ki, valideynlərimizə bu sahəyə gedəcəyimizi deyəndə gülə-gülə avara olacağımızı söyləyirdilər. Ona görə yox ki, futbol oynamaq avaraçılıq idi. Ona görə ki, bu yolu seçənlərin gələcəyi üçün heç bir işıq yolu yox idi. Bunlar bir tərəfə...
Dahası var... Uşaq olasan futbolu sevəsən, amma oynamağa top tapmayasan, meydan tapmayasan... Əsas məsələ də bu idi. Dərələrdə, təpələrdə düz yer tapan kimi daşlardan təmizləyib təcili bir meydança düzəldərdik ki, qapıları da ki, hərəsi iki böyük daşdan ibarət. O vaxt şin-kamer toplar deyirdilər. Bu topları da əldə etmək üçün abrımız gedərdi. Ya şinini tapa bilmirdik, ya da kamerini... Hələ sizə futbolçu formalarımızdan və ayaqqabılarımızdan danışmıram ki, “ə bunlar nə gündəymişlər” - deyib gülərsiz... Çünki bizdə forma anlayışı olmayıb. Kim nə tapırdı geyirdi. Üstəlik qaloş, çəkmə, potinka...nə tapdıq geyirdik ki, yaşıl örtüksüz, qumlu-çınqıllı, tikanlı, bir tərəfi dik, bir tərəfi çökək stadionumuzda ayaqlarımız əzilməsin.

Və beləcə bir gün futbolçu olmaq arzumuz, həvəsimiz də tarixə qovuşdu. Başa düşdük ki, topu, stadionu və heç nəyi olmadan futbolçu olmaq olmaz.

Bu arzu ürəyimizə gömülsə də ölmədi. Nə vaxtsa övadlarımızın futbolçu olacağına inandıq. Beləcə yaşa dolduq...

Hətta bu arzudan əl götürməyən dostum oğlu olanda – “nəhayət, Azərbaycanın Maradonası doğuldu” –
dedi. Biz də işimizi yaxşıca bildik. Həmin uşağa aldığımız hədiyyələrin hamısı futbolla bağlı oldu. Hələ bir yaşı tamam olmamış bu uşağın 22 topu, 3 keti, 5 forması var idi. 2 yaşında onu mərkəzi arenada “futbol oynamağa” apardıq. İndi topla çox gözəl davranır. Yəqin ki, gələcəkdə futbolçu olacaq...

Keçək mətləbə...

Bu günlər təbii ki, ən çox danışılan mövzu futbol olacaq. Ona görə ki, ölkənin futbol ictimaiyyəti arzusuna çatdı. “Neftçi” klubu ilk dəfə olaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. Bu yalnız futbolla maraqlananların sevinci deyil, bütün ölkənin sevincidir. Nəhayət ki, ekran qarşısında doyunca çığır-bağır sala biləcəyəm iki yaşlı oğlumla...

Bu gün uşaqlarımızın idmanla məşğul olması ilə bağlı yaradılan şəraiti görəndə deyirəm ki, nə yaxşı o dövrlər keçmişdə qaldı... İndi artıq uşaqlarımız üçün futbolçu olmaq xofunu da ortadan götürə bildik...

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!