24 Avqust, 2012
“70 İLLİK TARİXİN SIĞIŞDIRILDIĞI YER” – REPORTAJ – FOTOSESSİYA

Puşkinin heykəli, qədimi şamdan, stəkan altlıqları, döş nişanları...

Sovet dövrünü görməyənlərin düşüncələrində həmin dövrlə bağlı təzadlı təsəvvürlər, fərqli münasibət var. SSRİ-ni ya tamamilə rədd edirlər, ya da daha ədalətli quruluş hesab edib, rəğbət bəsləyirlər. Nə olursa, olsun bu, SSRİ-nin müəyyən tarixi dövr olduğu reallığını dəyişdirmir. İndi isə SSRİ adı tarix kitablarında, sənədli filmlərdə, bir də dəmir pullar, markalar, heykəlciklər toplayan kolleksiyaçıların kolleksiyalarında qalıb.
Bu dəfə reportajımızı SSRİ dövründə qalmış kolleksiyalar mağazasından hazırlamaq qərarına gəldim. Aradığım mağazanın sorağını İçərişəhərdən aldım. Elçin Orucovun Sovet dövründən qalma əşyaları ilə zəngin kolleksiya mağazası yaradıb. Mağazaya girdikdə sanki sirli aləmlə rastlaşırsan. Az qala 70 illik tarixin sığışdırılığı balaca mağazada kiçik döş nişanlarından – büstlərə qədər, qəpikdən – iri şamdanlara qədər hər şey var. Bir sözlə əsl SSRİ ab-havası...
Elçin bəy deyir ki, o, kolleksiyaçılığa 12-13 yaşlarında marka və nişanlar toplamaqla başlayıb. İlk vaxtlar bu işlə peşəkarcasına məşğul olmasa da, 31 yaşından başlayaraq peşəkar kolleksiyaçı olub: “Sovet dövründən qalan farfor əşyaları, nişanları, markaları, yığırdım. Getdikcə, təcrübəm də artırdı. Onu da deyim ki, bu işlə nə qədər çox məşğul olsan, kolleksiyana yeni əşyalar daxil etməyi bir o qədər çox istəyirsən. Dha dayana bilmirsən, marağın güc gəlir, getdikcə topladığın hər əşyanın tarixini öyrənirsən, daha sonra isə həmin əşyanın daha köhnəsini, daha maraqlısını tapmaq istəyirsən”.
Mağazada köhnə açıqcalar, hətta rəsm albomları, çay dəstləri gözümüzə sataşır. Elçin bəy bizi onlarla tanış edə-deə deyir ki, bunlar bir çox insan üçün lazımsız əşyadır. Amma kolleksiyaçılar üçün dəyəri başqadır: “Elə olur ki, kimsə evini təmir edəndə sovetdən qalmış əşyaları atır, halbuki düşünmürlər ki, həmin əşya hansısa kolleksiyaçı üçün çox dəyərli ola bilər. Belə əşya köhnə pul, sandıqça, lotoreya, sovet fiqurları, markalar və s. ola bilər. Bu əşyaları atmasınlar, kolleksiyaçıya göstərsinlər. Atdıqları əşyanı yaxşı qiymətə sata da bilərlər. Çünki elə adamlar var ki, həmin əşyanı lazımsız əşya kimi yox, tarix kimi qiymətləndirir”.
Mağazada satılan əşyalardan ən çox diqqəti cəlb edən rəsm albomları, eləcə də tək-tək satılan rəsmlərdir. Bunların içində əsgərlikdə çəkilmiş şəkil, ailə fotosu, gənc qızın tək çəkdirdiyi şəkil və s. var. Kolleksiyaçının bu şəkilləri necə əldə etdiyi ilə maraqlanırıq. “Bu rəsmlərdəki insanların kim olduğu demək olar ki, məlum deyil. Elə hallar olur ki, şəkilləri gətirib deyirlər ki, evdən tapmışam bilmirəm kimdi, amma atmaq istəmirəm. Şəkillər beləcə yığılır. Bu tip şəkillərdən adətən kafelərdə, restoranlarda dekorasiya kimi, yaxud da yenə də kolleksiyaçılar öz kolleksiyalarına qoymaq üçün istifadə edir”.
Puşkinin heykəli, qədimi şamdan, stəkan altlıqlarına baxa-baxa kolleksiyaçı həmkarlarının az olmasından şikayətlənir Elçin Orucov. Azərbaycanda tarixi əşyalar toplayan kolleksiyaçıların sayı nə qədər çox olsa, bu, Azərbaycan tarixinə böyük xidmət olar deyir: “Cavanlar xaricə gedəndə oradan telefon, paltar və bu kimi əşyalar alır, amma onlardan heç olmasa bir neçəsi getdiyi ölkədə antik əşyalar satılan mağazaya girib, orada Azərbaycan tarixinə aid bir əşya tapa bilər. Neçə dəfə olub ki, tapdığım tarixi bir əşyanı muzeyə vermişəm. Fikirləşmişəm ki, muzeydə bu, daha xeyirli olar, nəinki məndə. Bir dəfə Tağıyev adına büllur badə tapmışdım. Mən onu Tağıyevin ev muzeyinə verdim. Bilirəm ki, onu olduğundan ucuz qiymətə vermişəm, buna baxmayaraq fəxr edirəm ki, mənim muzeyə xeyrim dəyib”.
Üzərində F.M.Dostoyevskinin şəkli, yeni ilə və başqa bayramlara aid açıqcalar mağazada satılan ən ucuz əşyalardandır. Bu açıqcalar, eləcə də nişanlar 1-2 manata satılır. Kompot, yaxud da çaxır tökmək üçün qablar var ki, onların üzərindəki təsvirlər əl işidir. Belə əşyaların qiyməti 20 manat civarındadır. Kolleksiyaçı deyir ki, mağazada hər əşyaya qiymət biçib satsa da, bəzən elə tarixi əşya əlinə düşür ki, onlara heç cür qiymət qoya bilmir: “Bizə gətirilən nümunələr arasında elələri olur ki, bəzilərini seçib özümdə saxlayıram, satmıram. Köhnə Bakı açıqcalarına xüsusi marağım var. 20-ci illərin Bakısına aid fotolar marağıma səbəb olur”.
Sağollaşıb, mağazanı tərk edəndə də Elçin Orucov kolleksiyaçılığın faydasını və Bakıda bu işlə məşğul olanların sayının artacağına inandığını söyləyir: “Hansısa əşyanı toplamaq, kolleksiyaçılıq insanın intellektini artırır. Bunu unutmasınlar”.

Fatimə Kərimli

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!