17 Avqust, 2012
İŞIQLARIN SÖNMƏSİ MAĞAZA SAHİBLƏRİNİ İNFARKT HƏDDİNƏ ÇATDIRIB - ARAŞDIRMA

Hadisə Simsar.az sayıtının, eyni adlı jurnal və teatırın fəaliyyətinə ciddi maneə yaradıb

Avqustun 14-dən 15-ə keçən gecə Yasamal rayonu Abdulla Şaiq küçəsində transformatorun partlaması iki gündür yaxınlıqdakı Mustafa Sübhi, Mirzə Fətəli, Şamil Əzizbəyli küçələrini işıqsız qoyub. Sözügedən küçələrdə sıx şəkildə yaşayış evləri tikilib. Hər addımda mağazaya, iaşə obyektlərinə rast gəlinir. Bir sözlə, işıqların sönməsi qızmar havada minlərlə insanın kefinə soğan doğrayıb. Sərinlik olmadan qır evlərdə yaşamağın, soyuducu olmadan ərzağın saxlanılamasının çətinliyini izah etməyə ehtiyac yoxdur.

 

Transformatorun partlamasına hardasa normal baxmaq olar. Texnikanın hər zaman sıradan çıxmaq ehtimalı var. O başqa məsələdir ki, transformatorun texnki vəziyyəti aylarla, bəzən illərlə öyrənilmir. Elektrik paylayıcısının nasaz olduğu parlayış olanda üzə çıxır. Bu zaman yaranan fasadı aradan qaldırmaq çətin olur.

Transformatorun partlaması, deməli, işıqların sönməsi dünən Simsar.az sayıtının, eyni adlı jurnal və teatırın fəaliyyətinə ciddi maneə yaratdı. Normal halda «Azərenerji»ni məhkəməyə verib, təzminat ala bilərdik. Amma zərərçəkən tək biz olduqmu?

Şamil Əzizbəyli küçəsində yerləşən ərzaq mağazasının adının açıqlanmasını istəməyən sahibi əsəbi halda məhsullarının zay olmasından şikayətləndi. Deyir, bir soyuducu dondurması zay oldu. Yarısını zibilliyə, yarısını isə məhəllədə uşaqlara paylayıb.



«Toyuq ətlərini hamısı iylənib. Kolbasa, konservlərin heç birisi satışa yaramır. 500 manata yaxın zərərə düşmüşəm» deyə, dükan sahibi bildirir.

Olduğumuz digər mağazalarda da vəziyyət eyni idi. Qaş-qabaqları yerlə sürünən satıcılar istidən zay olan məhsulların yasını saxlayırdılar. Bildirirlər ki, işıq pulu yığılan vaxt işıq idarəsinin əməkdaşları mağazanın qabağını kəsdirirdilər. İşıqlar sönəndə heç biri ilə əlaqə saxlamaq olmur. Təxmini hesablamalara görə, üç küçədə 50-yə yaxın mağazanın işığı sönüb. Hər mağazanın orta hesabla 500 manatlıq malı xarab olsa, ümumi hesabla bu 25 min manat edir.

Təkcə mağazalarda deyil, evlərdə də soyuducuların işləməməsi qida məhsullarının xarab olmasına səbəb olub. Belə olan halda vətəndaşlar arasında zəhərlənmə riski də artır.

Ekspertlər hesab edirlər ki, bütün hallarda əsas məsuliyyət istehsalçı qurumun - «Azərenerji»nin üzərinə düşür. Birincisi, «Azərenerji» transformatorunun sazlığını əvvəlcədən yoxlamalı idi. İkincisi, qurum istehlakçılarla müqavilə bağlamalıdır. Müqavilədə vətəndaşlara dəyə biləcək zərərə görə kompensasiya nəzərdə tutulmalıdır. Yəni istehsalçı qurum istehlakçıları keyfiyyətli elektrik enerjisi ilə davamlı olaraq təmin etməyi üzərinə götürməlidir. Mağaza sahibləri isə öz bizneslərini sığortalamalıdılar. Düzdür, sığorta məsələsində biznes qurumları, vətəndaşlar tam azaddılar. Amma hər bir kommersiya qurumu ekstremal stiuasiyaları nəzərə alaraq sığortalanmalıdır.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!