6 Avqust, 2012
AZAL NAXÇIVANA UÇAN TƏYYARƏLƏRİN SAYINI ARTIRDI

İranın viza tətbiq etməsindən sonra aeroportda canlanma müşahidə olunur

Avqustun 31-dək İran ərazisindən keçərək Naxçıvana gedən Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edildiyindən, soydaşlarımız muxtar respublikaya təyyarə ilə getməyə üstünlük verirlər. Simsar.az-ın əməkdaşının verdiyi məlumata görə, gün ərzində aeroportda qələbəlik yaşanıb. “Silk Way Travel”in bromlar şöbəsi ilə əlaqə yaratmaq müşkülə çevrilib. Səbəb xətlərin məşğul olmasıdır. Beynəlxalq Aeroporta zəng edib vəziyyəti öyrənməyə çalışsaq da bizə bildirildi ki, Naxçıvana uçan reyslərlə onların heç bir əlaqəsi yoxdur. Amma aeroportda sərnişinlərin çoxaldığı da təsdiq edildi.

Bilet almağın və Naxçıvana uçuşların vəziyyətini öyrənmək üçün “Silk Way Travel”ə yollanan əməkdaşımıza bildirilib ki, bilet üçün müraciət edənlərin sayının artması beynəlxalq uçuşlara təlabatın artması ilə bağlıdır.

Eyni zamanda Naxçıvana getmək istəyənlərin də sayı çoxalıb. Bunun üçün AZAL uçuşların sayını artırıb. Qeyd edilib ki, artıq gün ərzində Naxçıvana 4 yox, 6 təyyarə uçur.

Qeyd edək ki, İran viza tətbiq edənədək təkcə gün ərzində 200 nəfər Bakıdan Naxçıvana İrandan keçməklə avtobusla gedirdi.

Simsar.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə Avqustun 31-dək İran ərazisindən keçərək Naxçıvana gedən Azərbaycan vətəndaşları viza almalı olacaqlar. Naxçıvandan Bakıya gələnlər İranın Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən konsulluqlarına, Naxçıvana gedənlər isə İranın Bakıdakı səfirliyinin konsulluq şöbəsinə müraciət etməlidir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!